“Düşünmürəm ki, yaxın zamanda dövlət başçıları səviyyəsində təkbətək görüş baş tutsun”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin telefon danışığından sonra yaxın perspektivdə vasitəçisiz Əliyev-Paşinyan görüşünün keçirilməsi ehtimalına dair fikirlərini bölüşüb: Dördpendirli pizza
“Azərbaycanın 5 əsas şərtinə Ermənistan sözdə razılıq versə də, təxribatların sayı artıb, eləcə də İrəvanın ziddiyyətli bəyanatları. Həm də bu, Nikol Paşinyanın Moskva səfərindən sonra baş verib.
Bu gün Qarabağa yalnız Ermənistan və Azərbaycan arasında olan mübahisə kimi baxılmır. Fransa irəli atılıb, ABŞ da kifayət qədər fəallaşıb, Rusiya isə hələ də keçmiş SSRİ ərazisini arxa baxçasıtək görür. O, heç bir Qərb dövlətinə və ya xarici gücə Qafqaza müdaxilə etmə imkanı vermir”.
N. Şəfiyev əlavə edib:
“Sözün düzü, Prezident Əliyevlə Vladimir Putin arasında hələ 2020-ci ildən əvvəlki danışıqlar, ondan sonra imzalanan bəyanatlar göstərir ki, problem dövlətlərin ərazi bütövlüyü prinsipi ilə həll olunmalıdır. Amma istisna etmirəm ki, içi Moskva qarışıq Qərb dövlətləri də müəyyən “əl yeri” qoymaq istəyirlər ki, Azərbaycana təzyiq göstərə bilsinlər. Buna görə də, Azərbaycanın hazırkı mövqeyi çox dəqiq və düzgündür. Azərbaycan Prezidentinin xarici siyasətinə isə söz ola bilməz, çünki o, bunu zərgər dəqiqliyi ilə həyata keçirir”.
“Əgər Ermənistanda doğrudan da istək varsa, XİN rəhbərləri yox, işçi qruplar çərçivəsində daha intensiv görüşlər keçirilməli, lazımi nəticə əldə olunmalı, 5 şərtlə bağlı nüanslar işlənməlidir ki, artıq Azərbaycan və Ermənistan rəhbərləri görüşəndə onlar heç olmasa, hansısa bir maddə üzrə son nəticəyə gələ bilsinlər. Bu baş vermədən danışmağın mənası yoxdur. Bəlkə də bunu Nikol Paşinyan istəyir, amma Prezident Əliyev buna heç getməyəcək də”, - deyə mütəxəssis fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız