“Papa”ya salam deyərsən! –Seymur Talıbov müəllimlərin sevimlisi olub 

“Papa”ya salam deyərsən! –Seymur Talıbov müəllimlərin sevimlisi olub 

Siyasət

26 Yanvar 2023 17:48 17386


Vasif Talıbov cavan olanda onunla bağlı çoxlu lətifələr dolaşırdı. Bu lətifələrin hamısında onun savadsız, geridəqalmış adam olduğuna işarə vurulurdu. Lətifə deməyimə baxmayın, çoxu baş vermiş hadisə idi. Yan-yörəsində olanlar danışırdı ki, Talıbov bəzən hazır mətnləri üzündən oxumağa çətinlik çəkib. 

Bu hadisələrdən ən məşhuru XXI əsr söhbətidir. "Xan" adamla ağzına kimi dolu olan salonda XXI-ci əsrə "iks", "iks" əsr deyib. Amma qorxusundan heç kim gülməyib. 

Yaddaşımı qurdalasam, bu cür söhbətlərdən çox xatırlayaram. Dənizin suyunun duzlu olduğunu bilmək üçün bir qurtum bəs etməzmi? Edər! Vasif Talıbov oxumağa meylli adam olsaydı, Ali Məclis sədri olandan sonra BDU-nu bitirməzdi. O da camaat kimi 17-20 yaşında, lap 25 yaşında BDU-ya qəbul olardı. Başa düşürəm, oxumaq heç vaxt gec deyil. Heç 37 yaşda diplom sahibi olmaq da ayıb deyil. Ayıb olan ölkənin ən qədim universitetindən diplom alıb üzünə oxuya bilməməkdir...

Sonradan bu söhbətlər yığışdırıldı. Görən özünü korluğa, eşidən özünü karlığa vurdu. Talıbov bütün ağızlara qıfıl vurdu. Hətta toyuğa dəvəquşu deyəndə də hamı bir ağızdan təsdiq etdi. Elə o vaxtdan da folklorumuz bu sahədə axsamağa başladı. 

Tarixçi-alim Zaur Əliyev Talıbovlarla bağlı maraqlı bir faktın üstünü açıb. Məlum olub ki, oğul Talıbov “supermenidir”. Sən demə, o, 1 ildə həm dissetrasiya, həm də 14 məqalə yazıb. Üstəlik, bu məqalələrin çoxunu xaricdə nüfuzlu jurnallarda çap etdirib. Hansı ki, həmin jurnallarda məqalə çap etmək üçün azı 6 ay gözləmək lazım gəlir. 

Zaur Əliyev yazır: "Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov "yazıb". 

Bu, 15 yaşında BDU-nun beynəlxalq hüquq fakültəsinə qəbul olan Seymur Talıbovdur. Bu, dekanın, prorektorun, hətta rektorun salamlarını "papa"ya çatdıran oğuldur. 

Əslində, nə baş verməliydi? Dünyada heç bir alimin bacarmadığı rekorda imza atdığı üçün Seymur Talıbova Nobel mükafatı verilməliydi. Elmdə baş verən bu "inqilab" dünya alimlərinin, elmi-tədqiqat institutlarının, universitetlərin diqqətindən kənarda qalmamalıydı. Onlar gənc Seymuru mühazirə demək üçün öz universitetlərinə dəvət etməliydilər. O vaxt dünyanın ən nüfuzlu 200 universitetinin siyahısına başçılıq edən Amerikanın Kaliforniya Universiteti, ikinci, üçüncü sıraları bölüşən Harvard, Oksford universitetləri əməkdaşlıq üçün ona minnətçi düşməli, öz elçilərini Naxçıvana göndərməliydilər. Amma nədənsə, 15 yaşında universitetə qəbul olan, 1 ildə 14 elmi məqalə yazan, bütün mərhələləri keçib müdafiə edən bu şanlı eloğlumuzu Sədərəkdən o tərəfdə heç kim tanımır. Hətta evlərin hələ də mal təzəyi ilə qızdırıldığı İğdırda fəaliyyət göstərən İğdır Universiteti də Seymur Talıbova əməkdaşlıq təklif etməyib. 

Görünür, üzünə oxuya bilməyən atanın ərköyün oğlunun 1 ildə dissertasiya yazmağına, nüfuzlu elmi jurnallarda 14 məqalə çap etdirməyinə bizim kimi onlar da inanmır...

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!