“Ermənistan sülh müqaviləsinin imzalanmasını istəmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O, ötən gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan istiqamətində həyata keçirilən növbəti erməni təxribatından söz açıb.
Xatırladaq ki, məlum təxribatda 2 erməni diversantı ötən gün hərbçilərimiz tərəfindən ələ keçirilib.
Məsələ münasibət bildirən V.Əhmədovun sonuncu təxribat barəsində danışaraq bildirib ki, Nikol Paşinyan elə bir müqavilə imzalansa, onu mütləq hakimiyyətdən qovacaqlarını bilir:
“O, bunu başa düşür və bilir ki, proses artıq yaxınlaşır. Çünki həm Moskva, həm də Brüsseldə, xüsusilə də Brüsseldə Avropa İttifaqı və ABŞ Azərbaycanın mövqeyini müdafiə edirlər. Son vaxtlar Moskvadakı görüşdə cənab Prezident Paşinyana çox kəskin cavablar verdi. Dövlət başçısı həm ərazi bütövlüyü, həm də Laçın dəhlizi ilə əlaqədar reallıqları çatdırdı. Ona görə də məsələ yekunlaşmaq üzrə olduğu üçün onlar bu təxribatlara əl atırlar”.
Milli Məclisin deputatına görə, erməniləri bu dəqiqə ən çox narahat edən Laçın dəhlizidir:
“Çünki həmişə oradan Qarabağa silah-sursat daşıyırdılar. İndi isə o dəhliz Azərbaycanın nəzarəti altına keçib. Yəni ruslar yola nəzarət etsə də, Azərbaycan yolun girəcəyində öz postunu qurub və nəzarət mexanizmi həyata keçirilir. Bu gün separatçılar çox ciddi problemlər yaşayırlar ki, silah-sursat və digər texnikaları oradan daşıya bilmirlər. Ona görə də Zəngilan istiqamətindəki kimi təxribatlar gözləniləndir və bu təxribatlara hazır olmaq lazımdır”.
Millət vəkili hesab edir ki, məsələ, ümumiyyətlə, yekunlaşmaq üzrə olduğu üçün onlar daha çox özlərindən çıxıb nə isə etmək, eləcə də Azərbaycanı təxribata çəkmək istəyirlər:
“Amma yenə deyirəm ki, Moskva görüşündə də bir daha təsdiq olundu ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və heç bir problem ola bilməz.
Nə qədər ki orada rus ordusu fəaliyyət göstərir, təxribatların olacağını istisna etmirəm. Çünki ruslar da istəmirlər ki, bölgədən sülhməramlıları çıxarılsın, sülh sazişi imzalansın və s. Onlar üzdə münasibətlərin müsbət olmasını istəyirlərsə, arxada istəyirlər ki, daim Qarabağda qalsınlar və həm Azərbaycana, həm də Ermənistana bunu təzyiq aləti kimi istifadə etsinlər. Qısası, belə təxribatlar gözləniləndir, olacaq, amma Azərbaycan Ordusu, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidməti bu işlərdə çox fəal işləyirlər və istənilən təxribatın qarşısını alacaqlar”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız