Burada hər daşın altında tarix yatır - Seymur Verdizadə Türkiyənin Güneydoğusundan yazır 

saytların hazırlanması

Evə çatdırılma

Burada hər daşın altında tarix yatır - Seymur Verdizadə Türkiyənin Güneydoğusundan yazır 

Maraqlı

19 Dekabr 2023 10:34 930


Mən Türkiyəni az-çox tanıyıram. Tələbəlik illərim qardaş diyarda keçib. Amma son 20-25 ildə Türkiyənin dəyişdiyini, inkişaf etdiyini yaxşı bilirəm. Odur ki, Türkiyə Gelişme Ajansının (TGA) Anadolu səfəriylə bağlı təklifini dərhal qəbul etdim. Yolumuz Türkiyəyə idi. İnsanları da dağları kimi vüqarlı olan Batman, Şırnak, Siirt bizi gözləyirdi… 

Həmin gün İstanbulda gözəl hava vardı. Günəş bu qədim şəhərin qonaqlarını özünün al şəfəqləri ilə salamlayırdı. Amma Fatehin şəhərində gəzmək, Ulu Tarixə şahidlik etmək üçün vaxt yox idi. Batmana uçacaq təyyarə üçün biletlərimiz çoxdan alınmışdı. 

“Bura Batmandır, amma batmadı, dirçəldi...”  Dominos pizza

Turizm sektorunda fəaliyyət göstərən bələdçimiz Sərdar bəy qısa izahat verir: “Batman vaxtilə Siirtin bir rayonu olub. 25-30 il əvvəl inkişafdan geri qalmışdı. Amma batmadı, dirçəldi, inkişaf etdi. Böyüyüb Siirti keçdiyi üçün müstəqil şəhər statusu aldı”. 

Bu inkişafın səbəbi ilə maraqlanırıq. Məlum olur ki, “qara qızıl”ın tapılması batmanlıları “ağ gün”ə çıxıraıb, üzlərini ağ edib. Cəmi 80-100 min əhalisi olan Batman 20-25 il ərzində inkişaf edərək, böyük bir şəhərə çevrilib. Neft sənayesinin inkişafı Batmanda yeni iş yerlərinin açılmasına səbəb olub. Şəhəri gəzərkən bunun əyani şahidi olurduq. Son illər Batmanda yüzlərlə yeni bina inşa edilib. Batmanlı gənclər öz arzularını gerçəkləşdirmək üçün daha İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərə üz tutmurlar. Onlar doğma yurdda ev-eşik, ailə-uşaq sahibi olur, karyera qurur, rahat həyat sürürlər. Hətta böyük şəhərlərdə yaşayan batmanlılar da geri dönür, ata yurdunun çırağını yandırırlar… 

Hasankeyf - Tarixə şahidlik edən məkan 

Hasankeyf Batmanın bir qəsəbəsidir. Mənası “qala qaya” deməkdir. Hazırda burada təxminən 3-4 min adam yaşayır. Tarixi məkandır, qədim insanların yaşadığı mağaralar Hasankeyfin önəmini birə-beş artırır. Bu mağaralarda indi də yaşayanlar var. Çobanlar yaylağa çıxanda mağaralar onları yağışdan və günəşdən qoruyur. 

İlk səfərimiz bu bölgəyə oldu. Dəclə çayında təknə gəzintisinə çıxdıq. Türkiye Turizm Tanıtım ve Geliştirme Ajansının (TGA) təmsilçisi Haluk bəy bizi yeni məlumatlarla tanış etdi. Dedi ki, tarixi Hasankeyf qəsəbəsi indi mövcud olduğu yerdən 3 kilometr uzaqda yerləşib. Türkiyənin cənub-şərq bölgəsinin inkişafına xidmət edən, Güneydoğu Anadolu Projesinin (GAP) icrasına start veriləndən sonra qəsəbədə yeni barajlar yaradılıb. Nəticədə qədim Hasankeyf su altında qalıb. Amma yerli əhali bundan maddi zərər görməyib. Dövlət hər bir ailəni 3 km irəlidə salınan qəsəbədə 140 kv.metr sahəsi olan mənzillərlə təmin edib. 

Hasankeyf kaymakamı Mehmet Ali İmrak jurnalistlərlə söhbətində dedi ki, qəsəbə yeni ünvana köçürülərkən, heç bir tarixi abidənin su altında qalmasına imkan verilməyib. Türkiyə mütəxəssisləri ilk dəfə tətbiq etdikləri texnologiya ilə qədim abidələr yeni qəsəbəyə daşınıb. 

Buna əmin olmaq üçün gəzintiyə çıxdıq. Ağqoyunlu hökmdarı Uzun Həsənin 1473-cü ildə Otluqbeli savaşında şəhid olan oğlu Zeynal bəyin xatirəsinə ucaldılan türbə əvvəlki görkəmi ilə yeni qəsəbədə göz oxşayırdı. 10 tondan artıq çəkisi olan “Zeynal bəy” türbəsi yeni ünvana köçürülərkən bir daşın belə qopmaması turistləri ən çox heyrətləndirən məqam olaraq qalır. 

Burda assuriyalıların izi qalır... 

Midyat Batmanla Mardin arasında yerləşən kiçik bir rayondur. Hər daşı, hər qarışı tarix qoxuyur. Bizim eradan öncə 9-cu əsrə aid assur daş kitabələrində adı çəkilir. “Midyat” assur sözüdür, mənası “vətənim” deməkdir. Hazırda Midyatda qədim assuriyalıların övladları ilə yanaşı, türklər, kürdlər, ərəblər, zazalar və başqa xalqların nümayəndələri yaşayır. Midyatda varlı ailələrə məxsus bir neçə malikanə var. Bunlardan ikisini ziyarət etmək imkanımız oldu. 

Tarixi “Aslanbəy” malikanəsi öz möhtəşəmliyi ilə turistləri valeh edir. Məhşur “Hercai” serialı bu malikanədə çəkilib. Səfərimizin ikinci günü “Aslanbəy” malikanəsində gecələdik. 8 otaqdan ibarət olan malikanənin ən geniş və rahat otağının bəndənizə ayrılmasını hörmət və ehtiram əlaməti olaraq qəbul etdim. İnanın, şişirtmə deyil, 100 ilin yorğunluğu bir gecədə canımdan çıxdı. Midyat çeşidli ədviyyatları, yazma, kəlağayı və çaxrı ilə məhşurdur. Hazırda dünyada nadir yetişdirilən üzüm növlərinə bu qədim şəhərdə rast gəlmək mümkündür. Assuriyalıların nəvələri babalarından öyrəndikləri texnologiya ilə bu gün də müxtəlif dad və ləzzətdə çaxır istehsal edirlər. Bəzən turistlər bir şüşə Assuriya şərabı üçün 80 avrolarından keçməli olurlar. 

Orda bir kənd var, uzaqda... 

Türkiyənin Güneydoğu bölgəsində vaxtilə yezidi kürdləri də yaşayıb. Yezidi kürdlər uzun əsrlər boyu Şırnak vilayətinin Mağara kəndində məskunlaşıblar. Sonralar doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Hazırda kənddə mövcud olan 130 evdən heç birində yaşayış yoxdur. 

Kənd sakinləri Almaniyada məskunlaşıblar. Bələdçimiz Mustafa bəyin dediyinə görə, yezidi kürdlərin vətən həsrətinə tezliklə son qoyula bilər. 30-a yaxın ailə doğma kənddə qayıtmaq üçün müraciət edib. Türkiyə dövləti onların həyatını öz kəndlərində davam etdirmək üçün heç nəyi əsirgəmir. Kənddə infranstruktur yenilənir. Köhnə və dağılmış evlər təmir olunur, su xətləri çəkilir. Hazırda xarabalıqdan fərqlənməyən bu qədim yaşayış massivində həyatın tezliklə əvvəlki axarına düşəcəyini söyləmək olar. Mağara kəndində yezidi kürdlərə məxsus “dilək ağacı” turistlərin ən çox ziyarət etdiyi məkandır. Vaxtilə kənd sakinləri və qonaqlar ürəklərində dilək tutaraq ağacın budaqlarına rəngbərəng parçalar bağlayıblar. Hazırda kənd bomboş olsa da evlər, qəbir daşları, hətta “dilək ağacı” dövlət tərəfindən qorunur. 

Osmanlıdan qalma ənənədir; bütün mədəniyyətlərə, bütün inanclara hörmətlə yanaşılır… 

900 illik camidə dua 

Qonaq olduğumuz sonuncu ünvan Siirt şəhəri idi. Biz Siirtə çatmaq üçün dolanbac yollarla 2 saatdan çox məsafə qət etdik. Siirt qədim Anadolunun ruhunu özündə yaşadan müasir bir şəhərdir. Gözəl təbiəti, dürüst və mərd insanları ilə adamı valeh edir. Siirtlilər daşdan pul çıxarmağı bacarırlar. Güneydoğu Anadoluda Siirt fıstığı ilə məşhurdur. Dadı və yağlılığı ilə Siirt fıstığı Türkiyənin digər bölgələrində yetişən fıstıqdan fərqlənir. Siirtdə kimin evinə getsən, hansı idarənin qapısını döysən, səni fıstığa qonaq edəcək. Qonaqpərvər siirtlilər heç kimi əliboş yola salmırlar. Ən kasıb adam belə qonağın cibini fıstıqla doldurmağı özünə borc bilir... 

Siirtin tarixi məkanlarından biri Ulu Camidir. Bu müqəddəs məkan 1129-cu ildə Səlcuqlu əmrlərindən olan Maguziddin Mahmud tərəfindən inşa edilib. Allahın bu qədim evində, Ulu Camidə dua etmək mənə də qismət oldu. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədim, xalqımızın rifahı, balalarımızın xoşbəxtliyi üçün dua etdim. 

Son söz əvəzi 

1992-1997-ci illərdə qardaş ölkədə ali təhsil almışam. Türkiyənin dörd bir yanından tələbə yoldaşlarım olub. Mardindən, Şırnakdan, Siirtdən, Diyarbakırdan olan tələbələrlə eyni yataqxanada qalmışam. O vaxt məni dəfələrlə öz evlərinə qonaq çağırıblar. Amma hər dəfə bir bəhanə ilə bu təklifdən boyun qaçırmışam. Bunun müxtəlif səbəbləri olub. Açığı, İstanbul, İzmir ola-ola "inkişafdan geri qalmış" bölgələrə üz tutmağa həvəs göstərməmişəm. 

Bu 3 günlük səfərdən sonra gəldiyim qənaət belə oldu: İndi Güneydoğu Anadolu Türkiyənin ən sürətlə inkişaf edən bölgəsidir. Burada isanlar qurub-yaratmaq əzmi ilə yaşayırlar. 

...Bu gün səfərimiz başa çatır. Yuxudan məktəbli uşaqların səsinə oyanıram: 

“Korkma! Sönmez bu şafaklarda yüzen al sancak, 

Sönmeden yurdumun üstünde tüten en son ocak. 

O benim milletimin yıldızıdır, parlayacak; 

O benimdir, o benim milletimindir ancak”. 

Seymur VERDİZADƏ,  

Bakı-Batman-Şırnak-Siirt-Bakı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!