İranda benzinin qiymətinin 3 dəfə bahalaşması etirazlara səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulub. Kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3000, super benzinin qiyməti isə 3500 tümən olacaq. Bundan əvvəl azad benzinin qiyməti 1000 tümən olub.
Məlumatlara görə, bahalaşmaya etiraz olaraq İranın bir neçə şəhərində kütləvi aksiyalar keçirilib. Aksiya iştirakçıları İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə və prezident Həsən Ruhaniyə qarşı şüarlar səsləndirib. Sezar pizza
Noyabrın 15-i axşam saatlarında başlanan kütləvi etirazlar Məşhəd, Əhvaz və Sircanda daha kəskin hal alıb, Sircanda etirazçılar şəhərin neft anbarına od vurmaq istəyərkən polis qüvvələri buna mane olublar. Nəticədə etirazçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada bir aksiyaçı polis tərəfindən öldürülüb.
Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və bir neçə digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq rejimə qarşı şüarlar səsləndirərək, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb ediblər.
Məşhəddə etirazçılar İranın dini liderinə və prezidentinə qarşı “Diktator həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və “Ruhani utan xəcalət çək” şüarları səsləndirdikdən sonra hökumət qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edərək, aksiyaçılardan bir neçəsinin avtomobillərinin şüşələrini sındırıblar. Sistan-Bəlucistan şəhərlərində də rejimə qarşı küçə etirazlarının keçirildiyi, aksiyaçılarla silahlı hökumət qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilir.
Hazırda İranın bir sıra digər şəhərlərində vəziyyətin gərgin olduğu, ölkənin əsas iri şəhərlərində isə elan olunmamış bir növ fövqəladə vəziyyətin yarandığı bildirilir.
Telegram kanalımız