“Ermənistanda parlament seçkilərində iştirak edəcək partiyalar üçün səs həddi 4%, bloklar üçün 6% olaraq nəzərdə tuturub. Əgər seçkilərdə daha çox partiya iştirak edirsə, nəzərdə tutulan səslərin faiz hədləri mexaniki artır”.
Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistanın Seçki Məcəlləsinə görə, seçkilərdə iştirakla vəzifə tutmaq arasında fərq var:
“İkili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilər, lakin vəzifə tuta bilməz. Vəzifə tutmaq üçün 4-6 illik kriteriyalar var və bu kriteriyalara cavab vermək lazımdır”.
“Nikol Pşinyan “üçbaşlı əjdaha” deyərkən, Samvel Karapetiyanın “Güclü Ermənistan” və Robert Koçaryanın “Ermənistan” blokları, habelə Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyasını nəzərdə tutulur. Baş nazir onların hər birini rusiyapərəst olmaqda ittiham edir”, - deyə F.Məmmədov əlavə edib.
Politoloq qeyd edib ki, Paşinyanı Gümrü ssenarisi gözləyə bilər:
“Xatırlayırsınızsa, Gümrü şəhərində Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyasının nümayəndəsi səslərin çoxunu qazanmışdı, amma o, şəhərin rəhbərliyinə təkbaşına gələ bilməmişdi. Eyni ssenarini indi, parlament seçkilərində Paşinyana qarşı hazırlamaq istəyirlər. Seçkilər nəticəsində müxalifəti təmsil edən əsas 2 blok və partiya parlamentə keçsə, onlar birləşib daha çox yer tuta və hökuməti formalaşdıra bilərlər”.
F.Məmmədov vurğulayıb ki, Ermənistan müxalifəti ortaq namizəd kimi Robert Koçaryanın irəliyə çəkməyi proqnozlaşdırır:
“Belə olan halda, hazırki sorğulara əsasən, Samvel Karapetiyanın bloku 2-ci, Robert Koçaryanın bloku 3-cü, Qaqik Sarukyanın partiyası isə 4-cü yerdə qərarlaşacaq. Amma Samvel Karapetiyan, qanunvericiliyə görə, vəzifə tuta bilmədiyi üçün ortaq namizəd kimi Robert Koçaryanın irəliyə çəkilməsi proqnozlaşdırılır. Ona görə də, Paşinyanın təbliğatında əsas kontekstlərdən biri budur ki, Koçaryan yenidən hakimiyyətə gələcək. O, təbliğat məhz bu istiqamətdə qurub. Çünki hazırda Ermənistanda ən böyük antireytinqə malik siyasi fiqur Robert Koçaryandır”.
Qeyd edək ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyalar aprelin 23-ü saat 18:00-dək proporsional namizəd siyahıları da daxil olmaqla, bütün tələb olunan sənədləri MSK-ya təqdim etməlidir. Bu müddətdən sonra seçki rəqibləri – partiyalar və bloklar, eləcə də siyahılara daxil olan fərdi namizədlər – yalnız geri çəkilməklə yarışdan çıxa bilərlər.
Nazim Hacıyev
Telegram kanalımız