“Netflix” dünyada milyonlarla izləyicisi olan “Maşa və Ayı” cizgi serialı ilə bağlı əməkdaşlığını genişləndirib. Platforma layihənin 8-ci və 9-cu mövsümlərinin yayım hüquqlarını əldə edib. Bununla yanaşı, əvvəlki mövsümlər və serial əsasında hazırlanmış əlavə layihələrin yayımı da davam etdiriləcək.
"Yeni Sabah" xəbər verir ki, beynəlxalq media bu qərarı “Netflix”in uşaq məzmunu sahəsində ən uğurlu layihələrindən birinə növbəti dəfə etimad göstərməsi kimi qiymətləndirib.
Məlumata görə, yeni müqavilə çərçivəsində serialın ilk yeddi mövsümü, eləcə də “Maşanın nağılları” və “Maşanın qorxulu hekayələri” kimi spin-off layihələri platformada qalacaq. Razılaşma ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Hindistan, Latın Amerikası ölkələri və Avropanın bir sıra dövlətləri də daxil olmaqla 100-dən çox ölkəni əhatə edir. Sezar pizza
Yeni mövsümlərdə tamaşaçıları fərqli süjet xətti gözləyir. İlk dəfə olaraq Maşa uşaq bağçasına gedəcək və onun yeni mühitdə yaşadığı hadisələr ekranlaşdırılacaq. Eyni zamanda, qış mövzulu bölümlərdə Yeti ailəsinin sərgüzəştləri də nümayiş olunacaq. Layihə müəllifləri yeni seriyalarda xüsusi hadisələrə həsr olunmuş bölümlərin və əsas personajlarla bağlı mühüm yeniliklərin yer alacağını bildiriblər.
Qeyd edək ki, rus xalq nağılları motivləri əsasında hazırlanan “Maşa və Ayı” ilk dəfə 2009-cu ildə yayımlanıb. Qısa müddətdə dünyanın ən məşhur uşaq animasiya layihələrindən birinə çevrilən serial milyardlarla baxış toplayıb və onlarla dilə tərcümə olunub.
Xarici mətbuatda yer alan məlumatlara görə, layihənin yaradıcısı Oleq Kuzovkov hazırda franşiza əsasında tammetrajlı animasiya filmləri üzərində də çalışır. Bundan əlavə, serialın istehsalçısı olan "Animaccord" şirkəti personajların müəllif hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində hüquqi proseslər aparır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız