Dünən Naxçıvanda baş tutan “Qəbələ” – “Sumqayıt” qarşılaşması ilə cari futbol mövsümünə son verildi. Qəbələ təmsilçisi tarixində ilk dəfə Azərbaycan kubokunu başı üzərinə qaldırdı. O kubok ki “qırmızı-qaralar” 3 dəfə çalışsa da, onu götürməyə nail ola bilməmişdi. Bu isə onların 4-cü dəfə çıxdığı kubok finalı idi...
Final fiti verildi, oyun başladı. Amma çox keçmədi ki, top qapı tirini silkələdi. Təkcə toru yox bütün “Sumqayıt” camiəsinin. Çünki matçın 4-cü dəqiqəsində Stiven Manrozun vurduğu qolla “Qəbələ” kuboka doğru daha da yaxınlaşdı. Manroz bu qolla finalda ən erkən qol vuran futbolçu kimi tarixə düşməklə yanaşı, həm də kubokun taleyini həll etdi.
Beləcə, əyalət təmsilçisi uzaq ellərdən kuboku götürüb gətirdi evinə. “Sumqayıt” isə suyu süzülə-süzülə qayıtdı doğma yurduna.
Düzdür, kubok qazanıldı. Amma Tale Heydərovun gedişindən sonra. Əvvəldə xatırlatdığımız kimi bu finalda “qırmızı-qaralar” 3 dəfə iştirak etsə də, uğur qazana bilməmişdi. Yəni, Tale Heydərovun prezident olduğu dönəmdə komanda şeytanın qıçını qırmağı bacarmamışdı. Təxminən, 1 ay əvvəl Heydərovun gedişindən sonra sanki, komandaya sehrli çubuq çəkdilər. İstər çempionatda, istər kubok matçlarında rəqiblərinin “üzünə durmağı” bacaran bir komanda görməyə başladıq. Heyət hər qələbəsini elə bil, Tale Heydərov üçün qazanırdı. Eynilə dünənki matç kimi.
Oyun sonunda bu kuboku Tale Heydərova həsr etmələri də dediklərimizin əyani sübutu ola bilər. İş orasındadır ki, Tale Heydərovun kreslosunu tərk etməsi hər kəsin yolunu açdı, sanki. Daha dəqiq desək, düşərli oldu. Necə deyərlər, Heydərovun sehrli kreslosu “Qəbələ”ni yığıb Avropa Liqasına tərəf yola saldı...
Naibə Məmmədova
Telegram kanalımız