Xəbər verdiyimiz kimi, bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda İspaniyanın nəhəng klublarından olan “Sevilya”nı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək çətin oyunla bağlı Ağdam klubunun sabiq futbolçusu və futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan A. Kərimov oyunu belə şərh edib:
“Düşünürəm ki, “Qarabağ”ın işi o qədər də asan olmayacaq. Bu mövsüm ərzində oynadıqları ən çətin matçlarını keçirəcəklər. 5 qat Avropa Liqası qalibi “Sevilya”ya qarşı oynayacaqlar. Sözsüz ki, onların da itkiləri var. “Qarabağ”da da Bədavi Hüseynov uzun müddət idi ki, oynamırdı, oynamağa təzə başlayıb”.
Ağdam təmsilçisinin bu matçda hansı taktika ilə oynayacağından danışan mütəxəssis “Sevilya”nın oyununa təsir edəcək mənfi amilləri də qeyd edib:
“Qarabağ” müdafiəni meydanın mərkəzində qurub heyətində olan sürətli yarımmüdafiəçilərindən istifadə edərək, cinahlardan sürətli keçidlər edib xoşbəxtliyini axtaracaqlar. Düşünürəm ki, qol vura bilərlər, doğma meydanda oynayırlar. “Sevilya” İspaniyadan buraya gəlmək üçün uzun məsafə qət ediblər. Bu onlar üçün halsızlıq gətirə və ağır ola bilər. İkinci bir tərəfdən bir az “Qarabağ”ı da saymaya bilərlər. “Sevilya” üçün nə “Dudelanj”, nə də APOEL baş ağrısı olacaq. Nəyin bahasına olursa olsun, bu qrupdan 1-ci yerdə çıxacaqlar. Və burda da böyük güc sərf edəcəklərinə, sözün düzü, inanmağım gəlmir. Hərçənd, “Sevilya”ya qarşı oynayırsansa, ağır oyun keçəcək”.
Naibə
Telegram kanalımız