Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 47 yaşı tamam olur.
Bu münasibətlə bəzi idman jurnalistləri "Yeni Sabah"a təcrübəli mütəxəssislə olan xatirələrindən danışıb.
Nurlan İbrahimov: pizza hut
"Qurban bəyin ad günləri ilə heç arası yoxdur, ad günü keçirməyi sevmir. 2010-cu ildə biz "Qalatasaray"ın düşərgəsinə getmişdik. Oradan qayıtdığımız gün mənim ad günümə təsadüf eləmişdi. Mənə də dayanmadan zənglər gəlirdi. Mümkün qədər çalışırdım ki, bəlli etməyim. Kim zəng edir, deyirəm, çox sağ olun, çox sağ olun. Günün sonuna yaxın dedi ki, nə olub, nə məsələdir sənə yaman çox zəng gəlir? Bildirmədim, söhbətdən yayındım. Axşam yenə dedi ki, sənə bu gün çox zəng gəlib, hamısına da çox sağ ol demisən. Nə məsələdir? (gülür) Onda artıq dedim ki, bu gün mənim ad günümdür. Dedi, bəs niyə deməmisən? Mən də bunu ondan bütün günü gizlətdim".
Həbib Aslanov:
"Münasibətimiz heç də yaxşı başlamamışdı. 5-6 il bundan öncə "Qarabağ"da Jaba Dvalya adında bir gürcü futbolçu var idi. Oynaya, heyətə düşə bilmirdi. "Neftçi" ilə oyundan sonrakı mətbuat konfransında Qurban Qurbanova sual verdim ki, Jaba Dvali bura futbol oynamağa gəlib, yoxsa Bakını turist kimi gəzməyə? Hiss olundu ki, o, qəzəbləndi. Bir az düşündü və dedi ki, bu sualı özün fikirləşmisən, ya kimsə sənə deyib? Mən də dedim ki, yox, bayaqdan oturub siz gələnə qədər bu sualı fikirləşirdim. Qısa dialoqumuz oldu. Bundan sonra aramızda çəkişməsən, bərkiməzsən məsəli öz əksini tapdı. Bu gün də çox yaxşı münasibətimiz var. Görüşürük, hal-əhvallaşırıq".
Sənan Şəfizadə:
"Qurban bəylə futbolçu olduğu dönəmdən tanışlığım var. Daim öz üzərində işləyən və təvazökar biridir. Nadir baş məşqçilərdəndəndir ki, komandası böyük hesabla uduzsa belə, futbolçularını heç kimin ayağına vermir, onları soyunub-geyinmə otağında tənqid edir. İntizamı çox sevən insandır. Ən sevdiyi futbolçu olsa belə, məşqə, iclasa 5 dəqiqə gecikibsə, onun cəzasını verir.
Sizə mistik bir şey deyim. Qurban bəy ayın 13-ü doğulub, işlətdiyi mobil nömrələrdən biri 013 ilə bitir, futbolçu karyerasında az da olsa, 13 nömrəli formanı geyinib, idarə etdiyi maşının nömrəsi 013-dür.
Mən Qurban bəyin Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarkən ağlamasını, onun gözyaşlarını heç vaxt unutmayacağam. Sizin vasitənizlə də onu təbrik edirəm. Xatirələr isə çoxdur.
Yadımdadır, "Qarabağ" - "Dnepr" oyunu idi. Stadionun giriş qapılarından biri azarkeşin üstünə düşmüşdü. Biz oyunun 10-cu dəqiqəsində bundan xəbər tutduq. Oyun bitəndən sonra, mətbuat konfransı keçirildi. Biz də mətbuat konfransdan sonra həmişə Qurbanovla müzakirələr edirdik. Amma bu dəfə oyun bitən kimi Qurban bəy getdi. Bir neçə gündən sonra xəbər tutdum ki, stadiondan birbaşa, gecə 12-yə qalmış xəstəxanaya həmin azarkeşin yanına gedib.
Sonra mən həmin uşaqla danışmışdım. Sabir mənə demişdi ki, atası xəstəxanada üstünə qışqırıb ki, bir də səni oyunlarda görməyim, bir də oyuna getməyəcəksən, sənin üçün futbol bitdi. Bu zaman Qurban bəy palataya daxil olub. Atası təəccüblənib. Görüb ki, Qurban bəy hər bir azarkeşə dəyər verir.
Bir dəfə də mən taksiylə "Qarabağ"ın oyununa gedəndə sürücü məndən pul almadı. Bildirdi ki, Qurban bəy onun ailəsinə köməklik edib. Amma Qurbanov deyib ki, bundan heç kimin xəbəri olmasın. O belə bir ürəyə sahib biridir".
Kənan Məstəliyev:
"Qurban Qurbanov azərbaycanlı futbolçular arasında kumirim olub, onun böyük azarkeşi olmuşam. Məşqçi kimi isə bu adamın tək mənə yox, ümumilikdə ölkə futbolsevərlərinə bəxş etdiyi sevinc ölçüyəgəlməzdi. Bakıda həm Çempionlar Liqasının himni ilk dəfə - "Kopenhagen"lə oyunda səslənəndə, həm də cavab görüşünün final fiti səslənəndən sonra ağlamışdım. Uşaqlıq arzum yerinə yetmişdi və bunu edən şəxs o idi. Əminliklə söyləyə bilərəm ki, Qurban Qurbanov Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidir. Onun nəticələrinin yaxın 10 ildə nəinki üstələnəcəyi, heç təkrarlanacağını da düşünmürəm. Böyük məşqçinin ad gününü təbrik edirəm, daha böyük uğurlar, həmişəki kimi möhkəm olmağı arzulayıram. Xatirəmə gəlincə, ağlıma ilk gələn 10 il əvvəl Dübəndidə komanda-jurnalistlər görüşü zamanı çimərlikdə oynadığımız oyundur. Müdafiənin mərkəzində onunla birlikdə, necə deyərlər, çiyin-çiyinə oynamışdıq. Əla matç idi. Yaxşı oynayıb, qalib gəlmişdik. İnşallah, imkan olar bir də oynayar, xatirələri təzələyərik".
Ceyhun Rzayev:
"Onun insanı keyfiyyətlərindən saatlarla danışmaq olar. Həyatda tanıdığım ən təvazökar, ən səmimi, ən yaxşı insanlardan biridir. Bu qədər futbolda uğur qazanasan, ölkədə ən populyar insanlardan biri olasan və bu qədər təvazökar qalasan. Baxırsan ki, Musa Qurbanlıya necə gözəl təribə verib. Əminəm ki, digər övladları da özü kimi yaxşı biridirlər. Fəxr edirəm ki, Azərbaycan futbolunda onun kimi əla məşqçi və çox yaxşı bir insan var. Uzun ömür və can sağlığı arzu edirəm. Futbol həyatında məşqçilikdə də daha böyük zirvələri fəth etsin".
Biz də "Yeni Sabah" kollektivi Qurban Qurbanovu təbrik edirik!
Naibə Məmmədova
Telegram kanalımız