Ermənilər 1992-ci ildə Şuşanı işğal edəndə həmin əməliyyatın adını “Dağlarda toy” qoymuşdular. 28 il sonra isə “Dağlardakı toyun ikinci pərdəsi”ni Azərbaycan ermənilərə yaşatdı.
Sözsüz ki, Şuşanın azad edilməsindən sonra sadiq erməni məfkurəsinə canı-könüldən bağlı olan haylar bu gün bunun ağrı-acısını yaşayırlar. Çünki 1813 və 1828-ci ildə Osmanlıdan Qarabağa köçürülən ermənilərin ilk “pənah” gətirdikləri yer elə Hadrut olub. Şuşa isə onlar üçün dini mərkəz hesab olunur. Şuşa üçün yanıb-tökülmələrinin əsas məqsədi də məhz budur.
Söhbətə niyə bu başlıqla başladım, qeyd edim: Zəli kimi Paşinyanın boğazından yapışan “Qarabağ klanı”, eləcə də Şuşa və Hadrutdan olan bir-iki “qaçqın” qoca onu vətəni satmaqda ittiham edir, hətta “öz torpaqlarına” qayıtmaq istədiklərini bəyan edirlər. Elə dünən də İrəvanın mərkəzində qondarma “Artsax”ın əski parçasını əllərinə alaraq qışqır-bağır salıblar. Nəticə isə yenə də onlar üçün sıfırdır. Toyuqlu pizza
Paşinyanın “təmizləmə siyasəti”
Ermənistanın daxili siyasətində Rusiyayönümlü insanları bir-bir yola salan Paşinyan bundan öncə də Ermənistanın Fövqəladə Hallar naziri Andranik Piloyanı öz siyahısına əlavə etdi. Siyahi isə uzundur. Keçmiş Müdafiə naziri David Tonoyandan sonra bu estafetə Baş qərargah rəisinin eks müavini Stepan Qalstyan, ondan sonra isə FHN rəhbəri Andranik Piloyan qoşulub. Həbs olunmayan keçmiş Baş qərargah rəisi Artak Davtyan ilə sabiq Müdafiə naziri Arşak Karapetyan isə Nikolun “qara siyahısında” əsas yerlərdədir. Paşinyan bununla da yetinməyərək prezident Armen Sarkisyanı da yola salıb. Yerdə isə qalıb “Qarabağ klanı” və onun hay-həşir salan nümayəndələri. Onların da gücü demək olar ki, yoxdur.
İndi onun komandası tamamilə özünə sadiq şəxslərdən ibarətdir. Milli Məclisin sədri Alen Simonyan, onun müavini Ruben Rubinyan, Müdafiə naziri Suren Papikyan, və ölkə prezidenti Vaan Xaçatryan. Bu insanlar, deyəsən, Ermənistan siyasi səhnəsinin əsas aktorları olmaqda meyllidirlər.
“Brüssel faciəsi”
Paşinyan isə Brüsseldən çox səssiz gəlib. Ötən günkü iclasda o deyib ki, Fərrux məsələsindən orada danışmayıb və bu, bölgədə müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının səlahiyyəti daxilindədir. Yerdə qalan digər məsələlər barəsində o dinmir.
Səssizliyin altından isə nə desən, çıxa bilər. Çünki biz Nikol Paşinyanı həmdəmxəyal açıqlamaları ilə tanımışıq. Adam bu gün başqa şey deyirsə, sabah onun əksini söyləyir. Sözün düzü, onun beynindən nə keçdiyini demək də çox çətindir. Bu, bəlkə də daxili auditoriya üçün planlanmış bir oyundur. Bəlkə də o, başqa şeylər düşünür. Nə düşündüyünü addımları göstərəcək.
Rafi MÜSLÜMOV
Telegram kanalımız