“Moskvada keçirilən görüş Avrasiya İqtisadi İttifaqı Şurası liderlərinin Zirvə Toplantısı idi. Deməli, bu, işgüzar səfər idi və səfər çərçivəsində Rusiya-Azərbaycan-Ermənistan liderləri arasında görüşün keçirilməsi gözlənilirdi ki, bu da baş tutdu”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, Moskva görüşündə hər hansı bir sənədin imzalanmamasından, habelə ərazi bütövlüyü ilə bağlı tərəflərin yekun sənədi qəbul etməməsindən söz açıb.
Analitik xatırladıb ki, Azərbaycan Prezidenti görüşə qonaq qismində dəvət edilmişdi:
“Üçlü görüşdən sonra bəyanatın yayımlanması gözlənilirdi, lakin bununla bağlı bir məlumat olmadı. Ola bilsin ki, bu gün yayarlar ki, 3 lider görüşdü və hansısa məsələləri müzakirə etdi. Amma dövlətlərin ərazi bütövlüyü və sülh müqaviləsinə gedən yolla bağlı hər hansı bir bəyanatın imzalanması və s. məsələlər hələ ki gündəmdə deyil.
Tərəflərin bir-birinin ərazi bütövlüyünü dildə tanıyıb sənədə salmaması iddiaları ilə razı deyiləm. Çünki ötən ilin oktyabr ayında Praqada keçirilən görüşdə imzalanmış sənəddə bu, öz əksini tapıb. Burada həm Almatı, həm də BMT prinsipləri mövcuddur. Əslində, Ermənistanda Baş nazir Paşinyanın dediyi də odur ki, rəsmi İrəvan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Hazırda bəzi detallar var ki, onlar müzakirə olunacaq. Bunlar hələ tam razılaşdırılmayıb. Çünki Paşinyan ağlı yerində olan adam deyil və hər dəfə fərqli-fərqli fikirlər irəli sürür. Bu da o deməkdir ki, istənilən vaxt fikrindən dönə bilir. Bu iclasda da gördük ki, Paşinyan sağlam düşüncəyə malik olan bir insan deyil”.
S.Hümbətov əlavə edib: “Razılaşmaların icrası üçün də tam detallar müəyyən olmalı və müqavilə imzalanmalıdır. Yaxın günlərdə tərəflər arasında yeni görüşlər keçiriləcək. Bundan sonra müqavilə imzalana bilər.
Hesab edirəm ki, Paşinyan Qərbdən aldığı təlimatlar əsasında prosesi pozmağa çalışır. Çünki o istəmir ki, Rusiyanın moderatorluğu ilə nə isə qəbul olunsun. Əksinə, Baş nazir istəyir ki, Avropanın moderatorluğu ilə proses getsin. Ona görə də ola bilsin ki, bu məsələyə dair Moskvada hər hansı bir bəyannamə qəbul edilməyib”.
“Erməni cəmiyyətinin buna reaksiyasına gəldikdə isə Paşinyan hakimiyyəti artıq ictimaiyyəti bu məsələyə öyrəşdirib. Cəmiyyət reallığı qəbul etməyə başlayır. Əvvəl ermənilər daha aqressiv idilərsə, indi bir qismi deyir ki, sülh müqaviləsi imzalayaq və s. Son nəticədə Paşinyan hökuməti bunu ölkə daxilində qəbul etdirməyə çalışır. Ona görə də məsələlər uzanır. Eyni zamanda Paşinyan siyasi qüvvələri də bu məsələdə səfərbər edib.
Biz Ermənistanın içərisində baş verənləri dəqiq bilə bilməsək də, hadisələrin gedişindən məlum olur ki, Paşinyan bunu cəmiyyətə qəbul etdirməkdən ötrü əlindən gələni edir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız