Xəbər verdiyimiz kimi, PKK-nın İran qolu olan PJAK Cənubi Azərbaycanın azərbaycanlılar yaşayan kəndlərinə silahlı hücumlar təşkil etsə də, İran tərəfi bu hücumlara müdaxilə etmir.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan politoloq Elxan Şahinoğlu Tehranın məsələyə müdaxilə etmədiyi halda, azərbaycanlıların mübarizə aparmaq məcburiyyətində qalacaqlarını bildirib:
“Əslində İran hökümətinin özü də gərək, PKK ilə mübarizə aparsın. Çünki PKK İrana da böyük təhlükədir. Bir ara söyləntilər var idi ki, kürdlər azərbaycanlıların olduğu ərazidə toplanır, onlara belə imkan yaradılır. Bu bizim üçün də problemdir, çünki o yerlər Azərbaycan bölgələridir. Tehran bir tədbir görməsə, azərbaycanlılar özləri məcbur qalıb kürdlərlə mübarizəyə qalxacaqlar. Bunun özü belə, İranın zərərinədir”.
İran azərbaycanlılarına qarşı təhdidlər Türkiyə ordusunun son əməliyyatlarından sonra artıb. Ancaq ekspert deyir ki, hücumlar Türkiyə sərhədlərində olan kəndlərdə baş versə də, qardaş ölkə bu məsələyə qarışmayacaq:
“Bu hadisə İran ərazisində baş verdiyi üçün Türkiyə bu prosesə qarışa bilməz, qarışmaz. Əlbəttə, Türkiyə bundan öz narahatlığını bildirə bilər. Çünki Türkiyə höküməti İran və Rusiya ilə normal münasibətlərinin davamına çalışır”.
Naibə Məmmədova
Telegram kanalımız