“Dövlət Sərhəd Xidmətinin Laçında yerləşən nəzarət-buraxılış məntəqəsi ilə bağlı yaydığı məlumat, əlbəttə ki, önəmli bir məqamı əks etdirir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Laçın nəzarət-buraxılış məntəqəsinin müvəqqəti bağlanması faktına toxunub. pizza hut
Xatırladaq ki, DSX-nin bu gün yaydığı bəyanatda qeyd olunub ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə yanaşı sıravi erməni vətəndaşlar da Qarabağ ərazisinə qanunsuz yüklərin daşınmasını həyata keçirməyə cəhd edib. Bundan sonra Azərbaycan tərəfi sərhəd-keçid məntəqəsinin müvəqqəti bağlanılması haqda qərar qəbul edib.
Öz növbəsində, O.Qasımov əlavə edib ki, nəzarət-buraxılış məntəqəsi yaradılandan sonra da Qarabağda yaşayan erməni əhalinin Ermənistana gediş-gəlişi kifayət qədər sadələşmiş və onların rahat şəkildə keçidinə şərait yaradılmışdı:
“O cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən xəstələrin, yaxud yardıma ehtiyacı olan şəxslərin Ermənistandakı xəstəxanalara aparılmasına da imkan verilirdi.
Lakin o zamandan cəmiyyətdə belə bir fikri var idi ki, bu prosesdən sui-istifadə halları ola bilər və bu şübhələr qalmaqda idi. Hazırda DSX-nin sonuncu açıqlaması da həmin şübhələrin heç də əsassız olmadığını göstərdi. Çünki erməni informasiya məkanında da bəzi hallarda Rusiya sülhməramlıları da qınanılırdı ki, ekoloqlarımız Laçın-Xankəndi yolunda aksiya keçirən zaman ruslar hansısa malları qaçaq yollarla daşımaq üçün onlardan yüksək məbləğlər tələb edirdilər. Hətta bir maşının qiymətinin 1.000 dollardan 10.000 dollara qalxdığı da bildirilirdi. Bu kimi ehtimalların Qırmızı Xaç tərəfindən edilməsi şübhələri də var idi ki, Qarabağdakı müəyyən şəxslərin Ermənistana gediş-gəlişi həm də onların vasitəsilə təmin olunurdu”.
Analitikin fikrincə, DSX bu məsələlərlə bağlı rejimi, yəqin ki, daha da sərtləşdirəcək:
“Xatırladım ki, keçən ayın 15-i Həkəri körpüsü üzərində bayrağımız qaldırılan zaman təxribat baş vermiş və hərbçimiz yaralanmışdı. Ondan sonra Azərbaycan tərəfi sərhəd-keçid məntəqəsinin fəaliyyətini müvəqqəti dayandırmışdı. İndi isə ikinci belə bir halla rastlaşırıq. Bu isə o deməkdir ki, Azərbaycan həmin körpüdən gəlib keçən yüklərin və şəxslərin yoxlanmasını daha da sərtləşdirəcək. Bu tədbir isə sırf nəzarət-buraxılış məntəqəsinə aiddir.
Qaçaqmalçılığa gəldikdə isə bu ada müxtəlif kateqoriyalı mallar daxildir ki, bunların içində həm də hərbi vasitələr ola bilər. O baxımdan, Azərbaycan tərəfinin addımı məntiqli və doğrudur”.
“O ki qaldı növbəti addımların sərtliyinə, əlbəttə ki, Azərbaycanın qarşısında duran 2 əsas məsələdən biri Qarabağ ərazisində qalmaqda olan Ermənistan ordusunun qalıqları və bölgədəki silahlı birləşmələrdir ki, bunların tərksilah edilməsi hazırda ən əsas prioritet məsələdir. Bununla bağlı Azərbaycanın mövqeyi bəllidir və Azərbaycan bu haqda ən yüksək səviyyədə mövqeyini bildirib. Əlbəttə ki, silahsızlaşdırma ilə bağlı kifayət qədər sərt addımlar atıla bilər. Amma hələ ki Ermənistan, o cümlədən bölgədə sülhməramlı missiya həyata keçirən Rusiya tərəfinə də bununla bağlı müəyyən bir zaman tanınılıb. Dövlət başçısı keçən ay “Komando” hərbi birliyinin yeni hərbi hissəsinin açılışında da belə bir fikir səsləndirmişdi ki, silahsızlaşdırma olmalı və oradakı hərbi birləşmələr bölgəni tərk etməlidir. Üstəlik, biz təmkinlə bu prosesi gözləməyə də hazırıq. Bu təmkinin və səbrin də, əlbəttə ki, bir həddi var.
Fikrimcə, əgər qarşı tərəf, adekvat addımlar atmasa, onda Azərbaycan özünün sərt addımlarını ata bilər. Amma nəzarət-buraxılış məntəqəsindəki durum bir az fərqlidir, baxmayaraq ki, biri digəri ilə bağlıdır. Xüsusilə də bölgədə qanunsuz hərbi birləşmələr olmasa, orada qaçaqmalçılığa da ciddi bir ehtiyac olmaz. Bu addımın atılması o deməkdir ki, gələcəkdə həmin silahlılarla bağlı daha sərt addımlar atıla bilər” - deyə müsahibimiz vurğulayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız