Pamazok -   Hekayə

saytların hazırlanması

Evə çatdırılma

Pamazok - Hekayə

Maraqlı

27 İyun 2021 13:25 3111


Qədir, ay Qədir, Qədir huyyy, ay bala dur, bayır günorta oldu, bir saatdı bu uşaq səni gözləyir. Elə bil ölüm yuxusuna gedib, dur görüm.Qəmər xalanın səsi kəndi başına götürmüşdü. Qədir oyanmırdı ki oyanmırdı.

Qədirgilin evi bizdən iki ev o yana kəndin şimalında idi. İkimərtəbəli evin ikinci mərtəbəsinin dar uzun, açıq eyvanı vardı. Qədir ikinci mərtəbədə günçıxana pəncərəsi olan otaqda yatırdı. Bəzən Qəmər xalanın səsi Qədiri oyada bilməyəndə özüm o yatan otağa çıxıb onu bir zülümlə oyadırdım. Nə vaxt onu oyatmağa qalxsaydım görərdim ki, Qədirin ağzı açıq, tər-suyun içində yatıb, arabir də dodağının altında mızıldanır ki, sən apar qoyunu mən gələcəm. Bilirdim ki, gələcək, amma Qədirin gəlməyi saat on birdən tez olmayacaqdı... O vaxt da qoyun yatan vaxtdır. Onda neyləyirdim Qədiri... verirsən özünü kölgəyə, öynədən sonra qoyun durana qədər yat özünçün.

Qədiri oyadanda hər dəfə üstündəki mələfəni ehtiyyatla qaldırırdım. Qorxurdum ki, Qəmər xalanın başına gələn əhvalat mənim də başıma gələr. Qədir danışırdı ki, bir gün Qəmər xala şam yeməyinə boranı bişirir. Ailənin bütün üzüvləri boranıdan yeyir, çəkilir kənara, şam yeməyinə gecikən Qədirin böyük qardaşı Əbilə boranıdan az qalır. Bişmiş boranının azlığı Əbili küsdürür. Qəmər xala da görür ki, Əbil küsüb, gedir bir beş kiloloq bir boranını doğrayır tökür qazana. Boranı tez bişən tərəvəzdir. Heç iyirmi dəqiqə keçmir ki,  Qəmər xalanın doğrayıb qazana tökdüyü boranı hazır olur. Əbil qoyur boranı qazanını qabağına heç kimə bir tikə də vermədən yeyir. Qarnı doyandan sonra Əbil gedir başını qoyur yastığa, üstünə də çəkir yorğanı. Səhər açılır, Qəmər xala eynən Qədiri yuxudan oyadan kimi başlayır Əbil, ay Əbil, dur görək, mallar qaldı tövlədə. Əbildən səs çıxmır. Əbil, ay Əbil. Qəmər xalanın hökümlü səsi Əbili tam oyandırsa da yerindən qalxmır. Yorğanı da bərk-bərk burnuna qədər çəkir. Qəmər xala yenidən –ay bala dur ayağa –deyib qışqıranda Əbil boğuq səslə-durmuram-deyir. Adə necə durmursan, bayır günorta oldu, mallar qalıb tövlədə-deyib Qəmər xala Əbilin üstündəki yorğanı var qüvvəsi ilə dartıb atır yerə. Yorğan yerə düşəndən sonra Qəmər xala görür ki, Əbilin altı boranı ilə ləmələmdir. Vay səni, buna görə durmurdun? Pepperoni pizza

Əbilin bu əhvalatını kənddə bilməyən yox idi, mən də hər Qədiri oyadanda Qəmər xalanın vəziyyətinə düşməmək üçün diqqətli olurdum..

 Doğurdanda,  Qədiri yuxudan oyatmaq çətin idi... Deyim ki, Qədir indiki uşaqlar kimi gecə saat ikiyə qədər telefonla zadla oynayıb gec yuxuya getdiyinə görə dura bilmirdi, yox, o vaxtlar telefon zad yox idi... Qədir yorğunluqdan oyana bilmirdi..

Səhər günəşin al şəfəqləri kəndimizin üstündə görünəndən ta ki günəşin  qırmızı qazan boyda olub dağların arxasında itdiyi vaxta qədər qoynun dalınca olardıq. Bu, fərqinə varmasaq da  Qədiri də, elə məni də yorurdu. Kərəm xəndəyi, Dal çəm, Qazança,  Fındıq bağı, Vəlvələçayın çəmləri, Keçəllər yoncası , Yuxarı məhlənin selablığı gəzmədiyimiz yer qalmırdı. On üç-on dörd yaşda uşaqlar üçün heç bir şey etmədən o yerləri gəzmək özü belə yorğunluq demək idi.. Biz bu yorğunluğu ancaq səhər yuxudan duranda hiss edirdik...Amma içimdə qoyunlara, çobanlığa elə bir həvəs var idi ki, atamın qoyun alması üçün ona aylarla yalvarmışdım. Əvvəllər bizim qoyunlarımız vardı. Balaca olduğum üçün atam onları kəndimizdə qoyunu çox olan Əlisafa dayının sürüsünə qatmışdı... Bilmirəm necə olmuşdusa, atamla Əlisafa dayının arası dəymiş, atam qoyunlarımızı onun sürüsündən ayırıb gətirmişdi... O vaxtlar dərsdən gələndən sonra həmin qoyunları qabağıma qatıb Fındıq bağına aparmışdım ki otarım. Fındıq bağı dediyim fıdıq ağaclarının bol olduğu yer deyildi. Deyilənə görə bir vaxtlar Sovet hökuməti burada doğurdan da fındıq bağı salmış, sonradan baxımsızlıqdan bu bağın yarısı dönüb olmuşdu qamışlıq, yarı selablıq, yarısı da elə-belə düz yer.  Evimizdən təxminən beş yüz metr aralı olan bu fındıq bağı dediyim yer kəndimizə gələn yolun sağında təxminən iyirmi-otuz hektar yeri əhatə edən səhə idi.  Bu iyirmi-otuz hektar yerin tən ortasından Vəlvələçaydan kəndimizə gələn, kəndin yarısının bağ-baxçasını suladığı arx keçirdi...Arxın yuxarısında bənd vardı. Bu bənd Vəlvələçaydan kəndə gələn suyun Xanlıqobanın qayaüstü torpaqlarına-Yanan yerə, Afurcaya ayrıldığı yer idi.. Bənddən bir az kəndə tərəf, Fərhadın yerindəki söyüd ağaclarının günçıxan tərəfinə qoyunları yayıb kürəyimi vermişdim kolların arasına. Qoyunlar da dinməzcə otlayırdılar. Necə olmuşdusa mürgüləmişdim. Birdən eşitdim ki, kimsə dodağının altında mızıldayır. Gözümü açıb gördüm ki, atamın bibisi oğlu Əlibala dayıdır. Əlibala dayı yaxşı adam idi, atamı da bizi də çox sevərdi, di gəl ki mız-mızı idi. O gün də mızıldadı. Mızıldadı ki, -ay bala bu soyuqda nə vacib olub burda yatırsan, al qoyunlarıvu da yer get evə, verəcəksən özüvü soyuğa, böyrəyin başın çürüyəcək.  Əlibala dayı haqlı idi. Beşinci sinifdə oxuyurdum, əynimdə qalın kürk, ayağımda anamın üst-üstə geyindirdiyi corablar olsa da, yanvarın soyuğu adamın iliyinə işləyirdi. Qoyunlarımı da alıb dabanəllialtı gəldim evə. Onsuz da darıxıdırıcı idi.. Heç kim yox idi yanımda. Yenə Əlsafa dayının oğlu Azər, ya da sinif yoldaşım Vasif olsaydı başım qarışardı, maqraqlı olardı, heç kim yox, hava soyuq, Əlibala dayı  da bir yandan. Nəysə ki gəldim evə. Qoyunları deyəsən anam yerbəyer elədi həmin gün. Səhər açıldı, atam, anam, bacım bir də mən atamın maşını ilə rayon mərkəzinə-Xaçmaza gedirdik. Elə kənd qəbristanlığının yanındakı ana yola çıxmışdıq ki, gördük Əlibala dayı üzü Çarxıya -kənd sovetliyinə-tərəf yeyin-yeyin gedir. Deyəsən, o da Xaçmaza gedirdi. Atam maşını saxladı. Əlibala dayı qabaqda əyləşdi. O maşına minən kimi  ürəyimdə dedim ki, vay səni bu, indicə dünən qoyunun qırağında yatmağımı atama deyəcək. Bitdi. Əgər Əlibala dayı qoynun qırağında yatmağımı atama desə, atam da qoyunlarımı yığıb satacaq, çünkü atam mənə-bax, çöldə qoynun qırağında yatsan, hamısını yığıb satacam, lazım deyil mənə qoyun zad-demişdi.  Atam haqlı idi, bir valideyin kimi bilirdi ki, çöldə yatan bir uşağı, yayda ilan sancar, qışda soyuq olar, uşağa heç zad olmasa da qoyunlar kiminsə yerinə girər, qurda-quşa yem olar. Tam olaraq bilmirəm ki, atam qoyunlardan narahat idi, ya məndən. Axır bilirdim ki, atam yatmağımı bilsə, qoyunlarım getdi. Mən qoyunlarıma çox öyrəşmişdim. Hələ onların içində biri var idi. Əbrəş qoyun. Elə gözəl idi ki, uzun ətəyi, saçaqlı yunu, ağ və  tünd qırmızının qarışımı vardı başında.  Elə ürəyimə gələn də başıma gəldi. Əlibala dayı burnunda danışa-danışa dünən qoyunların yanında yatmağımı danışdı atama.

Atam həmin günün səhəri qoyunlarımızın hamısını yığıb satdı. Səhərdən axşama qədər zır-zır ağlamağıma da baxmadı.

Qoyunlarım satılandan sonra uzun müddət onların dalınca ağladım. Səbəbkar Əlibala dayını da elə o qədər bağışlamadım. Ona görə də mənimlə bir partada oturan qızı Mələkdən zəhləm gedirdi. Mələk çox ağıllı, sakit qız idi, qorxa-qorxa baxan iri ala gözləri, sarı saçları vardı. Qurumuş dodaqları bir-birinə yapışırdı, ona görə də ağzını marçıldada-marçıldada danışırdı. Mənimlə heç bir işi yox idi, amma hər dərs sancırdım onu. Əlibala dayının, qoyunlarımın heyfini ondan çıxırdım sanki...İllər keçəndən sonra Mələyi bacım qədər çox sevəcəyim  ağlımın ucundan da keçmirdi...

Üstündən təxminən iki il keçəndən sonra atama ağlaya-ağlaya qoyun aldırdım. O zaman Şamaxıdan qoyun sürüləri gəlirdi kəndimizə.  Onların arasında bir sürü sahibi vardı İranşah, kənd camaatı İranşahın xətrini çox istəyərdi. İranşah kəndimizdə ən çox Əlsafa dayı ilə oturub-dururdu. İranşahın sürüsündə beş mindən çox qoyun vardı. Özü də hamısı Qala cinsindən olan qoyunlar-qızılqulaq. Qala cinsindən olan qoyunlar çox gözəl olurdu. Ətlik cins olduqlarından kökələndə ətəkləri yerlə sürünürdü. Elə Əlsəfa dayının qoyunları da qızılqulaq idi. Atam da İranşahla dost olmuşdu. Necə oldusa, atamın ürəyi yumşaldı, İranşahdan  dörd dişi, bir erkək quzu aldı. Atamın İranşahdan damazlıq quzu aldığını görən Qədrin atası Eyub kişi bir dişi quzu da qardaşıma bağışladı, oldu qoyunlarımın sayı altı. Həmin ilin isti yayında onları bağımızda saxladıq, heç yerə aparmadıq, atam onların yunlarını da qırxmadı. Üzü qışa doğru həmin quzuları qabağıma qatıb Əlsafa dayının oğlu Azərlə otarmağa aparırdım. Kəndin içindən keçəndə bulaq başındakı qızlar mənə və qoyunlarıma gülürdülər. Çox utanırdım. Ən çox da qoyunlarımdan. Çünkü qoyunlarımı qotur basmış, yunları tökülmüş, arıqlıqdan ayaqları bir-birinə dolaşa-dolaşa gəzirdilər. Amma mən qoyunlarımı çox istəyirdim. Əlisafa dayının qoyunlarına qatıb onları sovxozun əkin sahələrində otarırdım. Bu iş təhlükəli idi. Ehtiyyatlı olmaq lazım idi. Çünki Sovxoz direktoru, kəndin biriqadiri bizi əkin yerində gördüyü an qoyunlarımızı əlimizdən alıb sovetliyin fermasına apara-dövlətə vurduğumuz ziyana görə müsadirə edə bilərdi. Bəzən olurdu, kənd camaatının pamazok Ağa müəllim  dediyi sovxoz direktoru heç gözləmədiyimiz anda xaki rəngli vilisi ilə peyda olur, bizi vilisin qabağına qatıb qovurdu, qaçsaydıq qaçırdıq, qaça bilməsək, söyülüb döyülürdük. Çox zaman atamın nüfuzundan istifadə edib canımızı qurtarırdıq. Bir iş də vardı ki, bu həyəcana dəyərdi. Qışın oğlan çağında Yanan yerin, Sarı pirin yanındakı yamyaşıl taxıl zəmiləri qoyunlarımızı günortaya qədər, altı, günortadan sonra isə beş dəfə doydururdu. O ilin yazında artıq qoyunlarım kökəlmiş, ətəkləri sallanmış, dələmə kimi olmuşdular. Daha onları aparanda utanmırdım, əksinə qürrələnirdim. O arıq, yunu tökülən, ayaqları dolaşa-dolaşa gəzən quzulardan əsər-əlamət qalmamışdı. Hələ erkək quzum olmuşdu yekə bir qoç. İki göz istəyirdi ki, tamaşa etsin. İki il sonra atam həmin o qoçu İranşahla iki şişəyə dəyişdi. Qoyunlarımın sayı artmışdı. Çox sevinirdim. Növbəti il qoyunları Əlsafa dayının sürüsündən ayırmışdıq. Yeni çoban dostum Qədir olmuşdu. Di gəl ki, Qədiri də yuxudan durğuzmaq olmurdu. Qəmər xala ilə birləşib Qədiri oyatdıq. Qoyunları qabağımıza qatıb gəldik Keçəllər yoncasına.

Avqustun ortaları idi. Saat 11-12 arası qoyunlarımız yavaş-yavaş bir yerə toplaşmağa başladı. Bu o demək idi ki, qoyun yatırdı. İstidə qoyunlar otlamaqdan çox başlarını birbirinin ayaqlarının arasına soxub kölgələnirdilər. Qədirlə qoyunları arxın qırağına yığmışdıq ki, uzaqda- Çarxı tərəfdə  Əlhadının(-Əlhadı Şamaxıdan gələn çobanlardan idi.) sürüsünü gördük. Bizi heyran edən Əlhadının üç mindən çox olan qoyun sürüsü deyildi, bizim gözlərimizi parladan sürüdən bir az aralıda quyruqlarını yellədə-yellədə otlayan eşşəklər idi... Aman allahım.. İçdən bir köks ötürüb uzaqdan quyruqlarını yellədən eşəklərə baxa-baxa udqunmağa başladıq. Qoyun zad yaddan çıxmışdı, hətta yüz metrliyimizdə axan Vəlvələçayın qıjıltısı belə bizi cəlb eləmirdi. Halbuki bu saatda Vəlvəlçayın Keçəllərin altındakı dərin gicolarında olardıq. Qayanın üstünə çıxıb başı aşağı suya tullanardıq. Güconun sürüşkən səkisində-buranın xanı mənəm-deyib xan-xan oynardıq. Bir də görərdik ki, gün əyilib, qoyun baş alıb Qədirgilin ötəsinə. Ötə dediyim pamidor sahəsi idi. Xanlıqobalılar hər il Çarxı sovetliyindən öhtəçilik götürür, ən az bir hektar yer alır, pomidor əkir, Sovetlərdən qalma Xaçmaz konserv zavoduna plan verir aldıqları qəpik-quruşla bir qışı keçirirdilər. Həmin il də Qədirgil ötəni Fındıq bağının başında, Vəlvələçayın sahilində götürmüşdü. Günün əyilən vaxtı Vəlvələ çayın lilli suyundan çıxıb, Qəmər xalanın əkdiyi pomidorlarından yeyə-yeyə qoyunun dalınca gedərdik.  Di gəl ki bu gün gördüyümüz o qara gözlü, uzun quyruğlu eşşəklər ağlımızı başımızdan almışdı, nə Vəlvələ, nə onun lilli suyu, nə də ki, sürüşkən səkiləri bizi cəlb etmirdi, qəmli-qəmli irəliyə eşşəklərə baxırdıq.

  Neyniyək ay Qədir? Qədir yazıq-yazıq üzümə baxdı.

 -Heç nə, gözləyək, eşşəklər bir az bizə tərəf gəlsin.

Qədir düz deyirdi. Eşşəklər sürüyə çox yaxın idi. Sürünün yanında da ən az altı qurdbasar çoban iti var idi. Əgər sürüyə yaxınlaşsaydıq, heç kim bizi o itlərin əlindən ala bilməzdi. Eşşək üçün risq eləməyə dəyərdi, di gəl ki can da şirin şeydi. Qədiri bilmirəm, amma mən şamaxılıların sürülərindəki qurdbasarların dadını görmüşdüm. Bir dəfə mal növbəsində olanda İranşahın yeddi qurdbasarı məni atımın üstündə dövrəyə alıb rəngi-ruhumu saraltmışdılar. Nə yaxşı ki, adı Dovşan, özü aslan kimi kükrəyən qara kəhərim məni o canavarların ağzından xilas eləmişdi. O qorxunu gözümün qabağına gətirib qara-qara düşünürdüm. Gəl ki eşşəklər də adama gəl-gəl deyirdi. Onlardan keçə bilmirdik. Gözümüzə görünən iki eşşək vardı.Biri qara idi, o bir az arxada idi, o biri isə boz eşşək idi, o boz eşşəyin boynunun arxa hissəsindən iki qara zolaq sağ və sol tərəfindən yanlara ayrılırdı... Boz eşşək bizə tərəf gəlirdi, bir az da yaxınlaşsa tuta bilərdik. 

-Qədir, ip.

-Ayə var

-Hardadı?

-Çardağda.

Çardağ bir az bizdən aralıda, ötənin yanında idi.

-Yaxşı, indi ordan ipi necə gətirək?

Eyyub yoxdu, bayaq evə getdi-deyə Qədir hər ikimizə təskinlik verdi. Amma ipi mütləq götürmək lazımdı, çünki ip olmasa, eşşək əlimizdən çıxa bilərdi. Bu qədər həyəcandan sonra eşşəksiz qalmaq olmazdı.

Bizim eşşək sevdamız elə-belə deyildi. Kəndimizdə bir adam da olsun eşşək saxlamırdı, bilmirəm niyə. Bir onu bilirəm ki, Xanlıqoba camaatı lovğa camaatdı, qururlarına sığışdırıb eşşəyə minən deyildilər. Elə atamın da eşşəydən zəhləsi gedirdi..

O zamanlar –ay ata, niyə eşşəkdən xoşun gəlmir- deyə bir dəfə soruşmuşdum atamdan. Cavabı da bu olmuşdu:

-İt rədd ol gözümün qabağından.

Atamın qəzəblə bu sözü deyəndən sonra gülümsədiyi də yadımdadır.

 Atamın qəzəbli baxışlarının ardından gülümsəməsi məni təccübləndirmişdi, bir yandan da fikirləşirdim ki,  atam yəqin eşşəklə bağlı hansısa hadisəni yadına salıb gülümsəyir. Çünki kəndimizdə eşşək olmasa da, eşşəklə bağlı çoxlu gülməli əhvalatlar danışırdılar. Biri elə Vəlvələçayın nərildiyə-nərildiyə qopub gəldiyi  dağ kəndlərindən birində yaşayan qohumumuz Bəhruzun başına gələn əhvalat olsun. Danışırlar ki, bir gün Bəhruz eşşəyinin belinə minib gedir meşədən odun gətirməyə. Meşəyə çatanda Bəhruz iri bir palıd ağacını kəsib bağlayır eşşəyin quyruğuna, amma necə bağlayırsa, bağladığı ip dolanır Bəhruzun ayağına, birdən eşşək hürkür, ayağına dolanan ip dartılır, Bəhruz dal üstə dəyir yerə,eşşək başlayır  onu yerdə sürüməyə.

Bəhruzun eşşəklə  meşəyə getdiyindən duyuq düşən Alik müəllim-Bəhruzun atasıdır, qardaşı oğluna deyir:

- Ay bala, bu iki eşşək qoşulub bir-birinə getdilər meşəyə, sən allah get gör, hansı salamatdı, ikisindən biri ölməsə yaxşıdır.

Allahdan olan kimi Bəhruzun əmisi oğlu da o anda yetişir ki, eşşək meşənin ortası ilə, üzü Vəlvələyə doğru Bəhruzu yerdə sürüyür. O da tez eşşəyin qabağını kəsib al qanın içində olan Bəhruzu birtəhər eşşəyin əlindən xilas edir. Bəhruz ayağa durandan sonra əlindəki ağacla var qüvvəsi ilə eşşəyin burnundan vurur, eşşək ölur.  Alik müəllimin narahatatçılığı əbəs deyilmiş.

Amma dəqiq bilirdim ki, atamın eşşəkdən zəhləsinin getməsinin səbəbi Bəhruzun başına gələnlər deyildi..

 Olsa- olsa atamın eşşəkdən zəhləsinin getməsinin səbəbi sovetlikdəki köhnə kənd soveti Ağa müəllimin on birinci sinifdə oxuyanda eşşəklə bağlı olan əhvalatı olardı...

 Deyilənə görə,  Ağa hələ müəllim olmamışdan əvvəl, lap cahıllığında, qanının qaynayan vaxtında bütün günü kolda-kosda dişi eşşəklə gəzərmiş. Yanına da kitab dəftərini alıb eşşəklə bərbər kəndin ətrafındakı kiçik meşədə dolanarmış. Kənd cavanları da ərinməyib düşüblər Ağanın dalınca. Ağanı eşşəklə kolun dalında yaxalayanda Ağa da özünü itirdiyindən bilməyib nə etsin,  tutub eşşəyin quyruğundan sürtüb üzünə deyib ki:

- Gör nə yumşaqdır, yaxşı pamazok çıxar. O gün bu gün Ağanın nə işlər çevirdiyini görən tay-tuşları onu pomazok Ağa deyə çağırırlarmış.

Ağa da elə belə Ağa deyilmiş,  könül işləri ilə bərabər, dərslərinə də diqqət edirmiş, hazırlaşıb universitin fizika fakültəsinə qəbul olub, ali təhsil alandan sonra kəndə dönmüş, oxuduğu məktəbdə müəllim işləmişdi. Ancaq deyilənə görə, müəllim kimi öz doğma məktəblərində ilk dərs günündə kənd uşaqlarından biri çaşıb ona pamazok müəllim demiş, ardından da Ağa əsəbləşib həmin uşağı sinifdən qovubmuş. O gündən sonra Ağa müəllim olubmuş pamazok müəllim. Sonralar Ağa müəllim sovxoz direktoru olanda da fəhlələr gizli-aşikar ona pamazok deyib gəzərlərmiş.

Qədirlə çardağdakı uzun ipi götürməyimizdən təxminən bir saat keçmişdi. Əslində əlimizdəki adi ip deyildi. Qədirin kürən atının hörüyü idi. Eyyub kişi o hörüyü uzun olduğu üçün çardağda saxlayırdı. Biz hörüyü götürüb, mıxını açdıq. Uzun dəmir parçası nəyimizə lazım idi, bizə ip lazım idi ki, eşşəyi ipin dövrəsinə salıb tutaq. Çardaqdan aralanıb qoyunlarımız yatan yerə-arxın qırağına gəldik, bir az irəlidə böyürtkən kollarının arxasına keçdik. Kolların əlimizi, ayağımızı cırmağı vecimizə deyildi. Ayağımıza nazik yay şəpitini deşib batan tikanlar da bizi narahat etmirdi. Bütün diqqətimiz otlaya-otlaya pamazoka oxşayan quyruğunu yellədib bizə əvvəlkindən xeyli dərəcədə yaxınlaşmış boz eşşəkdə idi.. Alik müəllim demişkən qarşımızdakı iki eşşəklə birləşib dörd olmuşduq.... Daha səbrimiz qalmamışdı, qurdbasarların vahiməli səsi də uzqlaşmışdı...Kolların dibi ilə əyilə-əyilə yaxınlaşdıq qaraya baxmış bizə yaxın olan erkək boz eşşəyə. Heyvan başını qaldıranda artıq gec idi.. tutmuşduq onu. Qara eşşək hay-küyü eşidib qaçdı. Qoy qaçsın, biri bəsimiz idi.. İkimiz birdən minib üz qoyduq kəndə tərəf. Nə Əlhadının çobanları, nə də onların qurdbasar itləri duyuq düşdü. Bilirdik ki,  eşşək ən az iki gün bizdə qalacaq, onlar xəbər tutana qədər, yüz dəfə Vəlvələyə, iki yüz dəfə də qoyunun yanına gedib-gələcəyik. Ən sevimli əyləncəmizə qovuşmuşduq.

Heç bilmədik axşam nə vaxt oldu, başqa vaxt batmayan günəş, bir andaca dağların arxasında yox oldu. Başımız elə qarışmışdı ki... Amma bir iş vardı, eşşək kimdə qalacaqdı, məndə, yoxsa Qədirdə? Uzun çək çevirdən sonra belə qərara gəldik ki, eşşək məndə qalsın, çünkü Qədirgilin tövlələri evlərinin qabağında idi. Eşşəyi də tövləyə salmaq lazım idi, çünki gecə canavar gəlib onu yeyə bilərdi. Əgər eşşəyi Qədir aparsaydı,  evlərinin qabağındakı tövləyə salanda Eyyub kişi onu görüb gecə ilə Əlhadıya göndərtəcəkdi. Səhər nə minəcəkdik bəs?! Bizim tövləmiz evimizin arxasında idi, atam görmədən onu tövləyə sala bilərdim. Razılaşdıq. Qoyunu lap qaş qaralanda gətirdik evə. Atam heç evdə yox idi. Arxayınlıqla eşşəyi tövləyə salıb qabağına da ot qoydum, qapını da bağlamadım ki, heyvan istdən boğulmasın. Yayda tövlələr od verir istidən.

Qoyunları saldım parağa, əl ayağımı yuyub, yeməyimi yeyib gedib başımı qoyub yatdım.

Gecənin bir yarısı idi, bəlkə də səhərə yaxın idi, yuxuda atamın bağırtısını eşitdim.Əvvəl elə bildim, yuxu görürəm, başım döşəməyə dəyəndə gözümü açdım, gördüm yoxee yuxu deyil. Atam başımın üstündədi. Maykamdan tutub qışqıra-qışqıra məni tövləyə tərəf sürüyür. Bir onu başa düşdüm ki, atam məni axşam ondan gizlin tövləyə saldığım gözəlim eşşəyin yanına sürüyür. Eşşəyin yanına çatanda tam oyanmışdım.

-Hə, yat indi eşşəynən-köpək oğlu deyib-atam getdi.

Bir anlıq nə baş verdiyini düşünməyə başladım. Xoruzların sonuncu banı mənə əslində nə baş verdiyini xatırlatdı. Sən demə bu gözəlim eşşəyin səhərə yaxın anqırmaq kimi huyu varmış. Bu nəcib heyvan səhərə yaxın adəti üzrə bir neçə dəfə ağzını açıb yumub, atam da yuxuda onun səsini eşidib, əvvəl öz-özünə düşünüb ki, yəqin yuxudur görür, sonra görüb yox, səs lap yaxından, evin arxasındakı tövlədən gəlir. Tənbəllik etməyib əynini geyinib gəlib baxıb tövləyə. Görüb ki, bir cüt göz parıldayır. Sonrasında olub bitəni başa düşüb-eşşəyin əsl sahibini-məni yerimdən usdufca oyadıb ki, di get yat taytuşunla. Daha nə yatmaq səhər açıldı. Günəş görünməsə də hər yer aydınlıq oldu. Səssizcə evə girib paltarlarımı geyindim, qoyunlarımı parağdan açıb qatıb qabağıma eşşəyimi də minib üz qoydum Qədirgil tərəfə. Qədirgilə çatanda gördüm ki, Qədir doqqazın ağzında məni gözləyir. Bu gün Qəmər xalanın saatlarla çağırıb oyada bilmədiyi Qədiri eşşəyin gəlişi Qəmər xaladan qabaq oyatmışdı...

İkimizdə eşşəyin belinə minib qoyunlarımızla Vəlvələçayın sahilinə doğru gedirdik, arxada oturduğum üçün tez-tez dönüb eşşəyin pamazoka oxşayan quyruğundan tutur, həm atamı, həm də atamın eşşəkdən zəhləsi getməsinə səbəb olan Ağa müəllimi xatırlayırdım, elə hey fikirləşirdim ki, görəsən Ağa müəllim  eşşəklə tək başına meşədə nə edirmiş,  Ağa müəllim niyə eşşəyin quyruğunun ucunu üzünə sürtüb, buna baxee, əcəb pamazok olar deyibmiş...?

Biz Keçəllər yoncasına çatanda günəş üfüqdən qırmızı kürə kimi boylanırdı.  Qədirlə ilk işimiz  eşşəyin boynuna doladığımız uzun ipi açıb onu tutduğumuz yerə buraxmaq oldu....

Bəhram Cəfəroğlu

Filologiya üzrə fəlsəfə doktoru


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!