“Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev Novruz Bayramı münasibəti ilə xalqa müraciətində deyib. O, bildirib ki, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub: “İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək”.
İ. Əliyev bu gün isə çox ciddi sosial paketin təsdiqləndiyini və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olacağını qeyd edib: “Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır”. pizza
Prezident qeyd edib ki, islahatlar dərinləşəcək və islahatlara alternativ yoxdur: “Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.
Telegram kanalımız