BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın böyük tədbirlərin keçirilməsində püxtələşmiş bir dövlət olduğunu göstərir.
Qeyd edək ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, həmçinin də ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük bir qlobal forum olacaq. Çünki Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var.
COP29 Azərbaycanda iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində ölkənin fəal rolunu vurğulayır. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Toyuqlu pizza
COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən bir neçə gün ərzində qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ölkənin COP29-da ətraf mühitin dayanıqlılığı üçün vacib olan müzakirələrin və tədbirlərin irəliləyişində əsas rol oynamağa sadiqliyini göstərir.
Yenisabah.az-la söhbətində siyasi şərhçi Azər Həsrət söyləyib ki, COP29-un perspektivlərini dəyərləndirməzdən əvvəl xatırlatmaq lazımdır ki, Azərbaycan son 15-20 il ərzində buna bənzər istər qlobal, istərsə də regional tədbirlər keçirib və birmənalı olaraq, həmin tədbirlərin Azərbaycanın dünyada tanınmasına töhfəsi olub.

“Biz 2015-ci ildə I Avropa Oyunlarını keçirdik, onun ardınca davamlı şəkildə “Formula 1” yarışları Azərbaycanda keçirilir. Əlavə olaraq, beynəlxalq forumlar və müxtəlif səpkili beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik edir bu sədrlik çərçivəsində bir çox tədbirlər baş tutub. Hansı ki, biz burada 120 dövlətin təmsil olunduğu bir təşkilatdan danışırıq”.
Müsahibimiz əlavə edib ki, qlobal COVID bəlasına qarşı mübarizədə Azərbaycan özünün öncəliyini göstərdi və nəticə etibarilə, BMT-nin məhz Azərbaycanın təşəbbüsü ilə hərəkətə keçməsinə nail ola bildi. Onun fikrincə, bu qəbildən olan tədbirlər ölkəmizdə bu vaxta qədər keçirilib və bundan sonra da keçiriləcək.
“COP29-a gəlincə, burada minlərlə insanın iştirakı nəzərdə tutulur. Təsəvvür edin ki, bütün dünyanın gözü bəlli bir müddət ərzində Azərbaycanda olacaq. Hətta bizi yaxşı tanımayan ölkələrdə belə Azərbaycanla bağlı məlumatlar tirajlanacaq. Bundan savayı, Azərbaycan dövlətinin qlobal və iqlim məsələlərinə aid problemlərin diqqətdə saxlanılması baxımından əhəmiyyəti xüsusi vurğulanacaq. Qısacası, Azərbaycan dünyanın taleyinin həll ediləcəyi bir məkana – nöqtəyə çevrilib”, – həmsöhbətimiz qeyd edib.
Siyasi təhlilçi əmindir ki, COP29 Azərbaycanın yeni mərhələdə dünyaya yeni bir sifətdə təqdim olunması üçün bir fürsət olacaq:
“Nəzər alsaq ki, Azərbaycan Qarabağ və ətraf əraziləri işğaldan tam azad edib, deməli, bundan sonrakı mərhələdə qlobal səviyyədə özümüzü məhz qurucu dövlət olaraq təqdim etməyimizə ehtiyac var. Bu baxımdan, COP29 Azərbaycan üçün yeni bir mərhələnin qapısı olacaq”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız