“Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir”.
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.
O, beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşıldığını diqqətə çatdırıb. Eyni zamanda vurğulayıb ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaq. pizza mizza
Nazir Vətən Müharibəsi müddətində Fransanın sərgilədiyi mövqedən də danışıb:
“Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda. …Fransanın beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur”.
Telegram kanalımız