"Tehran polisinin gicliyi, Ermənistanın "bicliyi", yaxud cherchez la femme (o qadını axtarın!) Sürrealist düşüncələr".
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev qeyd edib.
"1829-cu ilin yanvarında Rusiya səfiri Qriboyedovun erməniləri Qafqaza köçürdüyünü eşidən iki nəfər erməni əsilli cariyə (onların şahın kürəkəni, sədrəzəm Allahyar xanın hərəmindən olduğu deyilirdi) ilk karvanla Tehrandan çıxmaq məqsədi ilə Rusiya missiyasına sığınmışdılar. "Şərəfi" tapdanmış Allahyar xanın tələbinə baxmayaraq rus elçiliyi qadınların xristian olduğunu əsas gətirib onları geri qaytarmaqdan boyun qaçırmışdı. Fətəli şahın "hərəm naziri", erməni əsilli Xacə Yaqub da bu erməni arvadlara qoşulub rus səfarətində sığınacaq alanda vəziyyət lap əndazədən çıxmışdı. Təbii ki, şahın gizli razılığı ilə şeyxül-islam kafirlərə divan tutmaq fitvası vermişdi. Nəticə bəllidir. Dominos pizza
Tehran polis rəisi bu gün səhər saatlarında Azərbaycanın İrandakı diplomatik missiyasına qarşı törədilmiş terror aktından danışarkən bunun "şəxsi məsələ" olduğunu, terrorçunun arvadının guya ötən ilin aprelində Azərbaycan səfirliyinə getdiyini və həmin vaxtdan qadından bir xəbər çıxmadığını, ərin də bu gün səhər Kalaşnikov avtomatı ilə silahlanıb arvadını axtarmaq üçün səfirliyə yollandığını iddia edir. Əcəba, görəsən bu 9 ay ərzində fars ajanları hara baxırmışlar? Rəisin sözlərinə əsaslanan məmləkəti-Reyin xarici və daxili işlər nazirləri də terror aktının "şəxsi məsələ" olduğunu bəyan edirlər. Görünür, “2500 illik dövlətçilik ənənəsinə malik səltənətin” də belə xadimləri olur.
Ən maraqlısı isə xəstə təfəkkürün məhsulu olan bu iddianı farslardan çox onların əlaltıları - erməni xəbər agentliklərinin tirajlamasıdır. Hələ ortalıqda heç bir təhqiqat nəticəsi olmadan alçaq qətl hadisəsinin səfirlikdə gizlədilmiş qadına (görünür, Qriboyedovun sonunu gətirən erməni axçilərini yada salıblar) görə törədildiyini iddia edirlər. Necə deyərlər, "dostunu göstər, deyim sən kimsən", - səfir bildirib.
Telegram kanalımız