ABŞ-nin vitse-prezidenti kimi rəsmi səfərlərdə sərt siyasi bəyanatlar verən Cey Di Vensin ictimai obrazının arxasında mürəkkəb və emosional bir ailə hekayəsi dayanır. Onun bioqrafiyası Amerika siyasi elitasının klassik trayektoriyasına bənzəmir - əksinə, sosial eniş-yoxuşların içindən keçərək formalaşmış həyat yoludur.
“Yeni Sabah” dünyanın ən güclü dövlətinin ikinci şəxsi ilə bağlı maraqlı məlumatları təqdim edir.
Uşaqlıq: dağılmış ailə, nənənin himayəsi pizza mizza
C.D.Vens 1984-cü ildə Ohayo ştatının Middletovn şəhərində, Orta Qərb sənaye şəhərində dünyaya gəlib. Əvvəllər polad və maşın istehsalı ilə tanınan bu şəhərlər inkişaf etmiş, geniş orta sinif yaratmışdı. Lakin fabriklərin bağlanması və iqtisadi imkanların azalması nəticəsində işsizlik və sosial problemlər artmışdı. Vensin uşaqlığı məhz bu çətinliklər içində, sabitlikdən uzaq keçib.
Onun atası ilə anası qısa müddət çəkən evlilikdən sonra boşanıblar. Anası isə uzun illər narkotik asılılığı ilə mübarizə aparıb. O, Hillbilly Elegy adlı memuarında bu travmatik illəri açıq şəkildə təsvir edərkən onu böyüdən əsas fiqurun nənəsi olduğundan bəhs edib.
Vens nənəsinin sərt, amma prinsipial tərbiyəsi onun həyat kursunu dəyişməsini tez-tez vurğulayır.
Hərbi xidmət və dönüş nöqtəsi
Vens litseyi bitirdikdən sonra ABŞ Dəniz Piyadalarına qoşularaq İraqda xidmət edib. Bu mərhələ onun nizam-intizam, vətənpərvərlik və sərt qərar vermək bacarığının formalaşmasında həlledici faktor olub.
Hərbi xidmətdən sonra o, Ohayo Universitetində təhsil alıb, daha sonra isə nüfuzlu Yale Universitetinin Hüquq fakültəsinə qəbul edilib. Elə burada həyatının digər mühüm fiquru ilə tanış oldu.
Uşa Vens: həyat yoldaşı və siyasi dayağı
ABŞ-nin ikinci xanımı Uşa Vens hindistanlı immiqrant ailəsində böyüyüb və akademik nailiyyətləri ilə seçilib. O, Yale Universiteti hüquq fakultəsinin məzunudur.
Məzun olduqdan sonra Birləşmiş Ştatların ən yüksək məhkəmə instansiyası olan ABŞ Ali Məhkəməsində iki nüfuzlu hakim - Con Roberts və Brett Kavanaugh yanında klerk (hakimin birbaşa hüquqi müşaviri) kimi çalışıb.
Bu fakt Uşa Vensin peşəkar kariyerasının yalnız siyasi çevrəyə bağlı olmadığını, onun müstəqil və yüksək səviyyəli hüquqi karyeraya malik olduğunu göstərir.
Cey və Uşanın münasibəti sosial baxımdan fərqli iki Amerikanın - işçi sinfi Orta qərb ilə yüksək təhsilli immiqrant ailəsinin - kəsişməsini simvolizə edir.
Uşa 2024-cü ildə Respublikaçı Milli Qurultayında çıxış edərək həyat yoldaşını təqdim edərkən belə demişdi: “Fərqli dünyalardan gəlmişik, amma bu ölkə bizi bir araya gətirdi”.
Cütlüyün üç övladı var - Evan, Vivek və Mirabel. Onlar bu ilin iyul ayında dördüncü övladlarını gözlədiklərini açıqlayıblar. Ağ Ev tarixində bu, nadir hadisələrdən sayılır.
Hamiləlik prosesində Uşa Vensin səhhəti hərbi həkimlər tərəfindən izlənilir.
Ailə travması və barışma
C.D.Vensin anası Beverli Aikins ilə münasibətləri uzun illər mürəkkəb olub. O, narkotik asılılığı ilə mübarizəni açıq müzakirəyə çıxarıb. Anası isə sonradan bildirmişdi ki, oğlunun kitabı ailə daxilində “danışılmayan mövzuları danışmağa” imkan yaradıb.
Bu açıq etiraflar Vensin ictimai obrazını formalaşdıran əsas faktorlardandır: o, “şəxsi ağrılarını gizlətməyən siyasətçi” kimi təqdim olunur.
“Never Tramp”dan vitse-prezidentliyə
C.D.Vensin siyasi bioqrafiyasında ən çox müzakirə olunan mərhələ onun Donald Tramp barədə mövqeyinin dəyişməsidir.
2016-cı il prezident seçkiləri ərəfəsində Vens özünü açıq şəkildə “Never Trump” - yəni “Trumpı dəstəkləməyənlər” düşərgəsinə aid edirdi.
C.D.Vens o dövrdə verdiyi müsahibələrdə 2016-cı ildə Trampa səs vermədiyindən bəhs edərək barəsində “Amerikanın Hitleri ola bilər”, “Tramp prezident ola biləcək qabiliyyətdə deyil” ifadələrini işlətmiş, sosial şəbəkədə Trampı “Amerikanın ən çox nifrət olunan, pis niyyətli və axmaq məşhuru”, “Fırıldaqçı”, “Mədəni eroin” adlandırmışdı.
Bu fikirlər xüsusilə Hillbilly Elegy kitabının uğurundan sonra geniş rezonans doğurmuşdu.
Vens sonradan siyasi mövqeyinin dəyişdirməyi bir neçə arqumentlə əsaslandırdı.

C.D.Vensin sözlərinə görə, Trampın prezidentliyi dövründə bəzi məntiqli qərarların belə, ifrat aqressiya ilə qarşılanması, onu yenidən düşünməyə vadar edib. Bundan başqa, Vens Orta Qərb sənaye şəhərlərinin tənəzzülünü qlobal ticarət razılaşmaları ilə əlaqələndirirdi və Trampın ölkənin iqtisadiyyatını qorumağa və istehsalı geri gətirməyə yönəlmiş siyasəti bu baxışla üst-üstə düşürdü. Eyni zamanda, öz sosial köklərini nəzərə alaraq, Tramp elektoratının narazılığını daha dərindən anladığını və həmin bazanın siyasi təmsilçisinə çevrildiyini bildirib.
2022-ci ildə Ohayodan Senata namizədliyini irəli sürəndə, keçmiş açıqlamaları onun əleyhinə istifadə olundu. Vens açıq şəkildə bildirdi ki, Tramp barədə “yanıldığını” düşünür və prezidentlik dövründə onun “bir çox düzgün qərarlar verdiyini” qəbul edir. Bu mövqe dəyişimi nəticəsində Trampın rəsmi dəstəyini qazandı və Senata seçildi.
Strateji transformasiya, yoxsa ideoloji uyğunlaşma?
2025-ci ilin yanvarında o, ABŞ-nin 50-ci vitse-prezidenti kimi and içdi və bununla da bir vaxtlar kəskin tənqid etdiyi liderin ən yaxın siyasi tərəfdaşına çevrildi.
Bu transformasiya Vensin şəxsi hekayəsi ilə paralel oxunur: sosial periferiyadan mərkəzə yüksəliş, sərt özünütənqid və yeni siyasi kimliyin formalaşması. Onun karyerası göstərir ki, ABŞ siyasətində ideoloji sərhədlər bəzən şəxsi və strateji hesablamalarla yenidən cızılır.
Evdə ata, siyasətdə sərt ritorika
Senatda, oğlunun ad gününə təsadüf edən çıxışı zamanı onun Dr. Seussun rəngarəng şəkillərlə və sadə, ritmik dili ilə əyləncəli hekayələrdən ibarət kitabını tribunadan oxuması geniş rezonans doğurmuşdu. Bu jest onun həm ailəyə bağlılığını, həm də uşaqlara erkən yaşda oxu vərdişi aşılamasını göstərir və onun ailə yönümlü imicini gücləndirməsində təsirli oldu.
C.D.Vensin hekayəsi, gənc yaşlarında qarşılaşdığı çətinliklərdən başlayaraq, sosial və iqtisadi çətinlikləri aşaraq siyasi səhnədə yüksək vəzifəyə yüksəlməsini izah edən bir həyat hekayəsidir.
C.D.Vensin həyatı göstərir ki, şəxsi çətinliklər, ailə travmaları və sosial enişlər yalnız maneə deyil, həm də təkanverici və formalaşdırıcı təcrübələr ola bilər. Onun yüksəlişi, sərt siyasi mövqeyi, eyni zamanda ailə yönümlü obrazı, ABŞ siyasətində fərdi hekayələrin necə ictimai və siyasi nüfuza çevrilə biləcəyini göstərir. Vens, öz bioqrafiyası ilə “sosial periferiyadan mərkəzə” doğru yüksəlişin simvoluna çevrilib.
İlhamə Qasımlı
Telegram kanalımız