“Əlillik dərəcəsi olanlar imtahanları başqa formatda verməlidir“-Təklif

saytların hazırlanması

Evə çatdırılma

“Əlillik dərəcəsi olanlar imtahanları başqa formatda verməlidir“-Təklif

Sosial

25 Fevral 2019 18:55 1514


“İlk növbədə qeyd edim ki, fiziki qüsurlu, əlil gənclər normal insanlarla bərabər hüquqlu imkanları olmadığı üçün onlar çox çətinliklə təhsil alır və yaxud da bu arzudan vaz keçirlər”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, son illərdə ölkə rəhbərliyinin təhsil sistemində apardığı islahatlar gənclərə qayğı, dövlət siyasətinin mühüm tərkib hissəsidir:

“Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik böyük işlər görülür. Qəbul edilmiş qanunvericilik aktlarına görə, əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb, Fiziki çatışmazlığı olan şəxslərin cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün bütün başqa vətəndaşlarla bərabər imkanlara malik olması, onların ali təhsil alması çox vacibdir. Apardığım araşdırmalardan sonra məlum oldu ki, ölkə üzrə bu kateqoriyadan olan tələbələrin sayı heç yüz əlli nəfər də deyil. Amma əlilliyi olub maddi imkanı olmadığına görə ali təhsil almayan minlərlə tələbə adına namizəd şəxslər var. Bundan başqa, hazırda bütün ölkə üzrə fiziki məhdudiyyəti olan və ya olmayan şəxslərin hamısı ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə bərabər hüquqlu imtahan verirlər”.  Sezar pizza

Ekspert vurğulayıb ki, əlillik dərəcəsi olanlar qəbul imtahanlarını başqa formatda verməlidirlər:

“Onlar üçün qəbul imtahanları daha asan, sadə olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, onlar üçün təhsilin əlçatanlığı təmin olunacaq. Düşünürəm ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil alma imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompüter və ya elektron resurslardan istifadə bacarıqlarının artırılması, internetə çıxış imkanlarının yaradılması da vacibdir. Bu zaman onlar lazımi informasiyanı özləri rahatlıqla əldə edə bilərlər. Statistik məlumatlara görə, 2018-ci tədris illərində 10010 sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunub. Bunlardan 6401-evdə təhsilə, 3609 xüsusi təhsilə cəlb edilib. Qeyd edim ki, hazırda respublika üzrə inklüziv təhsilin təşkil edildiyi 16 ümumtəhsil məktəbi fəaliyyət göstərir. İnklüziv təhsilin təşkil edildiyi məktəbəqədər müəssisələrinin ümumi sayı 13-dür. Respublika üzrə 7 xüsusi məktəb fəaliyyət göstərir”.

K.Əsədov bildirib ki,  hazırda ölkə üzrə evdə təhsilə cəlb edilmiş uşaqların sayı 7750 nəfərdir:

"Respublika ərazisindəki 13 məktəbəqədər müəssisədə inklüziv təhsilə cəlb edilmiş, eləcə də inteqrasiyalı təhsilə cəlb olunmuş uşaqların sayı isə 78 nəfərdir. Loqopedik xidmətə məktəbəqədər yaşlı 609 uşaq cəlb edilib. Həmçinin nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərən 2 internat məktəbində 555 nəfər uşaq təhsil alır. Gözdən əlil uşaqlar üçün orta ümumtəhsil internat məktəbində 281 nəfər şagird təhsil alır. Loqopedik xidmətin təşkil olunduğu məktəbəqədər müəssisələrin sayı 3, ümumi təyinatlı uşaq bağçalarında loqopedik xidmətin təşkil olunduğu qrupların sayı 16, loqopedik xidmətin təşkil olunduğu ümumtəhsil müəssisələrinin sayı 4 və loqopedik xidmətin təşkil olunduğu internat məktəblərinin sayı 8-dir. Respublikada müxtəlif dərəcədə eşitmə qüsuru olan uşaqlar üçün fəaliyyət göstərən 3 internat məktəbində ümumilikdə 847 nəfər təhsil alır. Vacib bir məqamı qeyd edim ki, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” prezidentin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunub. Hesab edirəm ki, bu proqram həyata keçirilsə, ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxacaq”. 

Ekspertin sözlərinə görə, adi uşaqlardan fərqli olaraq, intellektində geriliyi olan uşaqlara xüsusi yanaşma lazımdır.:

““Təhsil haqqında” qanunda da qeyd olunub ki, cəmiyyətin bütün üzvlərinin - istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud insanların bərabər təhsil hüquqları var. Ümumilikdə sağlamlıq imkanları məhdud uşaqların təhsil məsələsi problem olaraq qalmaqdadır. Avropada uşaq anadan əlil doğulubsa, artıq doğum evindən müvafiq qurumlara məlumat verilir. Orada 0-dan 3 yaşına qədər ailələrə sosial işçilər cəlb olunur. Onlar uşağın valideynləri ilə söhbət aparır, onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verir. Üç yaşına qədər uşağın tədrisi ev şəraitində aparılır. 3 yaşından 6 yaşına qədər olanlar uşaq bağçalarına, 6 yaşından 18 yaşına qədər olanlar isə məktəblərə göndərilirlər.  Sonra ali təhsil, daha sonra iş yerlərinə ezam edilir. Əgər uşağın təhsili qavrama səviyyəsi aşağıdırsa, bu zaman o, hansısa texniki peşəyə yiyələnir. Düşünürəm ki, fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da tətbiq etmək mümkündür və lazımdır”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!