Əməkdar artistdən şəhid ailələrinə: “Bir az səbrli olmalıdırlar”

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artistdən şəhid ailələrinə: “Bir az səbrli olmalıdırlar”

Mədəniyyət

11 Noyabr 2022 16:30 2255


“Dövlət şəhid və qazi ailələri üçün qanunvericilikdə hansı güzəşətlər nəzərdə tutulubsa, hamısını edir. Amma təbii ki, yerlərdə insanların, yəni bizlərin, iş adamlarının, sahibkarların bu işə yaxından dəstək olmaları vacibdir...”

Bu sözləri layihəmizin işçi qrupu ilə söhbət zamanı Əməkdar artist Gülüstan Əliyeva deyib. Özü də şəhid ailəsinin üzvü olan xanım sənətçi həmin ailələrin sosial problemləri ilə bağlı danışıb. 

O, şəhid və qazi ailələrinə hər kəsin bir nəfər kimi dəstəyinin vacib olduğunu vurğulayıb: pizza

“Bilirsiniz, maddi dəstəkdən daha çox bizim gedib onlara baş çəkməyimiz, dərdlərinə şərik olmağımız daha vacibdir. Mən demək olar ki, hər həftənin 2-3 günü həmin ailələrdə oluram, toylarında iştirak edirəm. Şəmkirdən tutmuş, Tərtər, cənub, şimal bölgəsində, bir sözlə, hər yerdə oluram. Onların hər biri bizim övladlarımızdır, aralarında ayrı-seçkilik etmək olmaz. 

Elə dünən hörmətli Qənirə Paşayevanın çıxışını oxudum. Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirildi, orada Qənirə xanım çox maraqlı məqamlara toxundu, mən hamısını başdan-sona oxudum. Maraqlı fikirlərdən biri o idi ki, dövlətlə yanaşı, sahibkarlarımız da şəhid və qazi ailələrinə yardımlar etsinlər. Düzdür, çoxu onsuz da bu yardımları edir, amma bu bir qayda halını almalıdır. Əlbəttə ki, bu, vicdan məsələsidir. Həmin sahibkarları, iş adamlarını bu məsələyə daha yaxından cəlb etməliyik, çünki dövlətin büdcəsi də bir yerə qədərdir. Bu gün bizim Qarabağla bağlı görüləcək o qədər işlərimiz var ki... “YAŞAT” Fondu da, ayrı-ayrı şəxlər də yardımlar edirlər, hətta müəllimlər belə öz büdcəsinə uyğun yardımlar edirlər, hər kəs nəyi bacarırsa, etməyə çalışır”. 

Sənətçi sahibkarların, iş adamlarının da yardım işinə yaxından cəlb edilməli olduğunu bildirib:

“Bizim öz ailəmizdə, qohumlarımız arasında elə bir neçə nəfər var ki, onlara özümüz yardım edirik, bu qohum kimi bizim borcumuzdur, bunu heç deyib ağartmırıq da. Lakin iş adamlarını bu məsələyə daha dərindən cəlb etmək lazımdır ki, onlar hər zaman bu ailələrin yanında olsunlar. 

Bərdə şəhərində bir qazimiz var, ayağını itirib, daim onunla əlaqədəyəm, nəyə gücüm çatırsa, kömək edirəm. Sağ olsunlar, market şəbəkələri, mebel şirkətləri də nə xahiş etmişiksə, həmin qazimizə dəstək olublar. 

Bərdədə Yusif adlı şəhidimiz var idi, onun ailəsinin yanında oluruq. Şəmkirdə Elsevər adlı şəhidimiz var, onun ailəsi ilə də gediş-gəlişimiz var. Noyabrın 18-i onun anım günüdür və həmin gün də evlərinə gedəcəyik. Yəni bu ailələrin bizim mənəvi dəstəyimizə ehtiyacları var. 

Bu gün kim acından ölür ki? Hamı bir tikə çörəyini tapır, yeyir. Mənəvi dəstək daha mühümdür”. 

G.Əliyeva hər bir şəhid ailəsinə zamanla yardımların, dövlət dəstəyinin olunacağını qeyd edib və onlardan səbrli olmalarını istəyib:

“Mən özüm də şəhid ailəsiyəm, ailəmdən iki şəhid var. Amma hər zaman deyirəm ki, İkinci Qarabağ Müharibəsində şəhid olanların ailələri daha şanslıdırlar. Bugünkü günümüzə şükür olsun, Prezidentimiz, şəxsən Mehriban xanım, “YAŞAT” fondu hər zaman onları diqqətdə saxlayır. 

Mən Qənirə Paşayeva ilə birgə yüzlərlə tədbirlərdə oluram. Hələ mən o getdiyi tədbirlərin üçdə birində iştirak edə bilirəm. Amma o xanım yaşlısından tutmuş, uşağına qədər hər gün o ailələrin içində olur. Hara gedirəmsə, Qənirə xanımı o ailələrin yanında görürəm. Əlbəttə ki, bu bütün millət vəkillərimizə şamil olunmalıdır. Düzdür, edənlər var, çox sağ olsunlar, amma hamıya aid olmalıdır. 

Şəhid ailələri isə bütün bu imtiyazları, imkanları, dəstəkləri nəzərə alaraq, bir az səbrli olmalıdırlar. Bilirsiniz, bəzən 3 gün tez, 3 ay gec olur, amma sonda olur. Dünya xəritəsinə baxanda Azərbaycan çox kiçik bir ölkədir. Bu kiçik ölkənin görün nə qədər qlobal problemləri var. Hələ həll olunmalı nə qədər işimiz var. Şəhid və qazi ailələri bunu da nəzərə almalıdırlar. Onlar üçün mənzillər tikilib verilir, ailələri, uşaqları var. Hər ailədən orta hesabla 3 adam götürəndə bu bir insan ordusu edir. Prezidentimiz sağ olsun, onların hamısını qarşılayır, dəstəkləyir. O, hər zaman öz vətəndaşının yanındadır, onların qayğısına qalır. Amma yenə deyirəm, bütün bu işlərə bizlər də qoşulmalıyıq. Çox hörmətli sahibkarlarımız dövlətlə yanaşı o ailələrdən öz dəstəklərini əksik etməməlidirlər. Bu şəhid ailələri ilə bərabər, həm də bizim dövlətimizə dəstək deməkdir. İnanın ki, hər kəs hər şeyi görür və bilir. Ən önəmlisi isə biz Allah qarşısında bu yardımları etməliyik”. 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!