İranın Birinci vitse-prezidenti Məhəmməd Müxbir helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Ali Rəhbər Ayətullah Xamnəi ona bu vəzifəni rəsmən etibar edib. İran Konstitusiyasına görə, o, 50 gün ərzində, yəni yeni prezident seçkiləri başa çatana qədər bu vəzifəni icra edəcək.
Məhəmməd Müxbir kimdir? Onun haqqında nə məlumdur?
Yenisabah.az Birinci vitse-prezidentin tərcümeyi-halını təqdim edir: pizza mizza
Məhəmməd Müxbir 1955-ci ildə Dizful şəhərində anadan olub. Onun atası Şeyx Abbas bir müddət şəhər məscidində cümə imamı olub. Cənab Müxbir Şəhid Behexti Universitetində beynəlxalq hüquq üzrə fəlsəfə doktoru və Dizful Universitetində idarəetmə üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir.
O, İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda Dizful şəhərindəki korpusda səhiyyə zabiti kimi xidmət edib. “Müstəzəfin Fondu”nun ticarət və nəqliyyat üzrə vitse-prezidenti, “Sina Bank”ın idarə heyətinin rəhbəri, Xuzistanın cənub-qərb əyalətinin qubernatorunun müavini vəzifələrində çalışıb. Müxbir, həmçinin “Xuzistan” və “Dizful” telekommunikasiya şirkətlərinin idarəçiliyində menecerlik edib.
2007-ci ildən o, İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin əmri ilə yaradılmış “Setad” investisiya fonduna rəhbərlik edib. Fond 1979-cu il İslam İnqilabından sonra atılmış əmlakı satır və idarə edir. 2013-cü ildəki hesabatında “Reuters” xəbər agentliyi “Setad”ı “böyük iqtisadi imperiya” adlandırıb və o zaman onun aktivlərinin 95 milyard dollar dəyərində qiymətləndirib.
2010-cu ildə Avropa İttifaqı Məhəmməd Müxbirə “nüvə silahları və ya ballistik raketlərlə bağlı fəaliyyət”də iştirak etdiyinə görə sanksiyalar tətbiq edib. 2 il sonra o, sanksiya siyahısından çıxarılıb. 2013-cü ildə ABŞ Maliyyə Nazirliyi “Setad” və fondun nəzarətində olan 37 şirkəti sanksiyalara məruz qalan təşkilatlar siyahısına əlavə edib.
COVID-19 epidemiyası zamanı Məhəmməd Müxbir İranda koronavirus peyvəndi hazırlayan “Setad” Fondunun əsas bölmələrindən biri olan “Bərəkət” İnstitutuna rəhbərlik edib.
2021-ci il avqustun 8-də İbrahim Rəisinin prezident seçilməsindən sonra Məhəmməd Müxbir İranın Birinci vitse-prezidenti təyin edilib. O, keçmiş prezident İbrahim Rəisi kimi, bütün hökumət işlərində son söz sahibi olan Ali Rəhbər Ayətullah Xamnəiyə yaxın adam hesab olunur.
2022-ci ilin oktyabrında Məhəmməd Müxbir hökumət nümayəndə heyətinin tərkibində II Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Moskvaya səfər edib. “Reuters”in mənbələrinə görə, Tehran bundan sonra “Rusiya silahlı qüvvələrinə yer-yer raketləri və əlavə pilotsuz təyyarələr verməyə” razılaşıb. Amma bu məlumatın rəsmi təsdiqi yoxdur.
Prezident səlahiyyətlərini icra edən cənab Məhəmməd Müxbir parlamentin spikeri və məhkəmə hakimiyyətinin başçısı ilə birlikdə prezidentin ölümündən sonra 50 gün ərzində yeni prezident seçkilərini təşkil etməli olan komissiyanın üzvüdür.
Məhəmməd Müxbir bir sıra elmi nəşrlərin, o cümlədən “Dünyanın ən yaxşı iqtisadçıları” (2012), “Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində cəzanın əsaslandırılması” (2013), “İqtisadi İnkişafa ədalətli yanaşma” (2014) və “İranda sürətli iqtisadi artım” (2015) kimi elmi əsərlərin müəllifidir.
Nazim Hacıyev
Telegram kanalımız