“Pensiyaların 15 faizə qədər artırılması nəzərdə tutulur”

“Pensiyaların 15 faizə qədər artırılması nəzərdə tutulur”

Sosial

24 Noyabr 2022 09:43 1349


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyevin “Yeni Sabah”a müsahibəsi:

- Milli Məclisdə gələn ildən pensiya və digər sosial ödənişlərin artırılması ilə bağlı müzakirələr aparılır. Necə düşünürsünüz, qanunvericilikdə olan bu dəyişikliklər əhalinin sosial vəziyyətində də hiss olunacaqmı?

- Əlbəttə ki, baş tutan bu dəyişikliklər əhalinin sosial vəziyyətinə də müəyyən təsirin göstərəcək. Elə buna görə də bu dəyişiklik gedir. Gələn il, pensiyaların məbləğinin 15 faizə qədər artırılması nəzərdə tutulur. Bu isə pensiya alan şəxslərin aylıq məbləğinin təxminən 55 manata qədər artması deməkdir. 

Lakin, bəziləri bu məbləğdən yüksəkdə ola bilər. Onu da deyim ki, inflyasiyanın gələn il 6,7 faizə qədər endirilməsi nəzərdə tutulur. Son 2-3 ildə dünyada baş tutan bahalaşma ölkəyə çox ciddi sosial-iqtisadi problemlər gətirdi. 

Hesab edirəm ki, baş tutan bu böhran yavaş-yavaş yumşalmağa doğru gedir. Gələn ildən bizim hökumətin verdiyi proqnoza əsasən, inflyasiya təxminən 2 dəfə azalacaq. Bu il inflyasiya təxminən 13 faiz nəzərdə tutulurdu. Bu il isə 6,7 faiz olacaq. Bu xeyli yaxşı bir rəqəmdir. Bununla paralel olaraq pensiya artımı əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq.

- Qanunlarda nəzərdə tutulan sosial ödənişlərin məbləği hazırkı bazar qiymətləri ilə nə qədər uyğundur? Uyğun deyilsə, hansı addımlar atılmalıdır?

- Bazar qiyməti ilə onun uyğunluğu ehtiyac meyarı və yaşayış minimumu daxil olmaqla təbii ki, nəzərdə tutulur. Yaşayış minimumu bu il 210 manatdan 264 manata qaldırılır. Ehtiyac meyarında da öz növbəsində 200 manatdan 246 manata qədər artım müşahidə edilir. 

Bunlar hamısı vətəndaşların həm pensiyalarının, həm də maaşlarının artımında nəzərə alınır. İnflyasiya elə bir prosesdir ki, bizim daxil siyasətimizlə bağlı deyil. Əsasən, idxalla bağlı məsələdir. 

Azərbaycanda demək olar ki, ərzaq məhsullarının və digər məhsulların 70 faizi xaricdən idxal olunur. Buna görə də, biz daha uzunmüddətli layihələr üzərində düşünməliyik. Hökumətində bu sahədə bir sıra fikirləri var: daxili istehsalı genişləndirmək, ərzaq bolluğu yaratmaq, xaricdən asılı olmamaq və s.

- Qanunvericilikdə sosial ödənişlərlə bağlı nəzərdə tutulanların icrası sizcə tam həyata keçirilirmi? Bəzən bu haqda şikayətlər olur...

- Tam həyata keçirilir. Amma keyfiyyət məsələsini deyə bilmərəm. Sosial ödəniş həyat keçirilməsə vətəndaş pensiyasını, əmək haqqını, müavinəti almaqdan məhrum olar. Amma bunların nə qədər keyfiyyətli həyata keçirilməsi, vətəndaş aldığı miqdarın həcmindən razıdırmı? Bunlar daim müzakirə meyarında olub.

- Adətən pensiyalarla bərabər ərzaqların da qiyməti qalxır. Bunu necə tənzimləmək olar? Bu haqda dövlət qurumlarında, Milli Məclisdə hər hansı təklif varmı?

- Bunu tənzimləmək hazırda olduqca çətindir. Dünyada da bu proseslər gedir. Bizdə inflyasiya demək olar o qədər də dəhşətli dərəcədə deyil. Nəzərə alsaq ki, ərzaq inflyasiyası qardaş Türkiyədə 80 faizə, biz də isə 17-18 faizə gəlib çatıb. 

Burda çoxistiqamətli işlər görülməlidir. Böhran Azərbaycanın yox, bütün dünyanın problemidir. Biz bu problemi həll etmək yolunda çox ciddi tədbirlər görürük. COVID-19, Rusiya-Ukrayna müharibəsi demək olar ki, hər kəsin nizamını dəyişdi. Buna baxmayaraq, hökumətimiz çox önəmli tədbirlər həyata keçirməkdə davam edir.

- Azərbaycan sosial təminat məsələsində daha hansı yeniliklər etməlidir? Hansı ölkənin təcrübəsindən istifadə etmək həm dövlətə, həm də əhalinin aztəminatlı təbəqəsinə daha böyük fayda verər?

- Mən hesab edirəm ki, dünyada artıq Azərbaycanın təcrübəsindən istifadə edilir. Bu da olduqca sevindirici haldır. Dünyanın 14 dövləti, o cümlədən, Biznes-Avropa ittifaqının üzvü olan dövlətlər Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun təcrübəsini gəlib öyrənir və tətbiq edirlər. 

Həm pensiya təminatında elektron sistemə keçmək, həm də asan sosial xidmət modelinin dost xidməti variantını dünyaya biz təqdim etmişik. Bu bizim uğurlarımızdır. 

Əsas məsələ, vətəndaşa vaxtında xidmət və göstərilən xidmətin doğruluğu olduqca vacib amildir. Cənab Prezidentimizin tövsiyələri də başda olmaqla bunun tətbiqi bir çox demokratik əngəlləri, rüşvətxorluğu aradan qaldırdı. Hazırda elektron hökumət dövründə yaşayırıq. Mən hesab edirəm ki, Azərbaycanın bu məsələdə deyəcəyi sözlər çoxdur. 

Bizim 30 il müddətində bütün vaxtımız, enerjimiz Qarabağın işğaldan azad edilməsinə yönəlmişdi. Şükürlər olsun ki, doğma torpaqlarımız işğaldan azad edildi. İndiki vəzifəmiz də, həmin əraziləri abadlaşdırmaq, orada yeni həyatı canlandırmaq köçkünləri doğma yurdlarına köçürmək, sülh və əmin-amanlığı təmin etməkdən ibarətdir. Bunlar olduğu təqdirdə sosial problemlərdə öz həll yolunu tapacaq.

Həcər ƏMİRASLANLI

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!