Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümü ilə nəticələnən terror hadisəsilə bağlı müzakirələr davam edir. Faciə bağlı irəli sürülən çoxsaylı iddialardan biri də düşmənin uzaqdan idarə olunan minalardan istifadə etməsidir.
Mövzu barədə Yenisabah.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov Kəlbəcərdə partlayan minanın uzaqdan idarə olunmadığını düşündüyünü deyib:
“Orada müvafiq güc strukturlarının köməyi ilə dəfələrlə terror aktına cəhdin qarşısı alınıb. Demək olar ki, həm sülhməramlılar tərəfindən nəzarətdə saxlanan, həm də dövlət sərhəddində olan ərazilər çox ciddi şəkildə qorunur. Bu səbəblə inanmıram ki, orada hansısa diversiya fəaliyyəti mümkün olsun. Müharibə bitdikdən sonra ermənilərin Kəlbəcərdən çıxarılması üçün bir az vaxt istənildi və nəticədə müddət uzadıldı. Həmin vaxt ermənilərin bəziləri evləri yandırdı, kimi ağacları kəsdi, kimi də əraziləri minaladı. Düşünürəm ki, həmin yolun minalanmasının onlar çıxan vaxt baş verdiyi istisna deyil. Həmçinin bildirim ki, o yer sərhəddən 16 kilometr uzaqdadır və ermənilər yaşayan yerdən də xeyli aralıda yerləşir”. Marqarita pizza
Həmsöhbətimiz hesab edir ki, hansısa diversiya aktının olması sonuncu ehtimaldır:
“Minanın uzaqdan idarə olunması üçün ermənilərin məlumatları olmalıydı, yəni jurnalistlərin hansı yoldan, saat neçədə gedəcəyini bilməliydilər. Lakin onlar hərbi kalon, siyasi xadimlər deyildi ki, onlara qarşı belə bir tədbir görülsün. Uzaqdan idarə edilən mina hansısa xüsusi məqsəd daşıyır və konkret obyektə yönəlir. Vətəndaşlarımız isə sadəcə jurnalist olub və adi avtobusda gediblər. Ona görə də düşünürəm ki, mina əvvəldən oraya yerləşdirilib və avtomobil üzərindən keçəndə partlayıb”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız