Yaxın gələcəkdə işğaldan azad edilən Qarabağda “Ağıllı şəhər” və “Ağıllı kənd”lər salınacaq. Bu isə o deməkdir ki, erməniləri vandalizminin izləri Azərbaycan torpaqlarından tamamilə silincək. Lakin hazırda ərazilər minalandığı və infrastruktur tam bərpa edilmədiyi üçün doğma evlərinə qayıda bilməyən Qarabağ sakinlərinin bir narahatlığı var. Onlar yeni konsepsiyanın tətbiqindən əvvəl ata yurdlarının xarabalıqlarını görməyi arzulayırlar.
Maraqlıdır, məcburi köçkünlər üçün belə bir şərait yaradıla bilər?
Mövzu barədə Yenisabah.az-a danışan Milli Məclis deputatı Tahir Kərimli ilk əvvəl Prezidentin bu gün imzaladğı sərəncamdan söhbət açıb: pizza
“Cənab Prezident bu gün “Smart City” və “Smart Village” konsepsiyalarının hazırlanması haqqında Sərəncam imzalayıb. Bununla əlaqədar İşçi qrupu da yaradılıb. Rabitə və Yüksək Terxnologiyalar Nazirliyi başda olmaqla Azərbaycan tərəfi məsələyə ciddi yanaşır, 6 ay müddətinə bu konsepsiyalar işlənib prezidentə təqdim olunmalıdır”.
Millət vəkili hesab edir ki, əgər vəziyyət konkret olaraq hansısa şəhər və ya kəndlə bağlı olsaydı, sakinlərin ərazilərə aparılması daha asan olardı:
“Lakin bildiyiniz kimi, 300-dən yuxarı məntəqə var. Şəxsən mən Ağdam şəhərinin xarabalıqlarını ziyarət etmişəm, yolboyu kəndləri görmüşəm və təcrübəmə əsasən, onu deyim ki, hər tərəf minalanıb, hətta yoldan bir addım kənara tərpənmək olmur. Minalarla bağlı dəfələrlə xəbərdarlıq olunub. Kiçik bir ehtiyatsızlıq olarsa, mülki əhali arasında çoxlu itkilər baş verə bilər. Ona görə də düşünürəm ki, problemin həll yolu olaraq hökumətlə müəyyən razılıq əldə edilə bilər. Məsələn, yaşlı əhalimiz var ki, onlar ata yurdlarını görmək, öldükdən sonra Qarabağda dəfn edilmək istəyir. Heç olmasa hazırda onlara şərait yaratmaq mümkündür. Digərləri hələlik videogörüntü hesabına torpaqlarını görə bilər. Bu yaxınlarda bir ziyalı ilə söhbət elədim. Həmin şəxsin ən böyük arzusu odur ki, öləndə Şuşada dəfn edilsin. Belə bir mərasimi orada təşkil etmək, məncə, mümkündür, lazımdır”.
Həmsöhbətimiz qeyd edib ki, xüsusi nümayəndə heyəti təşkil etməklə və çox ciddi nəzarətlə sadəcə yaşlılar üçün müəyyən səfərlər həyata keçirilə bilər:
“Amma bütövlükdə Qarabağ sakinlərinin səfərini həyata keçirmək çox çətindir. Dünən gördüm ki, Kəlbəcərə səfər təşkil olunub. İnsanlar vaxtilə qırğın zamanı gizləndikləri mağaranı ziyarət ediblər. Orada 12 nəfər birdən ölüb. Kəndin 67 nəfəri orada sığınacaq tapıb. Həmin kadrları gördükdə mən hədsiz duyğulandım. Hətta orada din xadimi də vardı, ölənlərin ruhuna Qurani-Kərim oxudu. Hesab edirəm ki, çox arzu edənlərin seçim yolu ilə səfərini təşkil etmək mümkündür”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız