“Hər iki komandanın kuboku götürməyə şansı var. Amma qalibiyyət kimin daha yaxşı hazırlaşmağından asıldır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Sumqayıt”ın sabiq baş məşqçisi Nazim Süleymanov deyib. Mütəxəssis kubok matçında əsas favoritinin “Sumqayıt” olduğunu bildirib:
“Bu cəmiyyətdə qəribə bir fikir formalaşıb. Birinə azarkeşlik edib digərinə etməyəndə səndən inciyir və yaxud başqa şeylər fikirləşirlər. Amma sırf birini deməli olsam, “Sumqayıt”ı deyərəm. Mən burda anadan olmuşam, bir sumqayıtlı kimi istəyərəm ki, “Sumqayıt” tarix yazsın. Amma həmin oyunda hər iki komanda tarixini yaza bilər. Çünki heç biri heç vaxt kubok almayıblar”.
“Sumqayıt”dan ayrıldıqdan sonra bir müddət işsiz qalan N.Süleymanov klublardan təklif almasa da, yeni ittifaq təşkil etdiyini söyləyib:
“Heç bir klubdan təklif yoxdur. Hansı klubda işlədin, işləmədin, əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin. Hazırda isə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı təsis etmişik və fəaliyyət göstəririk”.
Qeyd edək ki, kubok uğurunda “Qəbələ” – “Sumqayıt” final oyunu 19 may Naxçıvan Stadionunda keçiriləcək.
Naibə Məmmədova
Telegram kanalımız