Əfsanəvi Milli Qəhrəmanın 80 illik yubileyidir -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Əfsanəvi Milli Qəhrəmanın 80 illik yubileyidir - FOTOLAR

Siyasət

22 Aprel 2026 10:33 263


Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, əfsanəvi komandirin 80 illik yubileyidir.

Qeyd edək ki, A.Bağırov 1946-cı il aprelin 22-də Ağdamda doğulub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.

Ağdamda “Qarabağ” klubunun şərəfini qoruyub, 1976-cı ildə komandaya baş məşqçi təyin olunub. Müharibə başlarkən Ağdam Xalq Cəbhəsinin rəhbəri seçilib və müstəqil Azərbaycan bayrağını ilk dəfə Ağdama A.Bağırov sancıb.

1992-ci ilin yanvarında komandirlik etdiyi tabor Xocalının Naxçıvanlı (Naxçıvanik) kəndində düşmənin canlı qüvvəsini məhv edib,150 nəfərlik dəstə ilə Əsgəran qalasınadək irəliləyib. Pircamal kəndindəki bütün yüksəklikləri tutub, Kətük kəndiylə üzbəüz mövqelər qurulub. Əməliyyatlar başa çatdıqdan sonra düşmənin bayraqlarını söküb Azərbaycan bayraqlarını sancmağa onlara 2 saat bəs edib. Bu əməliyyat Allahverdi Bağırovun Əsgərandakı erməni separatçılarına qarşı təşkil etdiyi ən uğurlu əməliyyatlardan biri kimi tarixə düşüb.

O, bu əməliyyata görə general Məhəmməd Əsədov adına mükafata layiq görülüb.

Qarabağ qazisi Bakir Behbudov əfsanəvi komandirlə bağlı danışarkən deyib:

“O, yeganə komandir idi ki, qabaqda gedirdi. Çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi alanda dedi ki, birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpaq almağa gedirik”.

Onun ən böyük uğuru 1992-ci ilin iyulunda Aranzəmin döyüşündə olub. Döyüş zamanı onun dəstəsi 100 nəfər ermənini məhv etdikdən sonra 10-nu əsir götürüblər. Həmin əsirlər şəhidlərimizin cansız bədənləri ilə dəyişdirilib. Bu əməliyyatlar zamanı Ağdam şəhəri 300-ə yaxın şəhid verib.

3 gün ərzində əsirlikdə olan 1003 Xocalı sakinini düşmənin əlindən xilas edən Allahverdi Bağırov Xocalı faciəsindən çox sarsılıb. 9 yaşlı qızın ölümü onun qəlbini daha da incidib.

1992-ci il iyulun 12-də Naxçıvanlıdakı döyüş postlarından Ağdama təcili çağırılan A.Bağırov, geri qayıdarkən, Əsgəran-Ağdam yolunda avtomobildə minaya düşüb.

Ona əvvəlcədən Bakıda Şəhidlər xiyabanında yer ayrılsa da, müəyyən səbəblərdən qardaşı Eldar Bağırovun yanında - Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib. A.Bağırov üçün qazılan qəbirdə isə ondan bir gün sonra həlak olan Azərbaycanın Milli Qəhrəman Çingiz Mustafayev torpağa tapşırılıb.

Futbolçu Elşad Xudatov müsahibələrinin birində komandirin ruhunun onlar üçün ölümdən də dəyərli olduğunu göstərib:

“Allahverdi Bağırov döyüşdə həlak olanda hamımızı ağlamaq tutmuşdu. Oyunların birinin start fitindən sonra onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “qrad” atdılar. Mərmi stadiona düşdü. İnanın, futbolçulardan heç biri yerindən tərpənmədi...”

A.Bağırovun Ağdamın Quzanlı kəndində büstü qoyulub.

1993-cü il fevralın 24-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2014-cü il fevralın 25-də Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında büstü ucaldılıb.

1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də düşməndən azad edilib. Elə həmin ay Milli Qəhrəmanın övladları 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər.

 Şəhidin qızları - Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıdaraq atalarının məzarı önündə hərbi salam veriblər.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!