“Neftçini məğlub etdiyimiz üçün özümü xoşbəxt hiss edirəm” – Əmir Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Neftçini məğlub etdiyimiz üçün özümü xoşbəxt hiss edirəm” – Əmir Ağayev

İdman

04 May 2019 08:09 1261


“Bu günə qədər necə ki, hər oyuna qələbə qazanmaq üçün çıxırdıqsa, qarşıdan gələn son iki oyuna da eyni məqsədlə çıxacağıq. “Sabah” və “Qəbələ” ilə oyunlarda əsas hədəfimiz maksimum nəticə göstərib, çempionatı daha yüksək pillələrdə bitirmək olacaq”. 
Bu sözləri “Yeni Sabah” açıqlamasında “Sumqayıt”ın israilli yarımmüdafiəçisi Əmir Ağayev deyib. Həm “Neftçi” ilə, həm də “Zirə” ilə oyunda fərqlənən futbolçu təəssüratlarını bölüşüb:
“Bildiyiniz kimi yanvarın son günlərində komandaya qoşuldum. Burada çox gözəl kollektivimiz var. Uyğunlaşmada çətinlik çəkmədim. Lakin elə oldu ki, bir müddət zədə üzündən meydanlardan kənar qaldım. Xeyli müddət var gücümlə məşq edib əvvəlki formamı bərpa etmək üçün çalışdım. Bəli, “Neftçi” ilə oyunda bir qol vurdum və bir məhsuldar ötürmə etdim. “Zirə” ilə oyunda da assist ilə yadda qaldım. Çempionatda “Neftçi” kimi komandanı məğlub etdiyimiz üçün, kubokda finala vəsiqə qazandığımız üçün və komandamın bu uğurlarında az da olsa əməyim olduğuna görə özümü çox xoşbəxt hiss edirəm”. 
O, “Qəbələ” ilə oyunda sürpriz gözləmədiklərini və kuboku qazanmaq üçün çalışacaqlarını söyləyib:
 “Qəbələ” və “Qarabağ” kimi klubların fərqi hamıya məlumdur. Heyətlərində təcrübəli legionerləri, güclü yerli oyunçuları olduğundan həmişə Premyer Liqada çempionluq uğrunda mübarizə aparıblar. Məncə, burada sürprizdən söhbət gedə bilməz, çünki, hər iki klub Azərbaycanın ən güclülərindəndir. Biz də finalda “Qəbələ”yə qarşı var gücümüzlə oynayıb, Azərbaycan Kubokunun qalibi olmaq istəyirik. Əsas məqsədimiz çempion olmaq və bu uğurumuzu Sumqayıt şəhərinin yubileyinə hədiyyə etməkdir”.
Naibə Məmmədova 
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!