Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan dövlətinin beynəlxalq məsuliyyəti

Maraqlı

01 Oktyabr 2023 19:39 846


Antiterror əməliyyatı ilə Azərbaycan suverenliyini təmin edərək, ərazisində olan separatizmi məhv edə bildi. Əməliyyat bir gün davam etsə də bunun arxasında zülm, işgəncə, işğal, soyqırım, yüz minlərlə insanların öz yerlərindən məcburi köçürülməsi və minlərlə insanın qətl edilməsi kimi ağır cinayətləri əhatə edən 35 illik bir tarix dayanır. Həmin cinayət əməllərini təşkil etmiş və törətmiş şəxslərin bir çoxu haqqında hüquq mühafizə orqanlarımızda məlumat var və onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülür. Bu kateqoriya əməllərə görə cinayət məsuliyyətinə cəlb etməyə müddət şamil edilmir. Yəni cinayət hadisəsinin baş verməsindən uzun müddət keçsə də, cinayət məsuliyyətinə cəlb edilmə üçün müddətinin keçməsi nəzərə alınmır. 

Beynəlxalq hüquq pozuntuları nədən ibarətdir?

Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə beynəlxalq hüququn; - güc tətbiq edilməsi və güc təhdidi qadağandı; beynəlxalq mübahisələr sülh yolu ilə həll edilməlidir; dövlətlərin bərabər suverenliyi vardı; dövlətlərin sərhədləri toxunulmazdı; dövlətlərin ərazi bütövlüyü qorunmalıdır; insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməlidir; dövlətlər beynəlxalq hüquq çərçivəsində öhdəliklərini vicdanla yerinə yetirməlidirlər prinsiplərini pozub. Yəni Ermənistan tərəfindən silahlı münaqişənin başlanılması və aparılması ilə beynəlxalq hüququn nəzərdə tutulan 10 prinsipin böyük hissəsi, eyni zamanda, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında və bir çox Konvensiyaların və Beynəlxalq Humanitar hüququn da normalarını kobud şəkildə və böyük həcmdə pozub.    pizza

Beynəlxalq humanitar hüququn normaları müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevre Konvensiyasında öz əksini tapıb. Bu normalar mülki şəxslərin, habelə hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslərin həyatına və fiziki toxunulmazlığına hörmət edilməsini, zorakılığın və artıq əzab-əziyyətin qarşısını almağı, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmağı tələb edir. Həmçinin, təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən şəxsləri öldürməyi, ona xəsarət yetirməyi qadağan edir, yaralılar və xəstələrə yardım edilməsini, tibbi heyəti, tibbi müəssisələri və nəqliyyat vasitələrinin qorunmasını, düşmən tərəfə və müharibənin məqsədinə uyğun gəlməyən ziyan vurulmasının yolverilməzliyini, müharibə iştirakçısı olmayan dövlətlərin mənafelərinin qorunmasını nəzərdə tutur.

Beynəlxalq humanitar hüququn pozulması “insanlıq əleyihinə”, “müharibə cinayətləri” və “soyqırımı” cinayətləri kimi tövsif olunur. Bu əməllər həm Azərbaycanın milli qanunvericiliyi ilə həm də beynəlxalq hüquqla məsuliyyət yaradır. 

Ermənistan dövlətinin işğal və təcavüz siyasəti nəticəsində minlərlə Azərbaycan vətəndaşı qətl edilmiş və ağır işgəncələrlə məruz qalmış, soyqırım cinayətləri törədilmiş, yüz minlərlə insan yaşadığı yerdən məcburi köçürülmüş, minlərlə insan itkin düşmüş, tarixi və mədəni abidələr, bütün infrastruktur dağıdılmış, təbiətə, ətraf mühitə, flora və faunaya böyük zərər vurulmuş, mədəni sərvətlərimiz talan edilmişdi. Bütün bunlarla Ermənistan dövləti tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət törədilmişdi. Törədilən cinayət əməlləri dövlət tərəfindən təşkil olunmuş silahlı birləşmələr və ya dövləti təmsil edən şəxslər tərəfindən, eyni zamanda, dövlətin siyasi qərarı ilə həyata keçirildiyindən Ermənistan dövlətinə qarşı beynəlxalq hüququ məsuliyyət yaranır. 

Beynəlxalq hüquqi məsuliyyətin növləri

Müharibə və təcavüz nəticəsində dövlətlərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur. İraq 1990-1991-ci illərdə Küveytə qarşı təcavüzünə görə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə 1991-ci ildə təsis edilmiş “Təzminat Komissiyasının” rəyi ilə 50 milyard dollardan çox təzminat ödəyib. Əlbəttə, Azərbaycan da beynəlxalq təcrübədən və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Ermənistan dövlətinin beynəlxalq məsuliyyətinə nail olmalıdır.

Beynəlxalq-hüquqi məsuliyyət – beynəlxalq hüquq pozuntusu nəticəsində digər dövlətə və ya dövlətlərə (və yaxud beynəlxalq hüququn başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir.

Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini yaradan hüquqa zidd əməlləri üç mərhələdə baş vermişdi; - işğal zamanı, işğal dövrü və işğaldan azad olunan zaman.

BMT-nin Beynəlxalq hüquqi komissiyasının 12 dekabr 2021-ci il tarixli “Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərinə görə məsuliyyəti” layihəsinin 1-ci maddəsinə əsasən “dövlətin hər bir beynəlxalq hüquqa zidd əməli həmin dövlətin beynəlxalq məsuliyyətinə gətirib çıxarır”. Həmin layihənin 34-cü maddəsinə görə - beynəlxalq hüquqi məsuliyyətin iki növü var; - qeyri – maddi məsuliyyət (buna siyasi məsuliyyət də deyilir) və maddi məsuliyyət. Eyni zamanda, bu məsuliyyət – restitusiya, kompensasiya, satisfaksiya və təkrar etməmə təminatı adlanır. 

Restitusiya – hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin məsuliyyət daşıyan dövlət tərəfindən bərpa edilməsidir. Buna daxildi - zəbt edilmiş ərazinin bütünlüklə azad edilməsi, qeyri-qanuni ələ keçirilmiş əmlakın geri qaytarılması, qeyri-qanuni həbs edilmiş şəxslərin azad edilməsi. BMT Baş Assambleyasının “Dövlətlərin beynəlxalq hüquqa zidd əməllərə görə məsuliyyəti” adlı qətnaməsinin 36-cı maddəsinə görə “məsuliyyət daşıyan dövlət vurduğu zərəri restitusiya (bərpa) edə bilmirsə, kompensasiya yolu ilə ödəməyə borcludur.  

Kompensasiya – dövlətə və şəxslərə vurulmuş maddi (iqtisadi baxımdan qiymətləndirilən bilən) zərərin pul formasında məsuliyyət daşıyan dövlət tərəfindən ödənilməsidir.

Satisfaksiya – beynəlxalq hüququ pozuntu törətmiş dövlətin qeyri-maddi məsuliyyəti formasıdır. Yəni zərər vuran dövlət zərərçəkmiş dövlətdən rəsmi şəkildə üzr istəyir, törədilmiş əməllərə görə təəssüfünü bildirir, törədilmiş əməlin hüquqa zidd olduğunu etiraf edir və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasında əməkdaşlıq edir.  

Təkrar etməmə - delikvent (zərərvuran) dövlətin bu cür hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə öz üzərinə xüsusi öhdəlik götürməsidi. 

Nazirlər Kabinetinin 2014-cü ildə yaradılmış “Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə” İşçi Qrupunun hesablamalarına görə 2014-cü ilə qədər “faydalı qazıntı yataqlarının talanı, bomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum edilməsi, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoliji, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoliji zərərlər üzrə Azərbaycana 265 milyarddan çox zərər dəyib. Həmin işçi qurupun hesablamalarından 10 ilə yaxın vaxt keçir və bu müddət ərzində Ermənistan əlavə maddi və mənəvi zərərlərin yaranmasına səbəb olmuşdu. Beləki, işğal edilmiş torpaqlarımızdan könüllü çıxmayaraq, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinin tətbiqinini həyata keçirməyə məcbur etməklə müharibənin başlamasına, minlərlə hərbi şəxslərin şəhid olmasına, yüzlərlə mülki şəxslərin qətl edilməsinə, yaşayış və ictimai infrastrukturun qadağan edilmiş silahlardan istifadə etməklə dağıdılmasına və hərbi əməliyyatların keçirilməsi ilə bağlı zərərlərin yaranması  kimi cinayətlərini genişləndirmişdi.

Beynəlxalq məsuliyyətə cəlb edilmənin yolları

Heç şübhəsiz ki, Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə, dövlətimizə və xalqımıza qarşı törədilmiş cinayətlərə görə maddi və qeyri-maddi (siyasi) kompensasiyanın ödənilməsinə Azərbaycan nail olacaqdı. Dövlətlərin beynəlxalq hüquqi məsiliyyətə cəlb edilməsi üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi və ya Avropa İnsan Hüquqları Məhkəməsinin (bizim region üçün) qərar çıxarması lazımdır. BMT nəznindəki məhkəmənin işi icraata götürməsi üçün də BMT Təhlükəsizlik Şurasının qərar qəbul etməsi vacibdir. BMT Təhlükəsizlik Şurası üzvlərinin tərkibinə baxdıqda Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün bizim xeyrimizə belə bir qərarın çıxarılacağı ağılabatan deyil. Amma Avropa İnsan Hüquqları Məhkəməsində (insan hüquqlarının pozuntusu kimi) iddia qaldırdıracağımızda işin müsbət həlli üçün böyük prespektivlər görünür. Həm də Avropa İnsan Hüquqları Məhkəməsində iki ölkə arasında olan bir neçə mübahisəyə baxılıb. Yəni bu məhkəmədə mübahisənin (münaqişənin) predmeti və tarixi barədə kifayət qədər məlumatlar var.

Yalçın Hacızadə,

Ana Vətən Partiyası sədrinin müavini, politoloq


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!