““Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma 2008-ci ildən etibarən orta məktəblədə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçirilməyə başlayıb. Bu o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-xi ildə IX snif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib:
“Şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir. Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəyinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Halbuki, kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir. Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir. Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və mənimsəyiblərsə, yeni sistemdə də ənənəvi, köhnə qaydadan istifadə edirlər”. pizza mizza
Ekspert bildirib ki, real vəziyyətə görə, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər:
“Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil. Hesab edirəm ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir. Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər istəyiriksə müəllimlər kurikulumu, müasir təhlili, qiymətləndirməni bilsinlər, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır. Təsəvvür edin, 2017 və 2018-ci illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar 5 alan olmadı. Bu ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər. Bu kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların “KSQ”, “BSQ”, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi, qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır”.
Ekspertin sözlərinə görə, müəllimlər kurikulumu qəbul etmək istəmirlər:
“Düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu o demək deyil ki, onlar kurikuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır. Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçirlər. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər”.
O qeyd edib ki, dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib:
“Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üçün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplom, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər. Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib 3-5 sual yazmaqla kurikulum öyrənmək olmaz. Təhsil nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Düşünürəm ki, məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə bunu mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz 6 aydan az olmamaq şərti ilə kurikulum təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır. Müəllimlər üçün kurikulum təlimləri təşkil edən qurumlar, ancaq kağız üzərində təlimlər keçirlər. Ən çox da kurikulum təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar. O təlimləri keçənlər kurikulumu dəqiq öyrənmirlər. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi digər qurumlardan fərqli olaraq, bu işi daha peşəkar səviyyədə təşkil edir. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirirlər. Müəllimlərin biliyi bu qurum tərəfindən yoxlanarsa və yüksək nəticə göstərən müəllimlərə sertifikatlar verilərsə, bu, qısa müddətdən sonra arzuolunan nəticəni ortaya qoya bilər”.
Əsmər Qabil
Telegram kanalımız