İctimai şuraları makler ofisi kimi görənlər...

saytların hazırlanması

Evə çatdırılma

İctimai şuraları makler ofisi kimi görənlər...

Maraqlı

21 İyun 2021 17:02 1842


Xeyli vaxtır ki, mərkəzi icra hakimiyyəti orqanlarında - nazirliklərdə, dövlət komitələrində ictimai şuraların yaradılması prosesi başlayıb. Demək olar hər gün bir dövlət qurumunda bu şuranın üzvlüyünə seçkilər keçirilməsi, tərkibin formalaşması haqda xəbər alırıq. Maraqlı tərəf isə budur ki, bir çox hallarda ayrı-ayrı dövlət qurumlarının İŞ-nın tərkibinə illərdir QHT sektorunda gözlərimizi yağır etmiş şəxslərin seçildiyini görürük. 

Və məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, onların üzv olduqları İŞ-ın təmsil etdiyi sahələrin bir-biri bəzən heç bir yaxınlığı olmur. Məsələn, bu gün Mədəniyyət Nazirliyinin şurasına seçilən şəxsin sabah Daxili İşlər Nazirliyinin də şurasında təmsil olunduğunu görə bilərsən. Bu, məsələnin ən elementar tərəfidir. Bəs ictimai şura necə olmalıdır, həmin şuralara seçilənlər nə gözləyirlər və prosesin gedişində biz nə görəcəyik?

İctima şura mahiyyətinə və həmçinin istinad etdiyi qanuna görə təmsil etdiyi dövlət qurumu ilə əlaqəni həyata keçirməli və mahiyyəti baxımından vətəndaşın yanında olmalıdır. Yaranmış hər hansı problemlə bağlı müzakirə aparmalı, lazım gələrsə ictimai dinləmə və rəy sorğusu da keçirməlidir. Və nəticədə problemdən çıxış yolunu özündə əks etdirən təkliflərlə dövlət qurumu qarşısında çıxış etməlidir. Təbii ki, bu qədər sadə deyil. Amma qurumun mahiyyəti aşağı-yuxarı belə nəzərdə tutulur. Burada bir məqam da var ki, İŞ üzvləri ictimai əsaslarla - yəni maaşsız fəaliyyət göstərir. pizza hut

Maraqlıdır, ictima əsaslarla olan bir posta seçilmək üçün QHT rəhbərləri arasında bu qədər rəqabət nə üçün var? Ən bacarıqlı insanlar belə bir vəzifənin öhdəsindən çətinliklə gəldikləri halda, bu 4-5 şurada təmsil olunan, 4-5 qrant layihəsini eyni vaxtda həyata keçirən şəxslər hansı ilahi qüdrətin yardımı ilə keyfiyyətli fəaliyyət göstərə biləcəklər? 

Bilməyənlər üçün deyim ki, hazırda bu şuralara seçilmək üçün QHT rəhbərləri arasında həqiqətən də böyük rəqabət başlayıb. Bu prosesdən kənarda qalan QHT rəhbəri olan dostlardan birinə gün ərzində bəlkə də 10 nəfər müraciət edir ki, bəs filan nazirlikdə seçki olacaq, mənə səs ver. O da sağ olsun, heç kimin xətrinə dəymir...

İctimai şuraların necə fəaliyyət göstərəcəyi haqda əvvəlcədən heç bir öncəgörməlik etmək istəmirəm. Amma mən özümüzü çox yaxşı tanıyıram. Bilirəm ki, ən gözəl ideyalar bizdə təzək kimi divara yapışdırılır. İndi o şuralara seçilənlərin içərisində bəlkə də bəziləri güman edir ki, onlar həqiqətən də hansısa nazirliyin fəaliyyətinə nəzarət edəcəklər, nazir səhər-axşam onlarla vatsapda yazışacaq, məsləhətləşəcək, nazirliyin binasında onlara kabinet veriləcək. 

Əmin olun ki, təcrübəlilər və realistlər nəyin necə olacağını daha dəqiq bilirlər. Bilirlər ki, təmsil olunduqları şuranın fəaliyyətindən çox fəaliyyətsizliyi o nazirliyin başında duran şəxs üçün daha faydalıdır. Bilirlər ki, onların fəaliyyəti heç bir şeyi dəyişmək iqtidarında deyil. Səfər Mehdiyevin nəyinə gərəkdir ki, hansısa ictima şura var, ya da yoxdur. Özünə nə gəlib, ölkənin gömrük sistemini gül kimi çiçəkləndirir. Niyə onun bu uğuruna kimsə şərik olmalıdır. Və yaxud Kəmaləddin Heydərov, Cavid Qurbanov...

Keçmiş təcrübələr, milli adət ənənələr göstərir ki, ictimai şura üzvlərinin özləri üçün burada təmsil olunmaq daha faydalı olacaq. Əmioğlunu, dayıqızını işə düzəltmək, bibinəvəsinə obyekt yeri almaq, kirvə üçün tender təşkil etmək və sair və ilaxır. Aydın təsəvvür yaranması üçün bu, haradasa makler ofisi kimi də düşünülə bilər.  

Azərbaycanda təhsil sahəsi ilə bağlı ən dəyərli təklifləri, heç kimin görmədiyi problemləri indi deputat olan Etibar Əliyev dilə gətirirdi. Amma bu o zamana kimi davam etdi ki, E. Əliyev Təhsil Nazirliyinin İctimai Şurasına üzv seçildi. Sonra təhsildə heç bir problem görə bilmədi. Deməyim odur ki, möcüzə olmayacaq. Heç bunu gözləyən də yoxdur.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!