Cəza niyə bəzən ağır, bəzən yüngül görünür? –   Hakimdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Cəza niyə bəzən ağır, bəzən yüngül görünür? – Hakimdən açıqlama

Hadisə

07 May 2026 10:49 125


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanova cəmiyyətin məhkəmə qərarlarına münasibəti və cəza siyasətində balans məsələləri barədə fikirlərini bölüşüb.

"Yeni Sabah"ın xəbərinə görə, o bildirib ki, bəzi hallarda cəmiyyət verilən cəzanı ya həddindən artıq yüngül, ya da çox ağır hesab edir. Bu yanaşmanın emosional reaksiyalardan qaynaqlandığını qeyd edən A. Qurbanova bildirib ki, məhkəmələr qərar qəbul edərkən hisslərə deyil, hüququn tələblərinə əsaslanır.

“Cəmiyyət hadisələrə daha çox ağrı, qəzəb, empatiya və qorxu hissləri ilə yanaşır. Məhkəmənin əsas vəzifəsi isə cəmiyyətin gözləntiləri ilə hüququn tələbləri arasında düzgün balansı qorumaqdır”, – deyə hakim vurğulayıb. Marqarita pizza

A.Qurbanovanın sözlərinə görə, bu balansın əsas dayaqlarından biri qanunilik prinsipidir. Məhkəmə istənilən cəzanı tətbiq edə bilməz və yalnız qanunvericiliyin müəyyən etdiyi çərçivədə qərar qəbul edir. Həmin çərçivə isə cəmiyyətin maraqları nəzərə alınmaqla müəyyənləşdirilir.

Hakim bildirib ki, cəza təyin edilərkən əsas prinsiplərdən biri də ədalət və mütənasiblikdir. Onun sözlərinə görə, məhkəmə yalnız nəticəyə deyil, cinayətin törədilmə şəraitinə, təqsirin formasına, şəxsin əvvəlki həyat tərzinə və hadisədən sonrakı davranışına da hüquqi qiymət verir. Məhz bu amillər cəzanın həqiqi ölçüsünü müəyyən edir. 

Hakim həmçinin vurğulayıb ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, cəza təyin edilərkən formal yanaşmaya yol verilməməli, hər bir iş fərdi qaydada araşdırılmalıdır.

A.Qurbanovanın fikrincə, bəzi hallarda məhkəmə şəxsin ilk dəfə cinayət törətməsini, peşmançılıq hissini və vurulmuş ziyanın ödənilməsini nəzərə alaraq daha yüngül cəza tətbiq edə bilər. Digər hallarda isə cinayətin planlaşdırılması, residiv halları və əməlin yüksək ictimai təhlükəliliyi daha sərt hüquqi nəticələrə səbəb olur.

Hakim qeyd edib ki, məhkəmə qərarlarının əsaslandırılması ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır: “Əgər hökm aydın, məntiqli və hüquqi baxımdan əsaslandırılmışdırsa, cəmiyyət onu daha asan qəbul edir. İnsanlar yalnız nəticəni deyil, həmin nəticənin arxasında duran hüquqi səbəbləri də görməlidir.”

Sonda A. Qurbanova bildirib ki, hüquqi dövlətdə ədalət emosiyalarla deyil, qanun və sübutlarla müəyyən olunur: “Məhkəmə cəzanı cəmiyyətin emosiyalarına görə deyil, qanunun və ədalətin tələblərinə uyğun təyin edir. Əsl balans da məhz burada qurulur.”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!