“Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə, həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir”.
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.
Nazir suriyalı muzdlular barədə uydurulan hekayələrə və ittihamlara da münasibət bildirib: pizza hut
“Biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur”.
C.Bayramov Azərbaycanın nəzarətində olan xristian abidələrinin vəziyyətindən də söhbət açıb:
“Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaqdır. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilmişdir”.
Nazir Ermənistanla Azərbaycan arasındakı müharibənin dini münaqişə olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Onun sözlərinə görə, bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.
C.Bayramov Şuşadakı kilsəyə və bəzi mülki binalara mərmi atılmasına da münasibət bildirib:
“Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik”.
Telegram kanalımız