Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin Regional Məsələlər üzrə daimi komissiyasının sədri Mikael Melkumyan bəyan edib ki, Yerevan Türkmənistandan qaz alınması və “Türkmənistandan İran, Ermənistan, Gürcüstan vasitəsilə Rusiyaya ümumi enerji dəhlizi” yaradılması üçün danışıqlar aparır.
Bir çoxları isə bunu gülünc açıqlama adlandırır. Belə ki, sözügedən “ümumi enerji dəhlizi”nin bu şübhəli layihədə göstərilən ölkələr üçün maddi baxımdan faydalı olmadığı deyilir. Bunu isə aşağıdakı 3 bəndlə izah etmək olar:
1. Türkmənistan öz qazını Rusiyaya artıq mövcud infrastrukturla Qazaxıstan vasitəsilə nəql edə bilər. Ermənilərin layihəsini isə “sağ əliylə sol qulağını qaşımaq”, yaxud “çıxılmaz dəhliz” adlandırmaq olar. Toyuqlu pizza
2. Gürcüstan Azərbaycandan qazı sərfəli qiymətlərlə alır, həm də tranzitdən gəlir əldə edir.
3. Rusiya dünya bazarlarına enerji resurslarının tədarükçüsüdür. Moskva üçün belə bir dəhlizin qurulması, xüsusən türkmən qazının dolayı yollarla idxalı heç də sərfəli deyil.
Görünür, Melkumyanın açıqlamasının Paşinyan hökumətinin Ermənistanın iqtisadi inkişafı ilə bağlı növbəti oyunbazlığının davamıdır. Bu ölkənin hökuməti və parlamenti Ermənistanın tranzit ölkə kimi cəlbediciliyi illüziyasını yaratmaqla erməni ictimaiyyətinin gözünə kül üfürür. Paşinyan hökumətinin haqqında danışmağa belə utandığı Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması barədə xülyalar da tarixə qovuşdu.
Bəs görəsən, Ermənistanın bu absurd layihəni ortaya atmaqda məqsədləri nədir? Onlar yenə də vətəndaşlarının gözünə kül üfürməklə məşğuldurlar? Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə əlaqə saxladıq. Politoloq "Yeni Sabah"a açıqlamasında bu layihədə tərəflərin razı olmayacağını, layihənin absurd olduğunu bildirib:

"Bilirsiniz, əlləri heç nəyə çatmır. Heç bir regional layihələrdə iştirak edə bilmirlər. Görürlər ki, Azərbaycan müxtəlif regional layihələrin əsas iştirakçısı, həm də təşəbbüskarıdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars Dəmiryolu və.s Bunların hamısını Azərbaycan başladıb. Ermənistan heç bir layihədə iştirak etmir. İşğalçı siyasətinə görə, Azərbaycan onu haqlı olaraq bu layihələrdən təcrid edib. Buna görə də alternativ yollar axtarırlar ki, necə edək, regional əməkdaşlığa biz də qoşulaq, biz də təşəbbüskar olaq.
Bir dəfə təşəbbüs göstərdilər ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Ermənistandan keçsin. Amma hətta onun tərəfdaşları Rusiya və İran belə Azərbaycanı seçdilər və Şimal-Cənub dəhlizi Azərbaycandan keçdi. Bizim infrastrukturumuz, maliyyəmiz var.
İndi də yeni layihəni ortaya atıblar. Guya, Türmənistan, İran və Ermənistan üzərindən bu şəbəkə Rusiyaya birləşdirilə bilər. Birinci, bu, Ermənistanın istəyi ola bilər, amma bunun üçün Rusiya, İran və Türmənistanın da maraqları üst-üstə düşməlidir. Bu maraqların da üst-üstə düşməsi çətindir. Çünki Rusiya və İran arası münasibətlər yaxşı olsa da, qaz bazarında bir-birilərinə rəqibdirlər. Hər ikisi qaz istehsalı ilə məşğuldur. Ona görə də bu layihə absurd görünür. Sadəcə guya, Azərbaycandan geri qalmamaq üçün istəklərini ortaya atırlar.
Türkmənistan qazını Rusiya, onsuz da birbaşa alır da. Nəyinə gərək, İran üzərindən almaq? Türkmənistandan Rusiyaya uzanan bir boru xətti var. Rusiya bəzən o qazı alır, bəzən almır. Niyə, indi bir neçə ölkənin iştirakı ilə olan boru xəttindən istifadə etsin? Yəni, inanmıram ki, Rusiya da, İran da bu layihədə maraqlı olsun".
E.Şahinoğlu Paşinyandan öncəki liderlərin də reallaşmayacaq layihələr irəli sürdüklərini, lakin işğalçı siyasətin nəticəsi olaraq, heç bir layihədə iştirak edə bilmədiklərinu vurğulayıb. O, qeyd edib ki, Ermənistanın regional layihələrdə iştirakı üçün onun işğalçı siyasətindən daşınması lazımdır:
"Paşinyan da, öncəki liderlər də müxtəlif layihələr haqqında danışırdılar. Heç biri də reallaşmadı. Reallaşa da bilməz. Çünki 4 qonşusundan ikisi ilə sərhədi qapalıdır. İşğalçı siyasətinə görə, Türkiyə və Azərbaycanla sərhədlər qapalıdır. O halda hansı regional layihələrdə bu ölkə iştirak edə bilər?
Ermənistan üçün qatar artıq gedib. Şimal-Cənub layihəsində Azərbaycanı seçdilər. Layihə artıq bitmək üzrədir. Burada da Ermənistan heç bir nəticə əldə edə bilmədi. Ermənistanın bir çıxış yolu vardı - Gürcüstan üzərindən Rusiyaya. O da qapanıb artıq. Çünki dağ uçqunları filan baş verib, o yol qapanıb. Ona görə də müxtəlif çıxış yolu axtarırlar. Yəni, xislətləri belədir. Münaqişəni həll etmirlər, torpaqlarımızdan imtina etmirlər, regional layihələrdən təcrid olunublar, amma görürsən ki, hələ də gülünc layihələr ortaya atırlar. Sonra da heç bir layihə reallaşmır, qalırlar belə.
Mövzudur da, ortaya atıblar. Bir neçə ay müzakirə edəcəklər, sonra görəcəklər, bu da alınmır, keçəcəklər başqa layihədən danışmağa. Halbuki, bu layihələrin reallaşmasının bir yolu var. İşğala son qoysalar, Ermənistanla sərhəd açılsa, Azərbaycan özü onların müəyyən layihələrdə iştirakına şərait yarada bilər. Bir şərtlə ki, bizim torpaqlarımızdan imtina etsinlər".
Naibə Məmmədova
Telegram kanalımız