Dünən Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olunub. Müşavirə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilib. İclasda Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.
Məsələni “Yeni Sabah”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov dünənki iclasın xüsusi əhəmiyyət kəsb etdiyini deyib:
“Bu, hökumətin dünya bazarlarında neftin qiyməti ilə bağlı qabaqlayıcı tədbirlərin hazırlanması ilə əlaqədar keçirdiyi toplantıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Qazaxıstanda hətta bununla bağlı ayrıca qurum da yaradılıb. Bu qurumun da səbəbi neftin qiyməti ilə əlaqədar sığortalayıcı tədbirlərin hazırlanmasıdır. pizza mizza
Hansı ölkələrdə ki, dövlət gəlirləri neftin satışı ilə bağlıdır, neftin dünya bazarında qiyməti azalan kimi o ölkələr təşvişə düşürlər. Amma mən dünən keçirilmiş iclası təşviş əlaməti olaraq qiymətləndirmərəm. Əvvəla, biz 4-5 il qabaq neftin qiymətinin düşməsi şokunu yaşamışıq. 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı, müəyyən makroiqtisadi göstəricilərimiz aşağı düşdü. Amma biz o vəziyyətdən üzü ağ çıxdıq.
Dövlət büdcəsindən xərclərdə heç bir kəsim olmadı. Pensiya və maaşların ödənməsində heç bir problem yaşanmadı. Sadəcə olaraq, manatın dəyərini itirdik və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatının böyük bir qismi əridi. Hazırda da neftin qiymətinin düşməsi hökuməti həmin günləri yada salmağa vadar edir ki, əgər vəziyyət davamlı şəkildə özünü göstərərsə, onda hökümət qurumları nə etməlidir. Həmin iclasda bir növ həmin qurumlara nə etmələri barəsində xəbərdarlıq edilib. Yəni bu vəziyyət davam edərsə, hansı qabaqlayıcı tədbirlər görmək lazımdır. Hazırda heç bir ciddi təşvişə ehtiyac yoxdur. Azərbaycanın 52 milyarddan çox rəsmi valyutası var. Bundan əlavə bizim makroiqtisadi göstəricilərimiz 2015-2016-ci illər səviyyəsində deyil, bir qədər yaxşıdır. Amma gəlirlərimizin çox hissəsi neftlə bağlıdır. Bu, bir faktdır. Neftin qiyməti 30 dollar və 30 dollardan aşağı olarsa və bu uzun müddət davam edərsə, bu Azərbaycanın valyuta bazarına ciddi təsir edə bilər ”.
Sabrina Eldarqızı
Telegram kanalımız