30 illik işğal dövründə Ermənistana dəstəyini əsirgəməyən Fransa kimi dövlətin ədaləti, beynəlxalq hüququ bir kənara qoyub maraqlarının arxasınca getməsi dövlətlərarası münasibətlərdə əsas amil olan etimad mühitinin heçə enməsinə səbəb oldu.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
"Artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan bir qurumun həmsədr dövlətlərindən biri kimi Fransanın yürütdüyü ermənipərəst siyasət bir daha bu ölkənin iç üzünü ortaya qoyur. Demokratik dəyərlərin daşıyıcısı adına iddia edən bir ölkənin XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirməsi beynəlxalq hüququn, demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tapdalanması deməkdir. Fransa bu siyasəti ilə özünü biabır edib" - V.Rəhimzadə qeyd edib. Pepperoni pizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsindən sonra regionda 30 ildən çox davam edən münaqişənin bitməsini Fransa heç cür həzm edə bilmir. Fransa rəsmilərinin sərsəm bəyanatlarına diqqət yetirdikdə onların narahatlıqlarının Ermənistana yeni müharibə çağırışlarında aydın ifadəsini tapdığını görməmək olmur. Oktyabrın 3-də Ermənistana səfər edən Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər ölkəsinin hansı planlar üzərində çalışdığını qabarıq şəkildə büruzə verir. Katrin Kolonna Ermənistanla hərbi əməkdaşlığı gücləndirəcəklərini, İrəvana hərbi attaşe təyin olunacağını, Sünikdə konsulluğun açılacağını bildirdi. Fransa rəsmisi, həmçinin Qarabağdan könüllü əsasda getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməklə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışdı. Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazirinin Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı cinayət adlandırmasının özü cinayətdir.
Vüqar Rəhimzadə bildirib ki, kiçik dövlətlərə ədalət, beynəlxalq hüquq dərsi keçən, amma özü bu prinsiplərə məhəl qoymayan Fransanın özünün bu dərslərə böyük ehtiyacı vardır. Azərbaycan Xarici İşlər Nazirliyi Katrin Kolonnanın sərsəm fikirlərinə münasibətində bildirir ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərinin də uğursuzluğa düçar olacağı həmin ölkənin rəhbərlərinə aydın olmalıdır.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Fransanın müdafiə naziri Sebastyan Lekornyu “Fransa Ermənistanın müdafiə sahəsində tələbatlarını araşdırır. Prezident şəxsən prosesləri izləyir, çünki bu məsələ Fransa üçün çox vacibdir. O, bildirib ki, bizim üçün əsas məqsəd Ermənistanın ərazi bütövlüyü, suverenliyi və ölkə əhalisinin müdafiəsidir» fikirlərinin davamı olaraq onu da bildirib ki, biz Ermənistanda indiyədək mövzu olmayan hərbi missiya açmışıq. Bu missiya bizə gündəlik olaraq Ermənistan ordusu və hakimiyyəti ilə əlaqədə olmaq, onların müdafiə sahəsində tələbatlarını öyrənməyə imkan verəcək. Bu açıqlama özündə bütün planları ehtiva edir. Söylənilən fikirlərdən açıq-aydın hiss olunur ki, Fransa Ermənistanı silahlandırmaq, onu yeni müharibəyə hazırlamaq niyyətindədir.
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Ermənistan müstəqillik qazandığı gündən müstəqil siyasət yürütməyib və xarici himayəçilər üçün “forpost” olmağa üstünlük verib. Bu gün Fransanın Ermənistanda yeni hərbi missiya yaratması Parisin açıq şəkildə Ermənistanı yeni müharibəyə hazırlamaq istəyindən xəbər verir. Ermənistan uğradığı hərbi və siyasi məğlubiyyətdən nəticə çıxarmalıdır. Yeni himayəçi tapmaq və bu dəfə Fransanın “forpostu” olmaq istəyi Ermənistana müsbət heç nə vəd etmir.
Telegram kanalımız