"Meriyadan mitinqlə bağlı hər cür cavab gözləyirik, hər şey ola bilər. Biz “Sərbəst toplaşmaq azadlığı” haqqında qanunun maddələrinin əməl olunması nöqteyi-nəzərdən hər şeyi edirik ki, meriya əlavə bəhanələr tapa bilməsin, qanunun həyata keçməsində maraqlı olsun”.
Bunu Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Yeni Sabah”a aprelin 7-nə təyin edilmiş mitinqdən danışarkən bildirib. O deyib ki, hakimiyyətin hansı addım atacağını qabaqcadan söyləmək çətindir:
“Qanunun maddələrinə əməl etməklə çalışırıq ki, bəhanələr kəsilsin. Amma meriya mitinqə icazə verməzsə, bu o deməkdir ki, hakimiyyət “Sərbəst toplaşmaq” haqqında qanuna qoyulan məhdudiyyətləri hələ də davam etmək fikrindədir. Bu da hakimiyyətə hər hansı müsbət imic gətirməyəcək”. pizza
G.Aslanlı həmçinin ötən həftə imzalanan əfv sərəncamından da söz açıb:
“Sərəncamla bilirsiniz, siyasi məhbuslardan bəziləri azad edildi. Lakin bu sərəncam bütöv deyildi. Yəni 70-dən artıq siyasi məhbus hələ də həbsdədir. Onların azad olunması istiqamətində mübarizəmiz davam edəcək”.
Qeyd edək ki, Müsavat Partiyasının Divanı aprelin 7-də mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib. Aksiyanın “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Azad seçki” və digər şüarlar altında keçirilməsi nəzərdə tutulur. Mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət təqdim olunub. Müraciətdə aksiya ilə bağlı 3 marşrut göstərilib.
Günay Rəsulqızı
Telegram kanalımız