“İrandakı səfirliyin tamamilə bağlanması çox ciddi məsələdir”

saytların hazırlanması

Evə çatdırılma

“İrandakı səfirliyin tamamilə bağlanması çox ciddi məsələdir”

Siyasət

30 Yanvar 2023 12:45 1630


Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb. Bu barədə  xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat yayıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a tarixçi alim, Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirib ki, səfirliyin uzunmüddətli bağlı qalması doğru addım deyil:

“Məncə, bu sorğulanmalı məsələlərdən biridir. Bu iki ölkə arasında eskalasiya, yeni bir gərginlik səviyyəsi deməkdir. Əcəba, bizə bu lazımdırmı? Çünki orada səfirliyin olması heç də bu ölkə ilə xoş münasibətlərin olması demək deyil. Bu o deməkdir ki, Azərbaycan respublikasının orada maraqları var, orada bizim 40 milyonluq soydaşımız var. Səfirlik onlardan xəbərdar olmalıdır. Ən azından orada nə olub-bitdiyini səfirlik bilməlidir. Səfirliyin birinci funksiyası yerləşdiyi ölkədəki prosesləri izləyib, analiz edib öz ölkəsinə xəbər verməkdir. Ona görə insanda sual doğur ki, səfirliyin tam bağlanması əcəba, doğru hərəkətdirmi? Bu bir təzyiq vasitəsi kimi düşünülə bilər. Amma bu uzun müddətli bir siyasət olmamalıdır. Münasibətlər normallaşanda səfirliyin yenidən açılması məsələsi yəqin ki, gündəmə gələ bilər”. Pepperoni pizza

Eks-səfir beynəlxalq təcrübədə bu cür addımların atılmadığını qeyd edib:

“Beynəlxalq təcrübədə də bu cür hadisələr olub. Hətta savaş səviyyəsində olan ölkələr  belə səfirliklərini həmin ölkədə bağlamırlar. Bu günə kimi eşitdinizmi ki, Moskvadakı Ukrayna səfirliyi bağlansın, yaxud Kiyevdə Rusiya səfirliyi bağlanmış olsun?  Xeyr, səfirliyin tərkibi azala bilər, səviyyəsi endirilə bilər, müvəqqəti işlər vəkili səviyyəsinə qədər endirilə bilər, amma səfirliyin tamamilə bağlanması çox ciddi məsələdir. Ona görə İrandakı səfirliyimizin birdəfəlik bağlanması qərarını anlaya bilmədim”. 

N.Nəsiblinin sözlərinə görə, hadisələr İranla Azərbaycan arasında diplomatik əlaqələrin tamamilə qopması səviyyəsinə qədər gəlib çatmayacaq:

“Bu, ölkələrdəki hökumətin və yaxud ölkənin başçısından asılı olan məsələ deyil. İki ölkə arasındakı maraq fərqi, ziddiyyətlər köklü xarakter daşıyır. Bu da oradakı soydaşlarımızın məzlum durumda olması, islamçı rejimin olması ilə, maraqlarımızın üst-üstə düşməməsi ilə bağlıdır. Amma əvvəl-axır bu ziddiyyət diplomatik münasibətlərin qopmasına qədər gətirib çıxarır. Oradakı səfirliyin bağlanması da rəsmi olmasa da diplomatik əlaqələrin qopmasının ilk addımıdır. Əlbəttə ki, məsələlər bu səviyyədə davam etməyəcək və əvvəl-axır müəyyən yumşalmalar olacaq”.  

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!