“Səbail”in futbolçusu Rahid Əmirquliyevin “Yeni Sabah”a müsahibəsi:
- “Qarabağ”la oyunda ardıcıl qollardan sonra mübarizə aparmamağınız digər tərəfdə “Qəbələ”nin “Neftçi”yə məğlub olması idimi?
-“Qarabağ”la oyun bizim üçün vacib idi. “Qəbələ” “Neftçi”ni udsaydı, 3-cü yer uğurunda mübarizə son tura qalacaqdı. Ona görə də “Qarabağ”la oyunda 3-cülüyümüzü təmin etmək istəyirdik. Ancaq həmin oyun bizdə alınmadı, yaxşı oyun keçirmədik və 4:0 məğlub olduq. Ancaq bu o demək deyil ki, məğlubiyyətimiz “Qəbələ” – “Neftçi” matçı ilə bağlı idi. Həmin oyunun nəticəsindən bizim heç xəbərimiz də yox idi. Sadəcə o gün bizim günümüz deyildi. “Qarabağ” bizdən üstün oynadı, layiqincə də qələbə qazandı. pizza hut
- Mövsümün son oyununda da autsayderə 1:4 hesabı ilə məğlub oldunuz. Arxayınlıq idi, ya “Keşlə” ilə bacarmadınız?
- O oyunun əhəmiyyəti yox idi. Ona görə də belə oyuna hazırlaşmaq çətin olur. Deməzdim ki, həmin matç bizdə alınmadı. Məğlubiyyəti ancaq motivasiya ilə əlaqləndirirəm. Motivasiyamız heç yox idi. Hava şəraiti də isti olduğundan oynamaq bir az da çətinləşmişdi.
- Bir zamanlar “Qarabağ”da da forma geyinmisiniz. Keçmiş klubunuzu təbrik etdinizmi?
-“Qarabağ”da çoxlu dostlarım, tanışlarım var. Onları təbrik etmişəm. Həm də “Qarabağ”ın çempionluğu bizimlə oyundan sonra rəsmiləşdi. Həmin oyundan sonra onları elə orada da çempionluq münasibəti ilə təbrik etdim.
- Müqavilə müddətinizi bir il daha artırdınız. Özünüz istədiniz, ya klubdan təklif gəldi?
- Klub mənə təklif göndərdi. Rəhbərliklə danışdıq. Qərara gəldik ki, 1 il də müqavilə müddətini uzadım. 1 il daha “Səbail”in uğurları üçün çıxış edim.
- Digər klublarımızdan və ya xarici klublardan təklif var idimi?
- Xarici klublardan yox, amma bəzi Azərbaycan klublarından təklif gəlmişdi. Ancaq mən “Səbail”də qalmağa üstünülük verdim. “Səbail”in gələcək planları ilə də tanışam. Hamsını ölçüb-biçib kontraktı uzatdım. Baxmayaraq ki, burada bir il çıxış etmişəm, mənim üçün doğma olub. Həm də bura mənə çox rahatdır. Bizim gözəl kollektivimiz var, ailə kimiyik. Ona görə də “Səbail”də qalmağa qərar verdim.
- Hansı Azərbaycan klublarından təklif var idi?
- Məncə, bu klubların adını indi demək düzgün deyil. “Səbail”lə müqaviləni artıq artırmışam. Düşünürəm, buna görə həmin klubların adını çəkmək lazım sayılmaz.
- “Qarabağ”, “Xəzər-Lənkəran”, “Səbail” - hansı daha doğmadır?
- Bu siyahıya “Şahdağ”ı da əlavə etmək olar. Mən “Şahdağ”ın yetirməsiyəm, orada futbola başlamışam. Amma o 3 klub arasından “Xəzər-Lənkəran”ı seçərdim. Orada çox oynamışam, demək olar, ən yaxşı vaxtlarım elə “Xəzər-Lənkəran”da olub.
- “Uğur” – “Şahdağ” matçında oradaydınız. Keçmiş klubunuzun məğlubiyyəti haqqında nə deyə bilərsiniz?
- Bəli, oyunu izləyirdim. İstəyirdim, “Şahdağ” regional liqanın qalibi olsun. Təəssüflər olsun, olmadı. Oyuna gəlincə, “Şahdağ” birinci hissədə yaxşı oyun nümayiş etdirdi. Bir-iki fürsət də yaranmışdı, amma istifadə edə bilmədilər. “Uğur” ikinci hissədə “Şahdağ”dan üstün oynadı. Bilmirəm, “Şahdağ”da uşaqlar yoruldular, ya necə. Bu futboldur, hər şey ola bilər. Bunu yaddan çıxardıb gələn sezona hazırlaşmaq lazımdır.
- Avropa Liqasında ölkəmizi təmsil edəcəksiniz. Gözləntiləriniz nədir?
- “Səbail” birinci dəfədir ki, Avroliqada çıxış edəcək. Gənc komandadır, Avropa təcrübəsi yoxdur. Bütün bu amillərə baxmayaraq, “Səbail”in yaxşı heyəti, futbolçuları var. Çalışacağıq, Azərbaycanı layiqincə təmsil edək. Qrupa düşsək, təbii, çox yaşı olar, amma ən azından bir-iki “etap” keçməyə çalışacağıq.
- Avropa Liqasındakı təcrübəsizlik böyük məğlubiyyətlərə səbəb ola bilərmi?
- Avropa təcrübəsi görən futbolçularımız var. Amma bu məsələ rəqibdən də asılı olacaq. Baxır hansı rəqiblə düşə bilərik. Əlimizdən gələni etmək üçün meydana çıxacağıq.
Naibə Məmmədova
Telegram kanalımız