Topaz Premyer Liqasının son turunda “Sumqayıt” – “Keşlə” (2:1) matçından sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov istefa üçün müraciət etsə də, bu rəhbərlik tərəfindən qəbul edilməmişdi.
“Yeni Sabah” məsələylə bağlı olaraq, futbol mütəxəssisi Aslan Kərimovun fikirlərini öyrənib. Mütəxəssis baş məşqçinin istefa verməli olmadığını və hazırkı vəziyyətdə komandanın başına kim gətirilsə, situasiyanın dəyişməyəcəyini bildirib:
“Düşünürəm ki, istefa verməli deyil. Amma bir tərəfdən oyunların gərginliyi, xal ala bilməmələri və düşdükləri bu situasiya məşqçi olaraq onu psixoloji yorğunluğa gətirib çıxarıb və gücsüz olduğunu hiss edib. Çox güman ki, buna görə elə bir açıqlama verib. Lakin istənilən halda, o komandaya kimi gətirsən, hazırkı vəziyyəti dəyişməyəcək. Yenə də komandanı Tərlan Əhmədovun özü bu vəziyətdən çıxara bilər. Çünki artıq bir neçə müddətdir ki, komanda ilə birlikdədir. Məncə, bir məşqçi kimi onun keçdiyi məşqlər yox, daha çox rəhbərliyin ona olan etimadı, yaratdığı şərait komandanı bu situasiydan çıxarda biləcək. Dominos pizza
Yəqin ki, rəhbərlik buna görə Tərlan Əhmədovu saxlayıb və bundan sonrakı günlərdə o dəstəyi ona verməyə hazır olacaqlar”.
A.Kərimov “Keşlə”nin son pillədə olmasını heyətə az futbolçu cəlb edilməsində gördüyünü vurğulayıb və belə halda baş məşqçinin çox şey edə bilməyəcəyini söyləyib:
“Bu günki gündə çempionatımızın üst səviyyədə olmamasına görə “Keşlə” kimi bir komandanın hansısa oyunlarda qələbə qazanmağı mümkün idi. Amma uzunmüddətli qələbə qazanması və hər hansı yerlər uğurunda mübarizə aparması üçün komandaya həm yerli oyunçu, həm legioner cəlb etməliydi. Bu da maddi durumla bağlı məsələdir. Maddiyyatın çox deyilsə, keyfiyyətli oyunçular transfer edə bilmirsən. Bu baxımdan, Tərlanın edə biləcəyi çox şey yoxdur”.
Lakin o, “Sumqayıt”la arasında cəmi 1 xal olan “Keşlə”nin çempionatda hələ də şanslarının qaldığını deyib:
“Keşlə”nin şansları var, mövsümün bitməsinə hələ bir neçə oyun qalıb. Nəzəri baxımdan da, potensial baxımdan da baxsaq, “Sumqayıt” “Keşlə”dən çox da qabağa qaçmayıb. Düzdür, hazırki vəziyyətdə “Neftçi”, “Qarabağ” və “Səbail”ə çatması qeyri-mümkündür, amma digər komandaların vəziyyəti o qədər də yaxşı deyil. “Sumqayıt”ın özünü götürək. Bundan sonrakı oyunlarda məğlub ola bilərlər. Digər tərəfdən “Sumqayıt” bu dəqiqə kubok yarışına daha çox diqət ayırıb və çempionatda edəcək bir şeyləri qalmayıb. Kubok yarışında oyunları isə çempionatdakı matçlarına təsir edə bilər. Buna görə də, heç kimsə “Keşlə”nin son pillədə qalacağını iddia edə bilməz. Düzdür, son pillədədirlər, amma bu vəziyyət hər an dəyişə bilər”.
Aslan Kərimov Sənan Qurbanovun tənqid olunması ilə bağlı məsələyə də toxunub. O, bildirib ki, “Qəbələ”nin futbolçuları “Keşlə”nin futbolçuları ilə müqayisədə daha üstün keyfiyyətlərə malikdir. Belə olan halda “qırmızı-qaralar”ın 4-cü pillədə olmasının xoşagələn hal olmadığını söyləyib. Kərimov futbolçularla baş məşqçinin anlaşa bilməməsinin də nəticəyə təsir göstərdiyini qeyd edib:
“Sənan Qurbanovun tənqid olunması düzgündür. Tərlan Əhmədovu qınayırıq ki, “Keşlə” son pillədədir, çünki orada oyunçu keyfiyyəti o qədər də yoxdur. Amma bunu “Qəbələ” haqqında deyə bilmərik. Çünki çempionat başlanandan “Qəbələ”nin heyyətində olan oyunçular hətta “Qarabağ”da belə, oynamaq potensialında olan futbolçular idi. Belə futbolçularla 4-cü yerdə olmaq xoşagələn deyil və haqlı olaraq da, azarkeşlərin narazılığına səbəb olur. Bu məşqçinin texniki və taktiki bacarığı ilə bağlı olan bir şey deyil. Görünən budur ki, futbolçular uzun müddət köməkçi məşqçi kimi çalışan birini, baş məşqçi kimi qəbul etməkdə çətinlik çəkirlər. Bir neçə oyunda bunun şahidi olmuşam. Qıraqdan nəsə deyir, oyunçu baxır üzünə, o da əli ilə göstərir ki, qurtardı getdi. Bu baxımdan oyunçu qəbul edə bilmirsə, nəticəyə də təsir göstərir”.
Naibə Məmmədova
Telegram kanalımız