Daha bir məktəbdə rüşvət qalmaqalı - Video

Daha bir məktəbdə rüşvət qalmaqalı - Video

Hadisə

21 May 2022 11:21 3740


Bakıda daha bir orta məktəbdə rüşvət qalmaqalı baş verib. Yenisabah.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə video yayılıb. 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli məktəbin şagirdi Əli Əzizlinin babası şagirdlərdən pul yığılmasına etiraz edərək sözügedən məktəbin rəhbərliyi ilə görüşmək istəsə də, buna nail ola bilməyib.

O, iddia edib ki, məktəbin direktoru nəvəsinin valideyninə bildirib ki, pul verməsə, uşağını məktəbdən çıxaracaq.

Şikayətçinin sözlərinə görə, Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəbin direktoru Fərəh Hüseynova şagirdlərdən pul yığır. Pulun miqdarı az olanda isə valideyni təhqir edib, məktəbdən qovub. Şikayətçi məktəbdə özbaşınalığın baş aldığını deyib: 

“Məktəbi sanki kolxoz bazarına çeviriblər. Məktəbdə pul yığılması tapşırıq olaraq verilib. Hər uşaq sayına görə pul yığılmalıdır. Uşaqlardan aldıqları pul hesabına ciblərini doldururlar. Əgər həmin məktəbin direktoru rüşvət aldığına görə cəzalanmasa, hesab edəcəm ki, bu, Təhsil Nazirliyinin göstərişi ilə olub. Uşağın anasına təhqiramiz sözlər deyib, itəliyib, qovublar”.

141 nömrəli məktəbin III sinif şagirdi Əli Əzizli müəllimin onu məktəbdən çıxarmaqla hədələdiyini qeyd edib:

“Anamı təhqir edib, qovdu. Bizə dedi ki, ya pulu verəcəksiz, ya da məktəbdən qovulacaqsız”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a bildirilib ki, qurum baş vermiş hadisədən və iddialardan xəbərdardır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Bildirək ki, sözügedən məktəb təhsil problemlərini hər zaman ictimailəşdirən, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkili Etibar Əliyevin deputat seçildiyi seçki dairəsinin ərazisində yerləşir.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!