Məşədi İbada qarşı reketlik edənlər: Əgər o başıboş adam idisə…

saytların hazırlanması

Evə çatdırılma

Məşədi İbada qarşı reketlik edənlər: Əgər o başıboş adam idisə…

Mədəniyyət

03 May 2021 15:53 1837


“O olmasın, bu olsun”la bağlı həm Üzeyir Hacıbəyliyə, həm də eyniadlı filmin yaradıcılarına bəzi iradlarım var.

Filmə dəfələrlə baxmışam, amma hələ də başa düşmürəm, niyə elə ilk kadrlarda hadisələrin 1910-cu ildə, Bakıda baş verdiyini bildirən titr görünür? Bu tarix nəyə əsasən götürülüb?

Titrdəki “Bakı” sözünü hələ anlamaq olar, ortada qoçu söhbəti, şəhərin tanış məkanları görünür, Qoçu Ələsgər kimi personaj var. Toyuqlu pizza

Sonrakı epizodlarda Sərvər student (tələbə) yoldaşları ilə “Molla Nəsrəddin” jurnalının redaksiyasına təşrif gətirir. Bu necə ola bilər, axı “Molla Nəsrəddin” o vaxtlar Tiflisdə nəşr olunub...

Yeri gəlmişkən, “O olmasın, bu olsun”un kinoya köçürülməsində Azərbaycan kinematoqrafı nə az, nə çox, düz 3 il gecikib. “Məşədi İbad”ı ilk ekranlaşdıran iranlı rejissor Həsən Sabahidir. Onun 1953-cü ildə Azərbaycan dilində çəkdiyi (88 dəqiqəlik) filmindən sonra Hüseyn Seyidzadə 1956-cı ildə operettanın ekran fərziyyəsini yaradıb.

Ssenari müəllifi Sabit Rəhmanın Üzeyir Hacıbəylinin əsərinə müəyyən əlavələr etdiyi məlumdur. Bir oxucu və tamaşaçı kimi, bəzi əlavələr yerinə düşüb, bəzi artırmalara isə irad bildirmək cəsarətindəyəm.

Əslinə baxanda, bəlkə də Rauf Talışinskidən sonra “O olmasın, bu olsun” haqqında yazmaq artıqdır. Çünki mərhum həmkarım Məşədi İbada nisbətən haqsız yanaşmanın ilk tənqidçisi olub. O yazmışdı ki, operettada yeganə hörmət olunası şəxs yalnız Məşədi İbaddır, çünki halallıqla pul qazanır.

Üzeyir bəyin özü də baş personajına ifrat yanaşmasını sonralar etiraf edib. Amma oxucu-tamaşaçı birləşməsində kütləvi şüur, operetta müəllifi ilə müqayisədə, Məşədi İbada münasibətdə daha rəhmsiz, hətta ədalətsizdir.

Nədənsə əksəriyyət Məşədi İbadın “Mən “Tarixi-Nadir”i yarıyacan oxumuşam” deyiminə istinadla onun küt, avam olduğu qənaətindədir. Həm də kimlərsə öz savadsızlığı ilə məlum salnamənin səhifə yarımlıq olduğunu kütləvi şüura sırıyıb. Halbuki “Tarixi-Nadir”in 2 məlum nüsxəsi (müəlliflər – Mirzə Mehdi xan və Əmir Mir Yusif Milani) var və biri dübbədüz 420 səhifəlik kitabdır.

Mən hələ Məşədi İbadın klassik ədəbiyyatdan agahlığını demirəm. “O olmasın, bu olsun”da avam saydığımız personaj Sədi və Hafizdən qəzəllər söyləyir. Filmdə zifaf gecəsi şamları yandırarkən, farsca oxuduğu qəzəli xatırlayın:

Şəb əst, şahid o şam o şərab o şirini,

Qənimət əst ke, şəbe ruya dustan bini

(Gecədir, gözəl dost, şam, şərab, şirni,

Bir gecə dostların üzbəüz olmaq da qənimətdir).

Ən əsası bilirsizmi nədir: əgər Məşədi İbad, həqiqətən, korazehin, başıboş adamdırsa, o, zəngin tacirə necə çevrilib?

Yox, Məşədi İbad sadəlövh baqqal deyil, o, hiyləgər, fəndgir, hər qəpiyinin qədrini biləndir. “O olmasın, bu olsun”un hamam səhnəsində hamamçı Məşədi Qəzənfərə görün nə deyir: “Məşədi Qəzənfər, sənin yadına gəlməz, o zaman çox kiçikdin, mənə ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı rəhmətlik Sonanı almışdım, toy bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik atan Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi, eybdir ki... nə qədər elədim pul almadı, yalvardım-yaxardım, almadı ki almadı...”

Yox, bu tacirdən asanlıqla pul qoparmaq mümkün deyil.

Əlbəttə, özgə cibinə göz dikən zəlilər bütün dövrlərdə olub, amma heç kim pul kisəsini özgə üçün xoşluqla açmayıb. Məşədi İbad isə nədənsə hamamçıya, belini qırdığı hambala pul vermək istəmədiyi halda, intelligent, müxtəxor bəylər qarşısında naçar qalır, sağa-sola pul dağıdır. Niyə? Səbəb yalnız dialoqlardan anlaşılır: “istəyirsən, qubernatoru bura gətirim...”, “qəzetdə biabır edim...” Deməli, zəmanəsinin uğurlu iş adamı olan Məşədi İbad səlahiyyət sahiblərindən çəkinir, məmurlarla yaxınlığı olan fürsətçilərdən qorxur, “reketçi qəzetçilər”in qarşısında dala verir...

Yəni vəziyyət lap elə indiki kimi imiş!..

Bir neçə məsələdə Üzeyir Hacıbəyli, məni oxucu olaraq, əsla inandıra bilmir. Personajlarını sadalayarkən: “Gülnaz – 15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir. Sərvər – 25 yaşında, bir studentdir ki, Gülnaza aşiqdir”.

XIX əsrdə çar Rusiyasında 15 yaşlı oğlanlara və 13 yaşlı qızlara yalnız Cənubi Qafqazda evlənmə icazəsi verilirdi. Rusiyanın qalan hissəsində bəyin 18 yaşında, gəlinin isə 16 yaşında olması vacib şərt idi. Tələbələrin təhsil aldıqları müddətdə evlənməsinə ümumiyyətlə icazə verilmirdi. Nə Qafqazda, nə qeyri-Qafqazda. Bəs student Sərvər bunu necə edir?

Rus rublunun yüksək məzənnəsi də “O olmasın, bu olsun”da 5 min manatlıq zərəri şübhəyə alır. Deyəsən, Üzeyir bəy rəqəmlərin sonuna “sıfır”ları artırarkən ifrata varıb.

Boris Akunin “Qara şəhər” romanında yazır: “Bakıda alın təriylə qazanılmayan böyük pul kütləsi əldən-ələ keçir. Belə hallarda həmişə olduğu kimi, xüsusən, mərkəzi hökumətdən uzaq məsafədə yerləşən məkanda, bu geniş və zil qara cəngəllikdə bir-birindən ov qoparan, dişlərini qıcartmış çox sayda yırtıcı var. Neft baronları qazanc üstündə bir-biriylə didişir; türklər və ermənilər düşmənçilikdədir; qan davası adəti geniş yayılıb; hər yerdə xarici casuslar vurnuxur; hər növ inqilabçılar talan və qəsblə məşğuldur, bundan başqa, şəhər cinayətkarlarla dolub-daşır. Hər gün şıq geyinmiş insanlara hücumlar olur: başı üzərində qara buludların toplaşdığı bu şəhərdə demək olar ki, hər bir nəcabətli bəyin pul qabında külli miqdarda əsginas, cibindəsə qızıl saat var. Buna görə də, az-çox ehtiyatı əldən verməyən şəxs özünümüdafiə üçün silah gəzdirir, əlbəttə, cangüdəni yoxdursa...”

Paytaxtda, o zamanlar isə quberniya mərkəzində kriminal vəziyyətin dözülməzliyini ötən əsrin əvvəlində nəşr olunmuş “Bakinets” qəzeti bir cümlə ilə belə təsvir edib: “Bakıda istənilən adamı 5 rubla öldürmək olar…”

Məşədi İbadın əğyar saydığı Sərvərin canına qıyma cəhdi isə 2 min manata başa gəlir.

Niyə belə baha?

Əziz Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!