“Ermənistanda 10 noyabr atəşkəsi öncəsi və sonrasında iki fərqli vəziyyət mövcud olub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Rusiyada yaşayan türkiyəli tarixçi və politoloq Mehmet Perinçek deyib.
O, Ermənistanda baş verən etiraz aksiyalarını Qərbin təhriki sayır: pizza
“10 noyabr atəşkəsindən öncə ABŞ-ın dəstəyi və “narıncı inqilabla” hakimiyyətə gələn Paşinyan hökuməti vardı. Paşinyan hökuməti və Paşinyan, Prezident İlham Əliyevin söylədiyi kimi, “Sorosun uşaqları” idi. Ancaq Qarabağ savaşında zəfərin qazanılmasından və Ermənistanın Azərbaycandan şillə yeməsindən sonra Paşinyan iqtidarının fərqli bir cizgiyə yönəldiyini görürük.
Atəşkəsdən sonrakı dövrdə Paşinyan iqtidarı Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmağa yaxın bir xətt izləyir. Bu, əlbəttə, regionda təşəbbüslərin gücləndiyi və xarici güclərin bölgəyə müdaxiləsinin qarşısı alan bir dövrü də başladıb. Çünki bölgə ölkələri arasındakı inteqrasiya və münasibətlərin normallaşması Qərb ölkələrinə - ABŞ-a və Fransaya bölgəyə müdaxilə şansı saxlamayıb.
Sözsüz ki, regiondakı hər hansı xaos, ilk növbədə, Qərb ölkələrinə sərf edir. Lakin regiondakı inteqrasiya və sabitlik bütün bölgə dövlətlərinin lehinədir”.
Eskpertin sözlərinə görə, həm regional iqtisadi yüksəliş, həm də bölgədəki kommunikasiyaların təhlükəsizliyi baxımından region ölkələri sülh və sabitliyə məcburdurlar:
“Amma müharibə, xaos, qarşıdurma isə imperialist dövlətlərə, əsasən də, ABŞ-a sərf edir və onlar bunu bəhanə edərək bölgəyə müdaxilə etmək fürsətini əldə edirlər. Ona görə də, regiondakı Türkiyə-Ermənistan, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması hər kəsin marağındadır. Amma bu, ən çox Ermənistanın xeyrinədir, çünki Ermənistan qarşılaşdığı problemləri ancaq Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər çərçivəsində həll edə bilər.
Ermənistan hazırda bir çox sosial, iqtisadi və siyasi böhranlarla mübarizə aparır. Bu problemləri çözmək üçün, əlbəttə, Ermənistanın Türkiyə ilə münasibətlər qurması, sərhədlərin açılması, Azərbaycanla sülh sazişi imzalaması, bölgəyə sabitlik və sülhün gəlməsi böyük önəm daşıyır”.
Tarixçi revanşist qüvvələrin etiraz aksiyalarından da danışıb:
“Revanşist qüvvələr Qərbin bölgədəki siyasi maraqlarına xidmət edir. Çünki onların Paşinyana qarşı çıxmasının əsas səbəbi Ermənistan iqtidarının Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istəyidir. Paşinyana qarşı çıxaraq onlar həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılmasına qarşıdır. Onlar intiqam almaq, Qarabağ savaşını və bölgədəki qarşıdurmanı təkrar qızışdırmaq niyyətindədir. Baxmayaraq ki, Türkiyə və ya Azərbaycanla mübarizə aparacaq gücləri yoxdur, amma bu, normallaşma prosesini və sülh sazişinin imzalanmasını baltalaya bilərlər”.
“Rusiya 10 noyabrda imzalanan üçtərəfli anlaşmanın zamini rolundadır. Bu anlaşmanın pozulması, İrəvanda iqtidara revanşist qüvvələrin gəlməsi Rusiyanın təşəbbüs mexanizmini sarsıdacaq və Qərbin yenə Cənubi Qafqazdakı proseslərə müdaxilə şansını artıracaq.
Moskva Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırmasını istəyir. Təbii ki, bunun üçün də Ermənistan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Üstəlik 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməsi də vacibdir”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız