"Express Bank" bir neçə gün əvvəl bu ilin I rübünə aid hesabatını açıqlayıb. Hesabat ilk baxışdan bankın müsbət göstəricilərinin olduğu görüntüsü yaratsa da, aparılan analiz əslində vəziyyətin o qədər də ürəkaçan olmadığını deməyə əsas verir. Ötən ilin sonu ilə müqayisədə bankın depozit portfeli 311.4 milyon manatdan 307.9 milyon manata düşüb.
Xüsusilə hüquqi şəxslərin depozitlərinin 51.7 milyon manatdan 36.2 milyon manata (təxminən 30% azalma) enməsi bankın korporativ müştərilər üçün cəlbediciliyinin azaldığını və ya böyük vəsait çıxışının olduğunu göstərir.
Bankın depozit portfeli azaldığı halda, bu depozitlər üzrə faiz xərcləri 4.2 milyon manatdan 6.1 milyon manata yüksəlib. Cəmi aktivlərin 666.7 milyon manatdan 661.9 milyon manata düşməsi ilə yanaşı, müştərilərə verilən kreditlərin həcmində də azalma (549.7 milyondan 546.5 milyona) var.
Kredit portfelinin 5.82%-i (31.8 milyon manat) qeyri-standart statusundadır. Vaxtı keçmiş kreditlərin əsas hissəsinin (8.6 milyon manat) məhz istehlak kreditlərinə aid olması, pərakəndə sektordakı risklərin hələ də yüksək olduğunu göstərir.
Başqa sözlə, bankın verdiyi hər 100 manatlıq kreditin təxminən 6 manatının geri ödənişində ciddi problemlər və ya gecikmələr yaşanır. "Express Bank" mənfəətliliyini qorusa da, depozit bazasının kiçilməsi və vəsaitlərin bahalaşması fonunda aktivlərin idarə edilməsində daha çevik strategiyaya ehtiyac duyur.
Hazırkı problemlər bankın bağlanmasına gətirib çıxara bilərmi? “Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, istənilən bankdakı problem onun bağlanmasına gətirib çıxara bilər:
"Əgər bu proses davam edəcəksə, bank kapital tələbini pozacaqsa, bankın səhmdarları banka əlavə pul qoymayacaqsa problem gözləniləndir."Express Bank"la bağlı qeyd edilən problem ciddidir.
Çünki depozit azalıb, ancaq faiz ödənişi çoxalır. Bu, ondan xəbər verir ki, bank müştərilərdən pul cəlb etmək üçün əmanət faizlərini qaldırıb ki, pulu gətirib qoyun. Yəni görür ki, sahibkarlar bu banka pul qoymaq istəmirlər. Buna görə də faiz ödənişləri artır, ancaq əmanətlər azalır”.
Ekspert bildirib ki, əmanət azalırsa, deməli, bank daha az kredit verə, daha az qazana bilir:
“Problemli kreditləri də artıb. Bu, bankda ciddi problemlərin olmasından xəbər verir. Əgər səhmdarlar heç bir tədbir görməsələr, hər şey ola bilər. Yəni bağlana da bilər, yaxud başqa bank onu ala da bilər".
Telegram kanalımız