Bir neçə gündür, azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyada həbs edilməsi müzakirə obyektidir. Belə ki, hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. Bununla yanaşı, Fuad Abbasovun həbs anının videosu yayılıb. Həmin videoda jurnalistin iki nəfər tərəfindən saxlanılaraq qatı cinayətkar kimi qandallandığı görünür.
Məsələ ilə bağlı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Yeni Sabah”a danışıb. Deputat bildirib ki, Fuad Abbasovla bağlı məsələlər Rusiyanın qanunları əsasında həll edilməlidir:
“Fuad Abbasov vaxtaşırı Rusiya telekanallarında Azərbaycanla bağlı müzakirələrdə iştirak edən və Azərbaycan həqiqətini çatdıran bir jurnalist kimi tanınıb. Onun həbsi və deportasiyası ilə bağlı dünəndən artıq xəbərlər yayılmağa başlayıb. Hesab edirəm ki, bu məsələlər Rusiyanın qanunları əsasında həll edilməlidir. Fuad Abbasov xarici ölkədədir və hər bir insan olduğu ölkənin qanunlarına, onun hüquq normalarına riayət etməlidir. Bütün anlaşılmazlıqlar və ya problemlər bu çərçivədə həll olunmalıdır. pizza mizza
Eyni zamanda şübhəm yoxdur ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin diqqətindədir. Hesab edirəm ki, bu məsələ ilə bağlı biz hələ əlavə məlumatlar eşidəcəyik”.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü, deputat Fazil Mustafa isə deyib ki, dağınıq diasporumuzun olduğu, azərbaycanlıların aktiv siyasi fəaliyyət göstərməsinin arzuolunmadığı Rusiya kimi bir dövlətdə Fuad Abbasovun elədiklərini yalnız alqışlamaq lazım idi:
"Bir adam hamının xoşuna gəlməyə bilər. Ancaq ən pis şey unutqanlıqdır. Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, Azərbaycanlı-Çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi. Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporamızun mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır”.
Jurnalistin işgəncəyə məruz qalmasının yolverilməz olduğunu qeyd edən F.Mustafa, bəzi azərbaycanlıların bu həbsə haqq qazandırmaq cəhdinə təəssüfləndiyini bildirib:
"Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi konkret bu fakta görə Rusiya Xarici İşlər Nazirliyinə nota verməlidir. Bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər. Ona görə də indilik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır. Bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır”.
Günay Rəsulqızı
Telegram kanalımız