Dünya bazarında neftin kəskin ucuzlaşması gündəmin əsas müzakirə mövzusudur. Neftin ucuzlaşmasının səbəbləri barədə ən müxtəlif ehtimallar irəli sürülür. Bunu koronavirus, supergüclərin iqtisadi-siyasi maraqları, Rusiya və Çinin çökdürülməsi planları ilə əlaqələndirənlər var.
Baş verənləri Yenisabah.az-a şərh edən iqtisadçı ekspert Nazim Bəydəmirli deyib ki, 2016-cı ildən OPEK+ ölkələri arasında neft hasilatının azaldılması müzakirə olunur və bu müzakirələrdə Rusiya xüsusi fəallıq göstərir.
“Çünki hasilatın azaldılması bir tərəfdən daha çox neft istehsal edən və iqtisadiyyatının əhəmiyyətli hissəsini enerjidaşıyıcıları tutan ölkə kimi Rusiyanın iqtisadi maraqlarına, digər tərəfdən ABŞ-ın layihəsi olan “slans inqilabı”nı əngəlləməklə siyasi maraqlarına cavab verirdi. Sezar pizza
Səudiyyə Ərəbistanı ilə Rusiya arasında bu məsələdə razılıq əldə edilsə də, göründüyü bu uzunmüddətli olmadı və nəticədə neftin qiymətində kəskin ucuzlaşma baş verdi. Doğrudur, burada koronavirus təhlükəsinin də rolu var. Bu virus dünyanın bir çox ölkələrində geniş yayılıb. Bu baxımdan həmin ölkələrlə təmaslar məhdudlaşdırılıb. Bu isə təbii olaraq neftə tələbatı azaldıb. Lakin düşünürəm ki, əsas səbəb məhz supergüclərin iqtisadi və siyasi maraqlarının toqquşmasıdır”, -deyə Nazim Bəydəmirli vurğulayıb.
Onun fikrincə, supergüclər arasında yaranmış konfrantasiyadan Azərbaycan kimi kiçik ölkələr də əziyyət çəkir. “Azərbaycan da neft istehsalçısıdır və enerejidaşıyıcıları bizim iqtisadiyyatın nüvəsini təşkil edir. Amma biz bazarda böyük dövlətlərlə, daha doğrusu Azərbaycandan qat-qat çox neft istehsal edən ölkələrlə rəqabət aparmaq iqtidarında deyilik. Neftin ucuzlaşması manata təzyiqi artıracaq.
Nəzərə alsaq ki, Azərbaycanda istehlak mallarının 80 faizi idxal olunur, o zaman bahalaşmanın da qaçılmaz olacağını söyləmək olar. Hesab edirəm ki, hökumət təcili preventiv tədbirlərə əl atmalı, ilk növbədə məmur sahibkarlığına, monopoliyaya son qoyulmalı, xaricdə saxlanılan vəsaitlər kiçik faizlərlə yerli banklara verilməli, kiçik və orta sahibkarlığın inkişafına ciddi dəstək göstərilməlidir”, - deyə iqtisadçı ekspert bildirib.
Telegram kanalımız