Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Dominos pizza
Rəcəb Tayyib Ərdoğan bildirib ki, "İslamabad razılaşması" nəticəsində əldə olunan sabitlik dünya üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, son günlər beynəlxalq mediada yayılan məlumatlar danışıqlar prosesinin nə qədər mürəkkəb keçdiyini göstərir.
Türkiyə Prezidenti həmçinin Ankaranın bölgədə dialoq və diplomatiyanı dəstəklədiyini, Pakistanla birlikdə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə Pakistan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması hədəfi təsdiqlənib. O, xüsusi iqtisadi zonaların yaradılması, preferensial ticarət sazişinin genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdiyini bildirib.
Prezident müdafiə sənayesi, enerji, nəqliyyat, kritik minerallar və informasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da dərinləşdiriləcəyini vurğulayaraq Türkiyə investorlarının Pakistanda daha fəal fəaliyyət göstərməyə təşviq edildiyini deyib.
Pakistanın Baş naziri Şahbaz Şərif isə İstanbulun tarixi və mədəni əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Pakistan arasındakı münasibətləri "iki millət, bir ruh" kimi xarakterizə edib.
O bildirib ki, iki ölkə arasındakı dostluq ortaq tarixə, ortaq inanca və qarşılıqlı dəstəyə əsaslanır. Şərif Türkiyənin çətin dövrlərdə Pakistana göstərdiyi dəstəyi də xatırladıb.
Pakistanın baş naziri həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanı uzunmüddətli liderliyinə görə yüksək qiymətləndirərək Türkiyənin iqtisadi və strateji inkişafını xüsusi vurğulayıb.
Şərif əlavə edib ki, Pakistan Türkiyənin Şimali Kipr Türk Respublikası (ŞKTR) məsələsi və Kəşmir problemi ilə bağlı mövqeyini bundan sonra da dəstəkləyəcək./Oxu.az
Telegram kanalımız