Aprelin 21-də “Bakı Metropoliteni”nin “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində ciddi nasazlıq yaranıb. Nəticədə bütün stansiyalara sərnişinlərin girişi bağlanıb, tunellərdə qalanlar evakuasiya olunub.
Hadisənin miqyasına baxmayaraq, qurum rəhbərliyinin əraziyə baş çəkməməsi və ictimaiyyət qarşısına çıxmaması sosial şəbəkələrdə kəskin tənqidlərə səbəb olub. Böhran vəziyyətində rəsmi şəxslərin sükutu cəmiyyətdə ciddi narazılığa yol açıb.
Qeyd edək ki, qurum rəhbərliyindən yalnız Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamalar verib.
Bəs “Bakı Metropoliteni”nin rəhbərliyi niyə hadisə günü ictimaiyyət qarşısına çıxmadı?
Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq, metropolitendən bildirilib ki, aprelin 21-də baş vermiş hadisə ilə bağlı texniki araşdırma Bakı metropoliteninin bütün rəhbər heyətinin birbaşa iştirakı ilə mühəndis-mütəxəssisləri tərəfindən aparılır.
“Əsas məsələ texniki araşdırmanın düzgün qiymətləndirilməklə obyektiv aparılmasını təmin etmək, doğru qərarların verilərək, həm bu hadisənin təkrarlanmaması, həm də hazırda icra olunan texniki işlərin dəqiqliklə başa çatdırılmasıdır”, - deyə metropolitenin açıqlamasında qeyd edilib.
Həmçinin, vurğulanıb ki, hadisədən dərhal sonra təcili tibbi yardım briqadaları sərnişinlərə operativ ilkin yardım göstəriblər:
“İki sərnişin xəstəxanaya aparılıb və müvafiq müayinədən sonra evə buraxılıb. Bakı metropoliteninin rəhbərliyi həmin sərnişinləri evlərində ziyarət edərək, onlara mənəvi dəstəyini verib. Sərnişinlərdən baş vermiş hadisə ilə əlaqədar bir daha üzr istəyir, yaranmış vəziyyətə anlayış göstərdikləri üçün təşəkkür edirik”.
Aytac Əliyeva
Telegram kanalımız