“Space” TV-nin bağlanması ilə bağlı yayılan xəbərlər sosial şəbəkələrdəki müzakirələrə və işdən uzaqlaşdırılan bəzi insanlara görə oldu. Bununla bağlı rəsmi və qeyri-rəsmi heç bir qərar yoxdur. Sadəcə rəhbər dəyişikliyi məsələsi gündəmdədir”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Space” TV-nin əməkdaşı, teleaparıcı Amil Xəlil deyib.
O, telekanalın bağlanması iddialarına belə cavab verib:
“Məlumdur ki, hansısa bir şəxsi vəzifəsindən uzaqlaşdırdıqdan sonra yerinə həmin dəqiqə kimisə təyin etmirlər. Çünki məsələnin rəsmi və sənədləşdirmə hissəsi var. İnşallah, yeni rəhbər təyin olunandan sonra hər şey yaxşılığa doğru dəyişər”.
A.Xəlil xatırladıb ki, “Space” 1997-ci ildən fəaliyyət göstərir və ölkənin sevilən telekanallarından biridir:
“Bu cür yazılar bizə pis təsir edir, xüsusilə, illərdir bu kanalda fəaliyyət göstərən insanlara. Elə olur ki, gecə saat 2-yə, 3-ə qədər mənə mesajlar gəlir. İndi də telefonumda bu məsələ ilə bağlı xeyli mesajlar var. Burada 300-ə yaxın işçi əməkhaqqı alır və ailəsini dolandırır. Onların da böyük əksəriyyəti ailəli adamlardır. İnanırıq ki, bu məsələlərə aydınlıq gətiriləcək. Başqa vaxt televiziyaları reytinq üçün hər şey etməkdə günahlandırırdılar, lakin indi görürük ki, bəzi saytlar da reytinq üçün hər şey yaza bilirlər. Çünki hamımız bunun uğrunda mübarizə aparırıq. Hazırda “Space” TV-də yeni rəhbərin gəlişi gözlənilir, amma kanalın bağlanması yox”.

Aparıcı həmçinin hazırda üzləşdikləri maddi məsələlərə də aydınlıq gətirib:
“Hazırda kanalda olan maliyə məsələsi ilə bağlı problem ondan ibarətdir ki, rəhərlik təyin olunmadığı üçün maaşlar verilmir. Güman ki, bir neçə gün ərzində bu da öz yoluna düşəcək. Artıq 13 il olacaq ki, bu kanalda fəaliyyət göstərirəm. Bu cür yazılar aramıza yeni qatılanlara da çox pis təsir edir.
Kanalın bağlanma xəbərini də qəbul etmək asan deyil. Elə bilirik ki, hansısa bir yaxınımızı itirmişik. Vaxtı ilə “Lider” TV-nin bağlanması xəbəri çıxanda da çoxluq sevinirdi. Lakin sonradan gördük ki, o kanalın belə bərpasını istəyənlər çox oldu. Eyniylə “ANS” TV bağlananda da çoxluq telekanalın fəaliyyətinin bərpa olunmasını arzu edirdi. Yəni insanların bu cür fikir dəyişikliklərindən istifadə etməyək. Bağlanmaq qərarı olsa belə, bunu sevinclə qarşılamamalıyıq. Hansı kanal olur, olsun. Onun bağlanması neçə-neçə insanların çörəyindən olması deməkdir. Mən “Space” TV-yə öz balam kimi yanaşıram. Burada lazım olarsa, maaşsız işləməyə razı olacaq xeyli sayda işçi var. Təki kanalın yayımı davam etdiririlsin. Bu məsələni hər kəsə bir-bir izah etməkdən yoruldum. Yayılan xəbərlərin heç biri doğru deyil”.
Qeyd edək ki, sosial mediada “Space” TV-nin bağlanması iddiaları gündəmə gəlib.
Aydan Hacı
Telegram kanalımız